7-ci sinifdən pul qazanan biznesmen - Biznes
Rəfat Mirzəyev: "Daha keyfiyyətli və ekoloji təmiz
məhsulları ölkəyə gətirməyi qarşıma məqsəd qoymuşam”
Onun
uğur sirri məqsəd və hədəflərinin olması, çalışqanlığı, təmkinli davranmağıdır.
Deyir ki, elə bir insan yoxdur ki, qarşısına məqsəd qoysun, bu istiqamətdə
çalışsın, səy göstərsin, amma
ona çatmasın. Ona görə, bu mümkün deyil. Məqsədinə çatmayıbsansa, deməli, ürəkdən
istəməyibsən və çalışmayıbsan.
Müsahibimiz181 yaşı olan, dünyada 64 ölkəsində fəaliyyət göstərən Fransanın SEMIN şirkətinin,
dünyanın 72 ölkəsində fəaliyyət göstərən "Vulli” şirkətinin Azərbaycandakı
nümayəndəsi, MIRZALI Group-un rəhbəri, "Joyful” uşaq bağçasının sahibi, memar, biznesmen Rəfat Mirzəyevdir.
Karyerasını
pillə-pillə qurub. 6-cı sinifdən artıq ictimai fəaliyyətlə məşğul olaraq, həmyaşıdlarından
seçilib. Deyir ki, elə uşaqlıqdan ailədən pul almaq ona qəribə gəlib: "Məktəbdə
oxuyarkən ictimai fəaliyyətə başladım. O vaxt məşhur "Şəkər villası” qəzeti
çıxırdı. Məktəblilərin ən çox oxuduğu qəzet idi. Qəzetdə müsabiqələr təşkil
edilirdi. Kim zəng edib cavab verirdisə, o qalib olurdu. Orada dəfələrlə qalib
olub, hədiyyələr qazanırdım. Yay tətili ərəfəsində isə qəzetin hazırlanma
prosesində iştirak edirdim, qonorar alırdım. 7-ci sinifdə oxuyarkən "Azərbaycan
Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin” uşaqları ilə birlikdə tədbirdə iştirak etdik və
həmin tədbirdə bu təşkilata marağım oyandı və onlara qoşuldum. Təşkilatı Azərbaycanın
ilk ombudsmanı Elmira Süleymanova yaratmışdı. Uşaqların mühiti, bir-birləri ilə
münasibəti, onlara keçirilən dərslər maraqlı oldu və məni cəlb etdi. Təşkilatın
nəzdində "Liderlik məktəbi” var idi, hansı ki o məktəbdə biz hər bazar
yığışaraq tanınmış şəxslərlə görüşürdük. İctimai fəallıq məktəb həyatında da öz
təsirini göstərdi. Ondan sonra UNICEF-lə sıx işləyirdim. UNICEF-in ölkədə
apardığı bir çox sosial layihələrdə iştirak etdik. O dövrdə çadır düşərgələri
var idi, orada məcburi köçkünlər yaşayırdı. Onlarla görüşür, uşaqlarla müxtəlif
mövzularda söhbətlər aparır, onların həyatını demək olar ki, yaşayırdıq.
Əlilliyi olan uşaqların yaşadığı və ya təhsil aldığı müəssisələrə gedərək,
onlara əllərimizlə yemək yedirirdik, asudə vaxtlarımızı birgə keçirirdik”.
- 6-cı sinifdən ictimai fəaliyyətlə məşğul olubsunuz.
7-ci sinifdə artıq layihələrdə iştirak edirdiniz. Ümumiyyətlə, uşaqlıqda
könüllü kimi işləmək sizə sonrakı həyatınızda nə verdi?
- Ziyalı ailədə böyümüşəm. Anam həm də məktəbdə müəlliməm idi. Biz təşkilata
qardaşımla birlikdə gedirdik və ailəmiz, düşüncələrimizin, həyatımızın, nitq qabiliyyətimizin
müsbət mənada dəyişdiyini gördükdə, əlbəttə, bizi dəstəkləyirdilər. İctimai həyat
mənə yaxın dostlar verdi, qısa zamanda tez qərar qəbul etməyi, özünü təsdiq etməyi,
liderlik bacarıqlarını öyrətdi. Hansı ki, bugünkü iş həyatımda o liderlik
bacarıqları köməyimə çatır. Daha sonra 2005-ci ildə Azərbaycan Memarlıq və
İnşaat Universitetinə, memarlıq fakültəsinə qəbul oldum.
