• cümə axşamı, 28 mart, 17:37
  • Baku Bakı 16°C

“7 yaşımda dayım məni oğulluğa götürdü” – Keçmişdəki mən - FOTOLARLA

05.05.17 11:30 5972
“7 yaşımda dayım məni oğulluğa götürdü” – Keçmişdəki mən   - FOTOLARLA

Ədalətli və mərhəmətli adamın daxilində bir rahatlıq olduğunu düşünür. Deyir ki, xoşbəxtlik elə bu rahatlıqdadır. Onun fikrincə, çoxlu pullar xərcləyə, evlər ala, gündə bir maşın sürə bilərsən, amma daxilində daim çarpışma, paxıllıq, həsəd, daha çox istəmək və hökm etmək arzusu varsa, bu istəklərin nəticəsi olan daxili konflikt ruhunu yeyəcək, mənəviyyatını iflasa uğradacaq, xoşbəxtliyin əsil dadını bilməyəcəksən. "Mənimkinə dəymə, səninkini də istəyirəm” acgözlüyü xoşbəxtliyin düşmənidir. Aqillər demiş, verdiyin sənindir, saxladığın heç kimin.
Həmsöhbətimiz yazıçı, dramaturq, ssenarist və pedaqoq Azərbaycanın Əməkdar incəsənət xadimi Əli Əmirlinin uşaqlıq və gənclik illərinə birgə səyahət edək...

Yeddi yaşından ailəsindən ayrılır

1948-ci ildə Ağdamın özündən də qədim kəndlərindən olan Novruzluda babalarından qalma evdə dünyaya göz açıb. Beş uşağın ikincisi olub. Yeddi yaşına kimi uşaqlığı babası Məşədi Əli ilə qardaşı Kərbalayi Abbasın Qarqar daşından şərikli tikdirdiyi böyük ikimərtəbəli evdə keçib: "Təəssüf ki, sovet hökuməti o böyük evdən bizə cəmi bir otaq vermişdi. On nəfərdən ibarət külfətimiz bu otaqda yaşayırdı. Ev o qədər böyük idi ki, bir hissəsində kolxoz idarəsi, digər hissəsində kənd xəstəxanası yerləşirdi. Bizim ailəmizdən başqa bu evdə iki əmimin də külfəti yaşayırdı."
Yeddi yaşında Ağdam şəhərində yaşayan dayısı Məmməd Əmirov onu oğulluğa götürür. Baxmayaraq ki, ailələrinin rifah halı çox yaxşı idi. Üstəlik, dayısının Əlidən 15 yaş böyük bir doğma oğlu da var idi: "Sadəcə, dayım çox ərköyün adam idi. Yeddi qardaşdan tək o qalmışdı və aydın məsələdir ki, bacısı onun sözündən çıxmazdı. Beləliklə, yeddi yaşımda Novruzlu mühitindən çıxdım və həyatım köklü şəkildə dəyişdi. Təbii ki, nə qədər doğma olsa da, mən burada özümü bir qədər ögey hiss edirdim. Amma heç nə ilə nə dayıma, nə də valideynlərimə bunu hiss etdirmədim. Heç kəs mənim kəndimiz, ailəmiz üçün nə qədər darıxdığımı, xiffət elədiyimi bilmədi. Yeddi yaşımda məndə qəribə bir dözümlülük var idi. Görünür, həyat məsələlərini çox tez anlamağa başlamışdım. Dayımın ailəsinə düşməyim şübhəsiz ki, taleyimdə əhəmiyyətli rol oynadı. Sıravi kəndli ailəsindən çıxıb Ağdam kimi ədalı bir şəhərdə rayon miqyasında yüksək vəzifələrdə işləmiş dayımın ailəsindəki mühit mənə çox şey verdi, gələcək həyatımı, taleyimi müəyyən etdi. Dayım hərtərəfli istedadı olan xarizmatik şəxsiyyət idi. Çox maraqlı bioqrafiyası vardı. 1948-ci ildə Ağdamda dövlət teatrı bağlananadək həmin teatrda aktyorluq etmişdi. Teatrın ən sevilən, ən fəal aktyorlarından biri olmuşdu. Sonralar çox fərqli sahələrdə, həmişə də rəhbər vəzifələrdə çalışmışdı, amma fitrətən aktyor olduğunu nə özü unutmuşdu, nə tamaşaçıları. Onun bütün davranışında, hadisələrə münasibətində bir artistizm vardı. 1967-ci ildə Ağdamda yenidən dövlət teatrı yaradılanda direktor vəzifəsi atama həvalə edildi. Direktor işlədiyi vaxtda yenidən səhnəyə çıxdı və ən sevimli rolunu - "Vaqif"də Qacarı oynadı. Mən onu səhnədə bircə dəfə gördüm. Ağdam teatrı Şuşaya qastrola, mən isə ailəmlə istirahətə gəlmişdim. Bir neçə gündən sonra uzaqdan istirahət evinin həyətində gördüm onu. O, yüz adamın içindən dərhal seçilirdi boy-buxunu, geyim-kecimi, fərdiyyəti və özü demiş "salidni” görkəmi ilə. Məni axtarırdı. Görüşdük. Dedi, "Ə, axşam "Vaqif”i göstəririk, bəlkə gəlib baxasan!”. Ailəmlə tamaşaya getdim. Tamaşaçı həddindən artıq çox idi. İsti və tünlük. Bax, onda mən ata dediyim dayımı birinci və axırıncı dəfə səhnədə gördüm, özü də ən sevimli rolunda - Qacar rolunda. Yəqin mənim az qala əlli ildən sonra "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesini yazmağımın, ümumiyyətlə dramaturq olmağımın səbəbi ata dediyim dayımdan gəlir.
Çoxları məktəbi medalla bitirəcəyini düşünür
İlk iki ili kənddə oxuyur, 3-cü sinifdən isə Ağdam şəhərində bir saylı məktəbdə təhsilini davam etdirir. Beşinci sinfə qədər yaxşı oxumur: "Hətta mənə elə gəlirdi ki, oxumağa qabiliyyətim yoxdur. Amma altıncı sinifdə yaxşı oxuyan şagirdlər cərgəsindəydim. Bütün fənləri yaxşı oxumağa başladım və hiss etdim ki, məndə humanitar fənlərə, xüsusilə ədəbiyyata həvəs və qabiliyyət daha çoxdur. Rəvan danışmağı bacarırdım. Ədəbiyyatdan dərsimi o qədər hamar danışırdım ki, uşaqların çoxu məni əzbərçi bilirdilər. 11-ci sinifdə hətta çoxları düşünürdü ki, mən medal alacam. Amma medala layiq deyildim. Müəllimlər tərifləsələr də, dəqiq fənlərdən zəif olduğumu bilirdim”.

