AZE | RUS | ENG |


6 manatla başlayan biznes - İşgüzar

6 manatla başlayan biznes - İşgüzar
Əmək fəaliyyətinə maşın yumaqla başlayan Hüseyn Hümbətovun indi saat mağazası var

"Gənclik çılğın olur, gənclik əyləncəni sevir, gənclik həyatdan həzz almaq üçün ən yaxşı dövrdür” deyirik. Amma zəhmətkeş, uşaqlıqdan işləməyə məcbur olan, istirahətindən kəsib şəxsi inkişafına xərcləyən gənclik bəlkə də dünyamızı gözəlləşdirməyə qadirdir... "Hər anın öz hökmü var” deyirlər. Bəzən istər şəxsi, istərsə də karyera həyatımızda başımıza gələn hansısa pis adlandırdığımız hadisə zaman gəlir bütün həyatımızı dəyişir. Eynilə müsahibimizin həyat hekayəsində olduğu kimi...
Həmsöhbətimiz biznes təlimçisi, saat kolleksioneri, "Oikos” beynəlxalq təşkilatının Bakı təmsilçiliyinin prezidenti Hüseyn Hümbətovdur.
Hüseyn 1996-cı ildə anadan olub. Hazırda İqtisad Universitetinin Maliyyə fakültəsinin 4-cü kursunda təhsil alır.
Mütəmadi olaraq biznes və sahibkarlıqla bağlı müxtəlif mövzulu təlim və seminarlara qoşulan Hüseyn, çox keçmədən gənc sahibkarların inkişafına dəstək olan  "Youth Inc.” Proqramı haqqında eşidir. Proqrama qoşulmaqla Hüseyn şəxsi inkişafında yeni mərhələyə qədəm qoyur.
"Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının Multiplayer təlimlərində aktiv iştirak edən Hüseyn ilkin biznes anlayışlarını, gənclərin bu sahədə həvəs və məlumatlılığın artırılması texnikalarını öyrənir və auditoriya qarşısında çıxış etmək, məlumatları geniş kütləyə çatdırmaq və s. bacarıqlara yiyələnir. Daha sonra özü multipleyer kimi fəaliyyətə başlayaraq 7 universitet olmaqla 20 təlim keçir, ümumilikdə isə 500-ə yaxın gəncin qarşısında çıxış edir. Bununla da, nəticələr əsasında 2016-cı il 1-cı yarımilliyinin ən yaxşı multipleyeri adına layıq görülür.
Daim inkişafını düşünən Hüseyn "Youth Inc.” Proqramı çərçivəsində reallaşan digər lahiyə -  "Youth Inc. Business Academy” Akselerasiya Proqramında qeydiyyatdan keçir və 203 müraciətçinin içindən seçilərək 25 iştirakçıdan biri olur. 6 həftə yerli və xarici mentorların mühazirələri əsasında davam edən bu proqram Hüseynə real biznes mühitini öyrədir, biznesmenlərlə tanışlıq imkanı yaradır, nəzəri və praktiki biliklər verir.
"Youth Inc.” Proqramının tərəfdaş kimi çıxış etdiyi layihələrdən biri də "Azərbaycan üçün Öyrət” proqramının" Təhsil avtobusu" layihəsi oldu! Proqram çərçivəsində  "TəhsilAvtobusu"  regionlara - Lənkəran, Quba, Gəncə və Şəki marşrutu üzrə səyahət edib, bölgələrdə məktəb şagirdləri üçün hər biri 2 gün olmaqla dərslər, fərdi inkişaf təlimləri keçirilib və intellektual yarışlar təşkil olunub. "Youth Inc.” Proqramını layiqincə təmsil edən "Öz biznesinə başla!" təlimlər silsiləsinin qalibi multipleyer Hüseyn Hümbətov "Azərbaycan Üçün Öyrət” proqramı çərçivəsində 100-dən artıq layihə iştirakçısına Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərində "BİZNESMƏNƏM” adı altında təlimlər keçib və yeniyetmələri "necə sahibkar olmaq olar", "sahibkar olmağın yolları" "sahibkar  kimdir”, "investisiya nədir”, "biznesdə idarəetmə və təşkilatçılıq”, "biznesə başlama", "düzgüninvestisiya", "SWOT təhlil" və digər mövzularda maarifləndirib.
Hazırda Hüseyn, peşəkar təlimçi kimi "Youth Inc.” Proqramı çərçivəsində paytaxt və regionlarda təşkil olunan təlimlərdə iştirak edir və müstəqil şəkildə öz biznesini idarə edir.
 
Uğurlu şansızlıq...
 