- Memarlıqdan biznesə necə gəldiniz?
- Uşaqlıqdan memarlığa marağım var idi. 1-ci kursdan işləməyə
başladım. Az məvacib alsam da, həm pul qazanır, həm də təcrübə toplayırdım. Tələbə
idim, düşünürdüm ki, ali təhsil almaq yaşıma çatmışamsa, evdən pul almağım
düzgün deyil. Tələbəlik illərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin
Bakı şəhər üzrə idarəsində təcrübəçi kimi çalışmışam. Daha sonra cəbhə bölgəsində
hərbi xidmətimi başa vurduqdan sonra, "Körpü-Bina-Tikinti” MMC-də 3 il memar kimi işlədim. Sevdiyim sahə olsa da,
oturaq və saat rejimi olan iş məni yorurdu. Daha sonra başqa şirkətdə istehsalat
sahəsində idarəçi kimi çalışmağa başladım. Biznesi məhz orada öyrəndim. 1 ildən
sonra şirkətdən ayrıldım, fərdi şəkildə işləməyə başladım. Uşaqlıqdan həmyaşıdlarımdan
fərqli olaraq, hamının maraq göstərdiyi yox, özümə maraqlı gələn işlərə, həm də
pul qazanmağa meyilli olmuşam.
- Nə üçün özünüzü uşaqlıqdan pul qazanmağa kökləmişdiniz.
Səbəbi varmı?
- Uşaq
olanda kompüter, planşetlər yox idi. Özümə geyim almaq istəyirdim, deyirdim ki,
ata, mən bu şalvarı almaq istəyirəm. Şalvar 10 manatdırsa, atam mənə 5 manat
verirdi. Deyirdim axı 5 manatla almaq mümkün deyil. Cavab verirdi ki, sən də 5
manatlıq şalvar al. Əslində, o, məni pula alışdırmaq istəmirdi. Ondan sonra qəzetdən
qonorar aldıqda, düşünürdüm ki, atam 5 manat verəndə, 5 manat da mən üzərinə əlavə
edim, istədiyimi alım. Cəmiyyətlə ayaqlaşmaq üçün özüm də qazanmaq istəyirdim,
ailəm pul verirdisə, çalışırdım üzərinə də özüm də pul qoyum.
- Deyirlər çətinlik insanı mübariz və məqsədli edir.
Komfort zona isə tənbəlləşdirir. "Ayaqlaşmaq” üçün yollar axtarıbsınız və bu
sizi biznesmen edib ...
- Elə
bir insan yoxdur ki, qarşısına məqsəd qoysun, bu istiqamətdə çalışsın, səy göstərsin,
amma ona çatmasın. Bu mümkün deyil. Məqsədinə çatmayıbsansa, deməli, ürəkdən
istəməyibsən və çalışmayıbsan. Məsələn, telefon almaq istəyirəm. Mən bunu əldə
etmək üçün hər variantı düşünürəm. Ola bilər ki, dostumdan borc alım, ya kreditə
girirəm, ya nələrisə satıb, pulumun çatmayanını düzəldib alıram. İnsan əgər hədəf
qoyubsa, ona çatmaq üçün əlindən gələni edir. Mən də hansısa addım atmaq istəyəndə,
fikirləşirəm ki, filan işi görüm. Baxıram ki, maliyyəm ona uyğun deyil. O
maliyyəni əldə etmək üçün yollar axtarıram. Hədəf qoyulanda ona çatmaq olur.
Amma sadəcə pul qazanmaq üçün işlədikdə, iş getmir. Həmin pulun dəyərini, əhəmiyyətini
bilmirsən. Davamlı pul qazana bilmək üçün mütləq hədəfin olmalıdır.
- İdarəçilik sahəsində işləyərkən yaxşı gəliriniz
olduğu halda, tam fərqli sahəyə, ticarətə yönəldiniz. Üstəlik, bu yolda ilk iki
cəhd uğurlu alınmayıb. Ailənizin reaksiyası necə oldu?