"Bu düstur olmasa, yaşamaq çox çətindir”


Evdə onun dərsləri ilə kiminsə maraqlanmağına gəlincə, müsahibimiz deyir ki, özü o qədər məsuliyyətli olub ki, buna ehtiyac qalmayıb: "Müəllim dərsi soruşanda əlimi qaldırmırdımsa, daha çox özümdən utanırdım”.
Heç kimə dəyib dolaşmağı sevməsə də, orta məktəbdə 3-4 dəfə dava etdiyi yadına gəlir: "Görünür, mənə münasibətdə ədalətsizliyə dözməmişəm. Çünki özüm heç vaxt davaya təşəbbüs göstərməmişəm. Ümumiyyətlə, konfliktdən uzaq adamam, heç mübarizəni də xoşlamıram. Sadəcə, mən hər şeyə hadisələri real qiymətləndirməklə, səbr və hövsələ hesabına nail oluram. Məni hansısa konfliktə çəkəndə təqsirimin nədə olduğunu təhlil edir və birinci özümdən başlayıram. Özümdə təqsir görürəmsə, öz-özümə bunun nədən ibarət olduğunu, elə etməsəydim, konfliktin olmayacağını düşünürəm. İndinin özündə də teatr və ədəbiyyat aləmində heç kəs deyə bilməz ki, Əli Əmirli kiminləsə konfliktdə olub, qalmaqalda iştirak edib, hansısa tənqidə və ya tənqidçiyə cavab göndərib. Çünki mən bu dünyada yaxşının olduğu kimi, pisin də olmasını təbii qəbul edirəm, hər şeyə real baxıram. Bəzən reallıqla barışmasam da, hesablaşıram. Belə olmasa, yaşamaq əzaba, ah-naləyə, zülmə çevrilər”.

