• cümə axşamı, 18 aprel, 17:05
  • Baku Bakı 22°C

70 yaşlı gənc

30.01.20 10:18 4018
70 yaşlı gənc
Və ya cəsarətli, mövqeyini dəyişməyən, sabitqədəm, amma bir azca da səbirsiz Xeyrəddin Qoca

Bu məmləkətdə bir yazıçı var, yaradıcılığından qabaq özünün xarakteri, tələskənliyi, hövsələsizliyi, özünəməxsus danışıq tembri və bütün bunlarla yanaşı, satirik sözünün gücü ilə tanınır. Bu, əlbəttə ki, Xeyrəddin Qocadır. Xeyrəddin Qoca 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olub. "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar", "Gərək yazam...", "Hərənin öz payı" (iki hissəli satirik komediya), "Pyeslər", "Bu da belə həyatdır...", "Biz bizə bənzərik..." adlı kitabların müəllifidir. Yanvarın 29-da bu gözəl insanın, nasir və publisist Xeyrəddin Qocanın Beynəlxalq Muğam Mərkəzində anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirildi. Tədbir hələ başlamamış Xeyrəddin müəllim həmişəki narahatlığı ilə səhnənin önündə o yana-bu yana var-gəl edir, gələn qonaqları qarşılayır, söhbətləşirdi. Və nəhayət ki, tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı gecəni açıq elan etdi. Möhlət Müslümovun rəhbərlik etdiyi ansamblın ifasında gözəl bir musiqi nömrəsi dinlədik. Elə Gülhüseyn müəllim bir kəlmə danışan kimi, Xeyrəddin Qoca həmişəki tək, səbirsizlik edib nəyisə narazı-narazı yerindən bildirdi. Hamı gülüşdü. Bu, onun köhnə şakəridir. Aparıcı onu səhnəyə dəvət edib tələbəlik illərindən dost olduğunu və onun hər zaman belə səbirsiz olduğunu dilə gətirdi. İlk olaraq söz Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayevə verildi. Yazıçı onun keçdiyi ömür yolundan, yaradıcılığından, başına gələn maraqlı əhvalatlardan danışdı. Onun gözəl auralı insan olduğunu xüsusilə vurğuladı. Zalda bir xeyli xoş əhval-ruhiyyə yaradan bu çıxışın ardından, İctimai Televiziyanın çəkdiyi "Ömür belə keçir” filmindən bir parçanı izlədik. Parçada Xeyrəddin Qocanın uşaqlıq xatirələrini, habelə Fikrət Qocanın da yazıçı haqqında fikirlərini dinlədik. Ardınca xanəndə Vəliş Mirzəyevin ifasında gözəl bir mahnı sədaları hər kəsi heyran etdi. Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevin təbrik məktubu da səslənəndən sonra səhnəyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gəldi. Mübariz Qurbanlı bildirdi ki, Xeyrəddin Qoca sağlam insandır, ruhən sağlam insandır. Onun İstanbulda Azərbaycan Respublikasının baş konsulu vəzifəsində çalışdığı vaxtlarda başına gələn məzəli bir hadisəni danışdı: "Sürücü işıqforun qırmızı işığında saxlayanda, Xeyrəddin Qoca düşüb yoldan banan almağa. Sürücü də buna fikir vermədən yoluna davam edib. Bir də ayılıb ki, Xeyrəddin müəllim yoxdur”. Zal bu əhvalatı eşidib gülməkdən uğunub getmişdi ki, Gülhüseyn Kazımlı tələbəlik illərinə qayıtdı. Və Xeyrəddin Qocanın rayondan özü ilə gətirdiyi tarından danışdı: "Biz kənd uşaqları idik. Burda – Bakıda kəndimiz üçün, evimiz üçün, el-obamız üçün çox darıxırdıq. Xeyrəddinin tarda ifası sanki bizi özümüzə qaytarır, bizə təsəlli verirdi”. Elə tardan söz düşmüşkən, sözü Möhlət Müslümova verdilər. Möhlət müəllim də yubilyarı təbrik edərək Londonda başlarına gələn əhvalatı danışdı: "Londonda gözəl bir konsert verdik. Sonra bizi səfirliyə də konsert verməyə dəvət etdilər. Xeyrəddin Qoca da gəlmişdi. Bir az halsız idi. Soruşduq, dedi ki, burda ürəyimdən açıq əməliyyat keçirmişəm. Elə bu gün xəstəxanadan çıxmışam. Eşitdim konsertiniz var, özümü yetirdim. Bir də əlavə etdi ki, mənim üçün Segah ifa edərsiniz. Biz də onun Segahdan necə kövrəldiyini gözəl bilirdik. İntəhası "yox” da deyə bilməzdik. O qədər də narahat qaldıq ki, birdən Segahı dinləyər halı pis olar. İfaya başladıq, gözümüz da qalıb Xeyrəddin müəllimdə. Bir də baxdıq ki, üzü gülməyə başladı. Biz də sevindik. Tədbirdən sonra dedi ki, mən Segahı dinlədim, yaxşı oldum”.
Əməkdar artist Nuriyyə Hüseynovanın çıxışından sonra Milli Məclis sədrinin müavini Bahar Muradova səhnəyə gəldi və Xeyrəddin Qocanın yaradıcılığından, siyasi fəaliyyətindən, ümumiyyətlə, insan kimi xarakterindən söz açdı: "Sizə bayaqdan qara deyirlər. Xeyir, sizin ürəyiniz ağdır. Siz nə qarasız, nə də qocasız. Mənə elə gəlir ki, sənədləşdirmə işində bir səhv olub. Siz 70 yaşlı gənc bir oğlansız. Cəsarətli, öz mövqeyini heç nəyə satmayan, dəyişməyən, sabitqədəm bir insansız. Sizin kimi insanlar az-az dünyaya gəlir. Sizin satiranız bəzən gülüş doğrumasa da, düşündürür. Siz loğmansız!”
Əməkdar artist Zakir Əliyevin gözəl ifası Muğam Mərkəzini alqışlara bürüdü. Bundan sonra Dillər Universitetinin prorektoru Novruz Məmmədov da çıxış edərək Xeyrəddin Qocanı təbrik etdi, ona ürək sözlərini bildirdi.
Daha sonra söz dramaturgiyaya verildi. Gülhüseyn Kazımlı Xeyrəddin Qocanın ssenari müəllifi olduğu bir çox tamaşaların adını çəkdi, onlar haqqında qısa məlumat verdi. Yazıçı-satirikin ərsəyə gətirdiyi "Hərənin öz tayı” tamaşasından bir parça qonaqlara təqdim olundu. Ardında da xanəndə Rəvan Qaçayev gözəl ifası ilə ürəkləri fəth etdi. Tədbir çox isti, doğma bir ab-havada davam etdi. Və o qədər gözəl keçdi ki, heç kim bitməyini istəmirdi. Hamının üzündə gülüş, hamı xoş əhval-ruhiyyədə, hamı qeyri-adi bir ab-havada idi. Bircə, elə Xeyrəddin Qocanın özü yenə də narahat və özünəməxsus səbirsizlik içində idi. Biz də "Kaspi” qəzeti adından Xeyrəddin Qocanı təbrik edir, ona can sağlığı və əlbəttə ki, yeni yaradıcılıq uğurları arzulayırıq.

Xanım Aydın

banner

Oxşar Xəbərlər