- Atam icazə vermirdi. Deyirdi ki, normal işin, maaşın var. Özünü çətinliyə
salma, problemlərin çox olacaq. Çünki ticarət risklidir və sən uduza bilərsən.
Atam dedi ki, nəyə ehtiyacın varsa, mən kömək edim, amma öz işində qal və ya gəl
mənim şirkətimdə çalış. Amma mən özümün artıq şəxsi biznesimi qurmağa
hazırlamışdım. Qarşımda məqsədim var idi. Maliyyəm yox idi. Dostumdan borc
götürdüm, bankdan kredit aldım, maşınımı, kompüterimi, telefonumu satdım. Son qəpiyimə
qədər xərclədim. Düzdür, çətinliklə qarşılaşdım. İlk biznesə 26 yaşımda
başladım, Çindən divar kağızı yapışqanları gətirirdim. Mal gəlib çatana qədər
ölkədə birinci devalvasiya oldu. Kargo şirkətləri də dollarla işləyirdi. Hesab
tamam dəyişdi. Pulum düzəlmədi, malımı çıxara bilmirdim. Kargo şirkəti güzəşt
etdi. Pulun bir qismini ödədim, bir qismini isə satandan sonra ödədim.
Borclarımı da vermək lazım idi. Buna görə, növbəti dəfə risk etdim və sifariş
verdim. O mal gələndə ikinci devalvasiya oldu. İkinci devalvasiyanı görəndə
dedim ki, artıq bu, mənim qismətimdir, alınmayacaq. Sadəcə borclarım gözümün
qarşısına gəldi. Ona görə dedim ki, irəli getməliyəm. Əsas məqsəd borclarımı
qaytarmaq idi. Satışımız artdı, təzədən sifarişlərimi artırdım. Çindən sonra
Avropa mallarına kökləndim. İdarəçi işlədiyim zaman bir firma ilə tanış oldum.
Onlar mənə ekoloji təmiz məhsulla, digər məhsulların fərqini göstərəndə, qəti
olaraq Avropaya yönəlmək qərarına gəldim. Məqsədim ekoloji təmiz məhsulları ölkəyə
gətirməkdir. İstanbulda, Dubayda, Almaniyada, Fransada, Çində, Rusiyada beynəlxalq
sərgilərdə iştirak etmişəm. 181 yaşı olan, 64 ölkədə çalışan Fransa şirkətinin
Azərbaycandakı nümayəndəsiyəm. Şirkətin prezidenti Fransa prezidentinin
müşaviridir. Bu şirkətlə işləyirəm, ölkəyə divar kağızı yapışqanları və ekoloji
təmiz divar kağızları gətiririk. Hansı ki, bunlar sırf tibb müəssislərində,
uşaq bağçalarında istifadə edilən kağızlardır.
- Bazarda rəqiblərinizlə necə rəqabət aparırsınız?
- Məhsullarımızın keyfiyyətindən əminəm. Məhsullarımız fərqli, keyfiyyəti
yüksək olduğu üçün heç kimlə rəqabət aparmağıma ehtiyac yoxdur. Çünki qeyd etdiyim kimi,
sırf tibb müəssisələrində və uşaq bağçalarında istifadə edilən ekoloji təmiz
və antibakterial divar kağızları gətirirəm. "Jiquli” də, "Mercedes” də
avtomobildir və ikisi də eyni yolu gedir. Birində komfortla gedirsən, digərində
yox. Mən məhsulumun keyfiyyətinə arxayınam. Düzdür, qiymətlər ucuz deyil,
Avropa qiymətidir. Amma müştərilərim artıq məhsullarımı tanıyır. O sahədə demək
olar ki, rəqibimiz yoxdur. Azərbaycana SEMIN şirkətinin 7 adda məhsulunu gətirirəm.
Mən ticarətdə daha çox pul qazanmaqla deyil, keyfiyyətli məhsulla tanınmağa
çalışıram. Tikinti sahəsində Fransa, Polşa, Almaniya ilə işləyirəm. Həmçinin Azərbaycanla
yanaşı Türkiyə bazarına da daxil olmuşam. Fransa şirkəti olan SEMIN-in iki adlı
məhsul ilə Türkiyədə də işləyirəm.