Məhlə ona azarkeşlik edir

11-ci sinifdə oxuyanda ədəbiyyatla məşğul olacağını artıq bilirdi. Amma bir məsələdə yanılır: "Bilirdim ki, AZİ-də (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində - L.M.) avtomatika-telemexanika fakültəsi var. Xalam oğlu da orada təhsil alırdı. Digər tərəfdən də nənəm həmişə deyirdi ki, "Görürsən, xalan oğlu nətəər oxuyur?!”. Nənəmlə tez-tez konfliktimiz olurdu deyə, o da məndən belə qisas alırdı (gülür – L.M.). Beləliklə, AZİ-yə imtahan verib zəhləm gedən riyaziyyatdan kəsildim. Bundan sonra başa düşdüm ki, bura mənlik deyil, mən ədəbiyyat adamıyam, ürəyim haranı deyirsə, ora da getməliyəm”.
Ali məktəbə qəbul imtahanından kəsiləndə bütün məhlə ona azarkeşlik edir: "Mən "kəsiləndə” məhləmiz, türklər demiş, "xəyal qırıqlığı”na uğradı. Düşünürdülər ki, belə nümunəvi, tərbiyəli, yaxşı oxuyan, əlindən kitab düşməyən, böyüklə böyük, kiçiklə kiçik kimi davranan Əli instituta daxil ola bilməyibsə, deməli, haqq-ədalət yoxdur. Amma mən fərqli düşünürdüm, müəllimlərdə də günah axtarmırdım. Bilirdim ki, haqlı şəkildə kəsilmişəm”.

Fəhlənin teatr sevgisi

İki il ali məktəbə qəbul olmur və Bakıda qalıb zavodların birində fəhlə işləyir. Üçüncü il BDU-nun filologiya fakültəsinin axşam şöbəsinə daxil olur. Zavodda işlədiyinə görə axşam şöbəsini seçir. Deyir ki, Bakıya gələndən heç kəsin maddi yardımı olmadan özü-özünü saxlayır. Həm işləyib, həm təhsil almağına baxmayaraq, kitab oxumağa, teatra getməyə də vaxt tapır: "Səhər saat 6-da yuxudan durur, 7-də zavodda olurdum. Naharımı orada edir, axşam 5-ə 12 dəqiqə işləyəndə işdən çıxır, yataqxananın bufetində nəsə yeyirdim. Onu da deyim ki, əlimdən gəlsə də, yataqxanada qaldığım müddətdə bircə dəfə də yemək hazırlamadım. Naharımı zavodun ucuz fəhlə yeməkxanasında yeyirdim. Axşam saat 6-da avtobusa minib Bakı Dövlət Universitetinə (o vaxt BDU İçərişəhər meteostansiyasının yaxınlığında, indiki İqtisad Universitetinin binasında yerləşirdi – Ə.Ə.) gedirdim. Bununla belə, çoxlu mütaliə edir, bütün yeni filmləri kinoteatrlarda izləyir, teatr tamaşalarının hamısına gedirdim. Dörd il fəhlə işlədim. İkinci kursda oxuyanda mətbəədə korrektor kimi işə başladım, beləliklə də fəhləliklə xudahafizləşdim. Maraqlıdır ki, zavodda işlədiyim dövrdə heç vaxt özümü əsil fəhlə hesab eləməmişəm. Zavod mənim üçün müvəqqəti dolanışıq yeri idi. Qətiyyən fəhlə işinə yuxarıdan aşağı baxmırdım, sadəcə, bilirdim ki, bu iş mənlik deyil, necə deyərlər, hər ayağın öz ayaqqabısı var”.
İlk qonorar
İlk qonorarını hələ tələbə adı qazanmamışdan qabaq, zavodda işləyəndə alır. Zavodumuzun 2 min tirajla Azərbaycan və rus dillərində çıxan "Elektrik” adlı qəzeti var idi və beş min işçi arasında pulsuz paylanırdı. Burada ilk hekayələrim çap olundu. Öz iş yoldaşlarımdan oçerklər də yazırdım. Buna görə ayda mənə əlavə 10 manat qonorar verilirdi. Mənim üçün bu 10 manat, fəhləliklə qazandığım 80-90 manatdan daha şirin idi”.
Amma yazmağa orta məktəbdə oxuyandan təşəbbüs göstərir: "9-10-cu sinifdə oxuyanda "indiyski” ağlamalı hekayələr yazırdım. Sonralar daha keyfiyyətli hekayələr yazmağa başladım. "Qızıl Şərq” mətbəəsində korrektor işləyəndə redaksiyalara poçtla hekayələr göndərirdim, özüm getməyə cəsarət eləmirdim. Universitetdə üçüncü kursda oxuyanda "Azərbaycan” jurnalında ilk üç hekayəm çap olundu. Özü də o zamanlar bu jurnal çox vaxt adlı-sanlı yazıçıları çap edirdi. Bu həm prestij idi, həm də yaxşı qonorar. Xoşbəxtlikdən redaksiyaya verdiyim üç hekayə "Azərbaycan” jurnalında çalışan yazıçı Ənvər Yusifoğlunun əlinə düşdü. Birdən-birə üç hekayəm şəklimlə birgə 1971-ci ildə çap olundu. O zamanlar jurnal 75 min tirajla çap olunurdu, yaxşı da oxunurdu. Müəllimlər ilk dəfə auditoriyaya girib tələbələrin adını jurnaldan oxuyanda mənim imzamı görüb soruşurdular ki, o hekayələri sən yazmısan? Mən ləzzətlə "bəli” deyirdim, onlar da məni tərifləyirdilər. Qeyd edim ki, yazdığım hər yeni əsəri bu günə qədər ancaq "Azərbaycan” jurnalında çap etdirirəm”.