Deyir ki, ilk iş həyatına 11 yaşında başlamaq məcburiyyətində qalıb: "İlk işim çox uzağa gedir. Ailədə maddi vəziyyətimiz yaxşı olmadığı üçün 11 yaşında "moyka”da maşın yuyurdum. İlk dəfə 5 manat qazandım. Sevincimin həddi-hüdudu yox idi. O 5 manatı sevinə-sevinə anama apardım. Hətta pul xırdalanmasın deyə avtobusa minmədim. Mənə elə gəlirdi ki, 4 manat 80 qəpik 5 manatın yanında cılız görünür. Daha sonra Dərnəgüldə fəhlə bazarında işlədim. Çayxanada çayçı, kafedə ofisiant kimi çalışdım. İşləmək, zəhmət çəkmək məni heç vaxt yormur”.
Bütün bu işlərlə yanaşı, həmsöhbətimiz dərslərinə də hazırlaşıb. Lakin qəbul imtahanında "şansızlıqla” üzləşib: "Düzdür, dərslərimi yaxşı oxuyurdum. Müəllimlərim də mənə inanırdı. Lakin imtahan gecəsi çox həyəcanlı idim. Bilirdim ki, az bal toplasam və ödənişli ixtisasa düşsəm, oxuya bilməyəcəyəm. Bu stress məni gecə yatmağa qoymadı. Səhər imtahana gəldim suallara baxdım, mənə çətin gəldi və bir anlıq yatmaq istədim. Başımı qoyub yatdım. Bir də gördüm ki, yanımdakı oğlan məni çağırır ki, "bu sualda mənə kömək edə bilərsən?”.  Saata baxdım ki, artıq 1 saat keçib. Yerdə qalan 2 saata ancaq 376 bal toplaya bildim və maliyyə fakültəsinə ödənişli əsaslarla qəbul oldum”.
 
"6 manata saat mağazası açdım”
 
Bu 1 saat həmsöhbətimizin bütün həyatını dəyişib: "Ödənişli əsaslarla qəbul olduğuma görə, mənə daha çox gəlir gətirəcək iş lazım idi ki, oxuyum. Fəhləlik etməklə təhsil haqqımı ödəyə bilməyəcəyim ortada idi. Saat biznesi ilə məşğul olmağı düşündüm. O vaxt saat kolleksioneri olduğum üçün dostum mənə bahalı saat hədiyə etmişdi. Həmin saatın qulpu qırılmışdı. Mən o qulpu tapmaq üçün Bakıdakı saat düzəldilən və satılan yerləri gəzdim. Ancaq tapa bilmədim. O vaxtlar universitetdə qeydiyyatdan keçəcəyim vaxtlar idi. Oxumaq üçün avqust ayından ödəniş etməli idim. Həmin günü axşam evə gəldim və fikirləşdim ki, saat işinə başlaya bilərəm. O vaxt çox pulum yox idi. 6 manat pulla 3 ədəd saat aldım. Evə gətirib stolun üstünə qoyanda anam dedi ki, "bu saatları niyə almısan? Evdə saatların var”. Satmaq üçün aldığımı dedim. Əvvəlcə anam mənə güldü ki, məndən saat satan olmaz. Həmin gün o saatları satdım. Bir  həftədən sonra 6 manat 83 manat oldu. İş bu proseslə davam etməyə başladı. Müxtəlif dövrlərdə "batdım”, amma ətrafımdakıların işimi kiçiltmələrinə fikir vermədən sıfırlansam belə, yenidən qalxıb davam etdim. O 6 manatın hesabına şəxsi saat mağazamı açdım. İndi həm internet üzərindən, həm də mağaza şəklində fəaliyyət göstəririk. "Qızıl təminat”ı yeganə bizim mağaza verir. İşə 6 manatla başlasam da, bizim mağaza Bakıdakı digər saat satışı yerləri ilə rəqabətə girəcək səviyyədədir”.
İstirahət anlayışının olmadığı deyən həmsöhbətimiz tək mağaza ilə kifayətlənməyib, şəxsi inkişafı üçün də çalışıb: "Bundan əlavə, ölkədə beynəlxalq təşkilat təsis etdik. Oikos şirkətinin Bakı təmsilçiliyini açdıq. Şirkət iqtisadiyyat, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirlər, təlimlər təşkil edir. Hazırda bu təşkilatın prezidentiyəm. Bununla yanaşı, şəxsi təlimçilik fəaliyyətim var. Həm də biznesyönümlü təlimçiyəm. "Azərbaycan üçün öyrət” layihəsinə 200 təlimçi müraciət etmişdi, onlardan 25-i seçildi. Mən seçilən 25 təlimçidən biri oldum. Ölkənin 5 regionunda yay ərzində uşaqlara müxtəlif təlimlər keçdik. Ümumilikdə 30-dan çox təlimdə 1500-dən çox insana təlim keçmişəm”.
 
 
Həyatımı dəyişən saat...
 
Müsahibimiz düşünür ki, qəbul imtahanında faciə kimi yanaşdığı o 1 saat həyatını dəyişib: "Bəlkə də mən həmin o 1 saatı yatmasaydım, ayın axırında təqaüd gözləyən tələbə idim. Amma keçmişə nəzər yetirəndə görürəm ki, həyatımın bütün hissələrində həmişə çalışmışam. Mənim üçün tətil, həftə sonu, istirahət günü anlayışı olmayıb. Yəni məktəbdənkənar boş vaxtda işləyirdim. Axşamlar dərs oxuyurdum. İşləməkdən heç vaxt bezməmişəm”.
Həmsöhbətimiz  universitetin ilk illərində köməkçi işlədiyi firmada müdir vəzifəsinə qədər yüksəlib: "Firmada işləyəndə birinci sahə rəisinin köməkçisi idim. İşdən sonra universitetə gəlirdim. Üstüm toz-torpaq, taxta olurdu. Dərsə girəndə uşaqlar  mənə gülürdü. Elə bilirdilər, rayonda qalıram və burada küçədə yatıram. Sonradan həmin firmada baş mühasibin köməkçisi işlədim. 2-ci kursda yenidən müdir müavini oldum. 6 ay da həmin firmada müdir kimi işlədim. Ondan sonra saat işinə tam kökləndim və mağazanı qurmaq üçün işlərə başladım. Bir il müddətində də mağaza qurdum. Hazırda dünya təcrübəsindən yararlanıb Azərbaycanın saat brendini yaratmaq üçün işləyirik”.
 



1 milyon dollar qazanmaq istəyirsən?
 
Hüseyn deyir ki, həyatdan öyrəndiyi ən vacib şey insanın çalışaraq istədiklərinə nail olmasıdır: "Əgər insanın istəyi varsa və buna inanırsa, həqiqətən də əldə edəcək. Yox, əgər insanın həyatda məqsədləri yoxdursa, o, bacarmayacaq, uğursuzluq əldə etdikdən sonra geri dönəcək. Məqsədləri olan insan uğursuzluqdan qorxmur. Uğursuzluq qaçılmazdır. Əgər kimsə deyirsə ki, mən işləmək istəyirəm, o uğur qazanır. Mən təlimlərdə iştirakçılara sual verirəm ki, "1 milyon dollar qazanmaq istəyirsən?” Çoxu "hə” cavabını verir. Deyirəm ki, o 1 milyon qazanan insanların qazandığı müddət qədər səbirli olun və onlar qədər çalışın. Razısınızmi? İnanın ki, səmimi şəkildə "yox” deyirlər. Əgər sən buna razısansa və çalışmağa hazırsansa, iş səni qorxutmursa, hər şeyi əldə edəcəksən. İnsanlar onların maraq dairəsində olan, onlara  maraqlı olan, xoşladıqları ən yaxşı işi görməyə çalışmalıdırlar. Nə qədər fəhləlik etsəm də, saat sevdamdan dönmədim. Saat mənim maraq dairəmdə olduğu, saatları sevdiyim üçün bu yola gəldim. Uğursuzluqla qarşılaşanda, hansısa saat xarab olanda, xaricdən sifariş etdiyim saat üstümə xarab gələn zaman geri addım atmadım. Sırf marağım və sevgim olduğu üçün işim davamlı oldu. Əgər bir işin arxasınca gedirsinizsə, səbirli olun. Çünki hər şey birdən alınmır. Amerika kinolarındakı kimi uğur hekayələri birdən başlamır. Bu uzun bir müddət və əmək tələb edir. Sizdən əsas tələb olunan güclü iş sistemidir. Bütün bunlardan sonra bir məqsəd və istək olmalıdır. Bu gün insanlar fikirləşir ki onlarda alınmır. Ona görə alınmır ki, insanlar öz daxillərində buna inanmır. Özlərinə tam əmin olan inansalar həqiqətən uğur qazanacaqlar”.
Aygün ƏZİZ
 
 


 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6744
GBP 1 İngilis funt sterlinqi 2.1708
TRY 1 Türk lirəsi 0.4872
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1944
EUR 1 Avro 1.8426
CHF 1 İsveçrə frankı 1.7267
USD 1 ABŞ dolları 1.7447