- 7-ci sinifdən işləmək istəyən biri kimi "Azərbaycanda
iş tapmaq çətindir” deyənlərə nə deyərdiniz?
- İşləmək
istəyən üçün iş həmişə var. Mən işə başlayanda işimlə paralel, ikinci, üçüncü
iş axtarırdım. 21 yaşımda əmək haqqımı yığıb, fotoaparat aldım və fotoqraf cəlb
etdim. Onu nişan, toy, ad günlərinə göndərirdim. Oradan da qazanırdım. İş
çoxdur, işləmək istəyən yoxdur. Bu gün gənclər istəyir ki, ilk işlərində yüksək
maaş alsınlar və aldıqları ilk məvaciblə də telefon əldə etsinlər. Mən fikirləşirdim
ki, əldə etdiyim vəsaitin müəyyən qismini özümə xərcləməklə, qalanını başqa işə
xərcləyim və növbəti gəlir yerimi qurum. Gənclər işdən qaçmamalı, qarşılarına hədəf
qoymalıdırlar. Əmək haqqı ilə yanaşı təcrübə qazanmalıdırlar. Çünki sonrakı
dövrlərdə bizə yüksək əmək haqqını təcrübə gətirəcək.
- Rəfat bəy, tikintidən sonra uşaq bağçası ideyası
necə yarandı?
- Öz övladıma bağça tapmaqda çətinlik çəkirdim. 4 bağça dəyişdim.
"Bağçam Uşaq Şəbəkəsi”nin rəhbəri olan dostumla danışdıq və digər dostlarımla
birlikdə investisiya cəlb edərək, "Joyful” uşaq bağçasını açdıq. Bu sahədə də
keyfiyyətli xidmət göstərmək üçün bağça sahəsində böyük təcrübəsi olan "Bağçam
Uşaq Şəbəkəsi”nin üzvü kimi fəaliyyət göstəririk. Həmçinin, övladımın getdiyi 4
bağçada görmək istədiyim müsbət cəhətləri də öz bağçamızda tətbiq etdik. Bundan
əlavə, bu gün təəssüf ki, uşaq mağazalarında çoxçeşidli məhsullar olsa da,
keyfiyyətli məhsullar azdır. Mən yenə də çalışdım ki, ölkəmizə keyfiyyətli uşaq
oyuncaqları gətirim. Bu sahədə araşdırma apardım, Fransada məşhur olan,
dünyanın 72 ölkəsində fəaliyyət göstərən "Vulli” şirkətinin oyuncaqlarını gətirirəm.
- "Jiraff” məhsullarının əhəmiyyəti nədir?
- 0-1 yaşında uşağa nə lazımdırsa, istehsal
olunur. Əsas oyuncaq "Sofhie” adlı zürafədir. Bu təbii kauçuk ağacının südündən
hazırlamış məhsuldur. Uşaqlarda 5 hissiyyat orqanını stimullaşdırır. Görməni,
motorikani, eşitməni, spesifik dadı olduğu üçün dadbilməni stimullaşdırır, ən əsas,
diş çıxaran uşaqların damağını sakitləşdirir. Üzərindəki boya da qida boyasıdır
və tam təhlükəsizdir. Bir çox dünyaca məşhurlar öz övladları üçün ondan alırlar.
Mən də bunu Azərbaycan bazarına gətirdim.
- Dediniz ki, öz valideyniniz sizə az pul verirdi, o
üsulu uşağınıza da tətbiq edəcəksiniz?
- Bəli,
ona öz bacarıqları ilə pul qazandırmağı aşılayacağam. Oğlum yaxşı rəsmlər çəkir.
Çalışacağam ki, ona öz rəsmləri ilə pul qazanmağın yolunu öyrədim. Əməyin
istismarı kimi deyil, onun istedadını önə çıxararaq, gələcək həyata
hazırlayacağam. Uşaq öyrəşməsin ki, atam pul qazanıb mənim üçün hər şeyi edəcək.
Çünki hər bir insan öz ayağının üzərində durmağı bacarmalı, yaxşı təhsil
almalı, sağlam həyat tərzi sürməli və öz biliyinə arxayın olaraq, əmək fəaliyyəti
ilə məşğul olmalıdır.
Aygün ƏZİZ