Tələbəlik sevgisi

Həmsöhbətimizlə universitet sevgisindən də danışdıq: "Ən böyük və davamlı məhəbbətim universitetdə oxuduğum vaxt oldu. Qəbulda tarixdən imtahan verərkən təsadüfən yanaşı düşmüşdük. O vaxtdan yadımda qaldı. Sonrakı imtahanlarda onu görmədim. Adını bilmədiyimdən siyahıda qəbul olub-olmadığından da xəbərim olmadı. İlk dərs gününün birinci saatında qızların içində onu görməyəndə qəbul olunmadığını düşündüm. İkinci saatda gəlib çıxdı. Onun diqqətini cəlb etmək, rəğbətini qazanmaq üçün çox çalışdım. Nəhayət, səbrim, hövsələm, inadkarlığım çoxsaylı maneələrə qalib gəldi. Axırıncı kursda evləndik. Üzümüzə gələn bu payız tanışlığımızın əlli, birgə həyatımızın qırx beş ili tamam olur.

Tələbələrinə övladları kimi baxır

Qeyd edək ki, Əli Əmirli 17 ildir, Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Onun sözlərinə görə, bu illər ərzində tələbələri ilə bir dəfə də olsun konflikti olmayıb: "Həmişə onlara öz övladlarım kimi baxıram. Ona görə də eyiblərinin üstünü vurmuram. Axı, öz övladının eyiblərini şişirtmirsən və heç vaxt özgəsinə danışmırsan. Tələbələrimə həmişə deyirəm ki, nə iş görmələrindən asılı olmayaraq, işlərinə ciddi və məsuliyyətli yanaşsınlar. Bu, mənsəb, iş, vəzifə, uğur qazanmaq yolunda ən vacib keyfiyyətlərdir. Mənəviyyat məsələsinə gələndə, ədalətli olan insanın heç kəsin haqqına girməyəcəyini, heç kəsin tikəsini əlindən almağa çalışmayacağını, alsa da ondan həqiqi zövq duymayacağını düşünürəm. Çox ədalətli bir yaşam prinsipi hakim olmalıdır dünyada: mənimkinə dəymə, səninkini istəmirəm. Çox təəssüf ki, real dünyamızda "mənimkinə dəymə, səninkini də istəyirəm” düsturu daha işləkdir. Ona görə də dünya konfliktlər, mübarizələr, dartışmalar və ən pisi müharibələr cəngindədir. Ədalət və mərhəmət hissi ən nəcib insani keyfiyyətlərdir. Yardım eləmək imkanına malik olan və bu fürsətdən istifadə etməyi bacaran insan xoşbəxtdir. Bu, həyatdan həzz almağın ən ali mərtəbəsidir. Maddi cəhətdən zəngin olub özünə, ailənə çoxlu pullar xərcləyə, evlər ala, gündə bir maşın sürə bilərsən, amma daxilində daim çarpışma, paxıllıq, həsəd, daha çox istəmək və hökm etmək arzusu varsa, bu istəklərin nəticəsi olan daxili konflikt ruhunu yeyəcək, mənəviyyatını iflasa uğradacaq, xoşbəxtliyin əsil dadını bilməyəcəksən, əlindəkilər daim sənə azlıq edəcək. Həqiqi xoşbəxtliyin, ali həzzin yolu mərhəmətdən keçir”.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər