• şənbə, 20 Aprel, 12:14
  • Baku Bakı 23°C

6-cı görüşün üzdə və pərdə arxasındakı məqamları

15.11.17 10:00 1597
6-cı görüşün üzdə və pərdə arxasındakı məqamları
Soçidə prezident iqamətgahında baş tutan növbəti Rusiya-Türkiyə danışıqları məhsuldar keçib. Hər halda, iki ölkə prezidentlərinin səsləndirdikləri bəyanatlar bu qənaətə gəlməyə əsas verib. Lakin media başqa fikirlər də var. Görüşdən əvvəl Ərdoğan Rusiya və ABŞ prezidentlərinin Suriya ilə bağlı mövqelərini tənqid edərək bildirmişdi ki, Suriyada münaqişənin həlli adıçəkilən ölkədən xarici qoşunların çıxarılması və hərbi bazaların bağlanmasından keçir. Soçi danışıqlarında da bununla bağlı hər hansı bir razılıq əldə olunmayıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın "Kommersant” qəzeti də yazır ki, Türkiyə lideri Soçidə Suriya problemi ilə bağlı qarşısına qoyduğu hədəflərə çata bilməyib.
Yeri gəlmişkən, Türkiyə lideri görüşdən bir qədər əvvəl danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacağını desə də, liderlər bununla bağlı mətbuata hər hansı bir açıqlama verməyiblər. Düzdür, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "yüksək səviyyəli görüş zamanı mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz” kəlməsini işlədib. "RİA Novosti” agentliyininverdiyi xəbərə görə, ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandıran Peskov deyib:"Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, təbii ki, onların detalları açıqlana bilməz”. Maraqlıdır ki, bu açıqlamadan az sonra gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyi barədə xəbər yayılıb. Səfərlə bağlı iki versiya olduğu iddia edilir.
Artıq E.Məmmədyarovun Moskvaya səfər edəcəyi də təsdiqini tapıb. Əksər ekspertlər hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Soçidə müzakirə olunub. Sadəcə, detallar gizli saxlanılır. Çox güman ki, Qarabağla bağlı müzakirələrin ictimailəşdirilməməsi Putinin istəyi olub.
Beləliklə, Rusiya və Türkiyə prezidentləri arasında Soçidə dörd saatdan artıq davam edən danışıqlarda hansı məsələlər prioritet olub? Bəlli olduğu kimi, iki ölkə arasında münasibətlər hazırda özünün pik dövrünü yaşayır. Elə tərəflər də görüşdən sonra münasibətlərin yüksək səviyyəyə qalxmasından məmnun olduqlarını bildiriblər. Rusiya prezidenti deyib ki, iki ölkə arasında münasibətlər normal vəziyyətinə qayıdıb: "Görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, bizim aramızda münasibətlər praktik olaraq tam bərpa olunmuş hesab edilə bilər”. Türkiyə lideri isə bəyan edib ki, "Əlbəttə ki, bu səviyyə bizi qane edə bilməz. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər”. Prezidentin sözlərinə görə, tərəflər müdafiə sənayesi sahəsində də birgə addımlara xüsusi əhəmiyyət verir. Türkiyə prezidentiölkəsinin Rusiyadan raketdən müdafiə sistemi almaq niyyətini təsdiqləyib. Lakin Türkiyə 2 milyard dollarlıq raket sövdələşməsini təsdiqləsə də, sistemləri əldə etməyi iki il çəkə bilər.
Rusiyadan silah almaq Ankaranı ABŞ-ın bu yaxınlarda Rusiyanın müdafiə sənayesinə qarşı elan etdiyi sanksiyalara məruz qoya bilər. Ancaq Pentaqon rəsmiləri deyiblər ki, bu sonucdan yaxa qurtarmaq üçün Ankarayla danışıqlar aparılır. R.T.Ərdoğan həmçinin, Türkiyə və Rusiya arasında iqtisadi sahədə mövcud olan əlaqələrə də diqqət çəkib: "İkitərəfli əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılmasına nail olmaq üçün ilk növbədə viza məsələsi də daxil olmaqla sahibkarların yolunda olan bütün əngəlləri aradan qaldırmaq lazımdır. Yəni iki ölkə arasında vizasız rejimə qayıtmaq vaxtıdır”. Ərdoğan bildirib ki, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub: "Putinlə 6-cı görüşümüz baş tutdu. Siyasi dialoqumuzla yanaşı, iqtisadi əlaqələrimiz də yüksəliş dövrünü keçirir. Martda səfərim zamanı kənd təsərrüfatı məhsullarının Rusiyaya daxil olmasına icazə verilməsi və vətəndaşlarımızın iş icazəsi ilə bağlı Putin bizə müjdə vermişdi. Bu müddət ərzində iqtisadi sahədə olan maneələrin aradan qaldırılması üçün fəaliyyətimizə davam etdik. Viza rejiminin əvvəlki qaydada sadələşdirilməsi xüsusi önəm kəsb edir”. Prezident əlavə edib ki, ilin ilk 9 ayında Rusiyadan Türkiyəyə 4 milyon turist gəlib, gələcək ildə bu rəqəm bir az da artacaq.
Son olaraq onu da qeyd edək ki, iki ölkə prezidentinin görüşündə kurioz da yaşanıb. Mətbuat nümayəndələri üçün bəyanatlar səsləndirilən zaman tərcümə problemi yaranıb. Lakin Rusiya prezidenti vəziyyətdən dərhal çıxış yolu taparaq, tərcüməçini birbaşa mikrafona dəvət edib. Putin bəyanatın əvvəlində danışıqlar zamanı ikitərəfli münasibətləri, həmçinin Suriya problemini müzakirə etdiklərini deyib. Bu zaman dövlət başçısına bildirilib ki, onun çıxışı sinxron tərcümə olunmur. "Tərcümə yoxdur? Tərcümə ilə bağlı nə problem var?", — deyə o təşkilatçılardan soruşub. "Tərcümə yoxdur? O zaman, bəlkə birbaşa tərcümə etsin, belə daha asan olar", — deyə o tərcüməçini mikrofona dəvət edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər