• cümə axşamı, 28 mart, 18:34
  • Baku Bakı 13°C

52 yaşlı məzun: “Övladlarıma örnək olmaq istədim”

02.07.19 13:04 4700
52 yaşlı məzun: “Övladlarıma örnək olmaq istədim”
Övladının biri tələbədir, digəri də bu il ali məktəblərə qəbul üçün imtahan verir. Bu kimi atalıq qayğılarının yanında o, özü də ötən il 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlib. Bu il isə 52 yaşında Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olub.

Dekanı Səbuhi Tanrıverdiyev onunla bağlı təəssüratlarını belə ifadə edib: "UNECin ən ağsaqqal tələbəsi, 52 yaşlı qiyabi tələbə, olduqca gözəl bir insan, bütün mərkəzimizin sevimlisi İqrar kişi dövlət imtahanını uğurla keçərək məzun oldu. İqrar kişi 2001-ci ildə bitirməyə bir addım qalmış universiteti yarımçıq qoymağa məcbur olmuş, bir il öncə bərpa olunaraq çoxlu sayda fərqlərini yorulmadan uğurla başa vuraraq və nəhayət dünən son nöqtəsini qoymağı bacardı. Mən zarafatla deyəndə ki, "ay İqrar kişi, neynirdin bu yaşda bu qədər əziyyət çəkib bu imtahanlara hazırlaşmağı, Qəbələdən bura bəlkə 100 dəfə gəlib-getmisən”, o da dedi ki, "evdə nəvələrim böyüyəndə deməsinlər ki, babamız hansısa işi yarımçıq qoyub!” Bax belə kişidir mənim dostum İqrar!”

Bu yaşda istənilən məqsədi qarşısına qoyub reallaşdıra biləcəyini deyən 52 yaşlı məzun İqrar Əhmədov təhsili ilə bağlı söhbətləşdik.

Qeyd edək ki, İ.Əhmədov 1968-ci ildə Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub.

İqrar bəyin bu yaşda məzun olmasının əslində bir neçə səbəbi var. O, söhbətə məsələnin lap əvvəlindən başladı: "Mən ilk olaraq Maliyyə-Kredit Texnikumunda, sonra isə Texniki İnstitutda təhsil almışam. 1990-96-cı illərdə Qəbələ rayonunda Maliyyə və Vergi İdarələrində işləmişəm. 96-cı ildə iqtisadi sahədə ali təhsilim olmadığını bəhanə gətirərək məni işdən uzaqlaşdırdılar. Ali təhsilim var idi, işi görürdüm, amma ixtisasımın düz gəlmədiyini bəhanə etdilər. O vaxt hələ gənc idim, dedim ki, savadım, təhsilim var, sırf ixtisas məsələsinə görə niyə kənarda qalmalıyam? İqtisadiyyat sahəsində ali təhsil almağı qarşıma məqsəd qoydum. Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə, təhsili davam etdirmədim. Bir ilim qaldı. Həmin dövrdən bu yana yenə də öz istiqamətim üzrə müvafiq qurumlara və şəxslərə iş üçün müraciət etdim, amma iqtisad sahəsində ali təhsilim olmaması yenə də problem oldu. 50 yaşı keçsəm də, dedim ki, yaşım nə qədər olsa da, təhsilimi davam etdirəcəm”.


Təhsil hər zaman vacibdir

Təhsil almağa ona stimul verən digər məqam isə övladlarının təhsil alması üçün maddi vəsaiti qazanmaqdır: "Bir övladım Bakı Biznes Universitetində təhsil alır, biri də 5-ci qrup üzrə imtahan verir. Dizayn fakültəsini seçib. Bu il qəbul olmaq üçün çalışır. Böyük övladımın təhsil pulunu ödəyə bilmədim deyə, təhsilində müəyyən fasilə yaranmalı oldu. Ona görə çalışıb vuruşuram. Böyük oğlum ödənişli təhsil alır, ikinci də ödənişliyə qəbul olsa, maliyyə cəhətdən mən onları çatdırmaq üçün iş tapmalıyam”.

Müsahibimiz deyir ki, onun universitet təhsilini davam etdirməsinin mənəvi tərəfi də var. Bu da övladlarına nümunə olmaqdır: "Bu addımı həm də övladlarıma örnək olsun deyə atdım. Balaca oğlum təhsilə bir az səhlənkar yanaşırdı. Mən təhsili davam etdirəndən, imtahanları özümün verdiyimi görəndən sonra sanki ona bir stimul gəldi, qürrələndi. Övladlarıma nümunə olmaq istədim. Demək istədim ki, oxumaq lazımdır. Oxumaq üçün yaşın fərqi yoxdur. Təhsil hər zaman vacibdir. Mən təhsilə önəm verən, ziyalı ailədə böyümüşəm. Atam Böyük Vətən Müharibəsi veteranı və hətta 1962-ci ildə Qəbələnin ilk əməkdar müəllimi olub. Təhsilə yanaşmada ailədə gördüyümü övladlarıma ötürməyə çalışıram”.


Tənəffüsə belə çıxmırdım

İ.Əhmədov deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşmək, onlarla ayaqlaşmaq cəhətdən problem yaşamayıb: "Özümü qocalmış hiss etmirəm. Yorulmamışam, həvəsdən düşməmişəm. Baxmayaraq ki, 52 yaşım var, bu gün də qarşıma məqsəd qoysam, çalışıb-vuruşub istədiyimi əldə edə bilərəm. Qiyabi oxuduğum üçün gənclərlə bir ay auditoriyada oldum. Tənəffüsə belə çıxmırdım, dərslərlə məşğul olurdum, gənclərlə ünsiyyət qururdum. Məndən yaşca çox kiçik olsalar da qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm. Qətiyyən problemimiz olmadı, əskinə, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim”.

Auditoriyadakı müəllimlərin çoxu da ondan yaşca kiçiklər olub. Deyir ki, müəllimin yaşı önəmli deyil, əsas bacarığıdır: "Müəllimin yaşca kiçik olması mənim üçün problem deyildi. Əsas onun işinin peşəkarı olmalarıdır. Bir maraqlı məqamı da deyim. Bir müəllimimiz var idi, o, mənimlə 1997-ci ildə universitetə qəbul olan şəxslərdən idi. O vaxt paralel qruplarda təhsil alırdıq. O, oxuyub bitirib, indi universitetdə mənə dərs keçirdi (Gülür). Üstündən illər keçsə də, bir-birimizi tanıdıq”.

O vaxt indiki kimi təhsil arzulayırdım

İ.Əhmədov bildirdi ki, 2001-ci ildə yarımçıq qoyduğu universitetdə indi çox müsbət dəyişiklər görüb: "O vaxt universitetdən çıxmağımın bir səbəbi də təhsilin qaneedici səviyyədə olmaması idi. Müəllimlərlə razılaşmırdım, onlara istədiyini deyə bilmirdin, imtahanlar o qədər də yaxşı deyildi. İndiki təhsildə o üsullar qalmayıb. O vaxt indiki kimi təhsil arzulayırdım. Testdir, mövzular verilir, hazırlaş. Gecəni gündüzünə qat, çalış imtahanını ver. O dövrdə nə qədər mükəmməl hazırlaşsan da, müəllimin reaksiyasını bilə bilməzdin. Bugünkü təhsil sistemi çox yaxşıdır. İqtisad Universitetində əvvəllər haqsızlıq görmüşdüm, indi bu kimi şeylər olmadı. 2001-ci ildən bu günə qədər olan zaman kəsiyində universitetdə böyük dəyişiklik gedib. Müəllim kollektivi, təhsil şəraiti müsbətə doğru çox dəyişib”.

Müsahibimiz deyir ki, universitet heyəti ona yaşına görə digər tələbələrdən fərqli münasibət göstərməyib: "Auditoriyadan çöldə yaşıma görə hörmət edirdilər, amma sinifdə ancaq tələbə idim. Yaşıma görə hər hansı güzəşt filan da etmirdilər, "dərsə gəl” deyirdilər. Bu, mənim xoşuma gəlirdi. Dekanımız Səbuhi Tanrıverdiyev ilə də çox yaxşı ünsiyyətimiz var idi, amma söhbət təhsilə gələndə mən tələbə idim, o da dekan (Gülür)”.


Təhsil əyani olsaydı...

İ.Əhmədov qiyabi təhsil alıb, deyir ki, əyani oxumaq yalnız maddi cəhətdən onun üçün çətin olardı: "Təhsil əyani olsaydı, mən onu da davam etdirərdim. Amma bunun üçün əlavə maliyyə lazım olacaqdı. Bakıda qalmaq, ev tutmaq da əlavə xərclər aparır. İndi bu şeyləri övladlarım üçün etməyə çalışıram. Lakin gündəlik dərsə getmək, təhsil almaq cəhətdən yanaşsaq, əyani də oxuyardım, gündəlik dərsə gedib gələrdim”.

İqrar bəy 20 il öncəki qrup yoldaşları ilə indikilərin təhsilə yanaşmasından da danışdı: "Gənclərlə ünsiyyətdə olmaq insanı cavanlaşdırır, əhval-ruhiyyəyə çox yaxşı təsir edir. Bir ay onlarla bir auditoriyada təhsil aldığım müddətdə bunun şahidi oldum. Gənclərdən çox şey öyrəndim. Ünsiyyətdə olduğum gənclərin 90 faizi təhsilini yaxşı başa vurmağa çalışır, iş haqqında düşünürlər. Çox həvəsli olduqları görünürdü. 90-cı illərin sonundakı tələbələrlə indikiləri müqayisə edəndə bugünkülər daha həvəslidirlər. Mən öz oxuduğum qrupa əsasən bu fikirləri deyirəm. Mükəmməl təhsil almağa çalışanları çoxdur. Avropa inteqrasiya var, inkişaf gedir, gənclərimiz belə dövrdə inkişafdan geri qalmamaq üçün çalışırlar”.

Müsahibimiz deyir ki, gənc qrup yoldaşları ilə əlaqə saxlayır: "Yaş fərqi qrup yoldaşı olmaq üçün maneə deyil. Əlaqəmiz olanlar var. Mən Qəbələdəyəm, turizm bölgəsi olaraq bura çox adam üçün maraqlıdır. Bura gələndə mənimlə əlaqə saxlayırlar”.

İşə ehtiyacım var

Müsahibimiz sonda iş məsələsinə də toxundu. Bildirdi ki, işlə təminat cəhətdən problem yaşayır: "Hazırda dövlət qulluğu imtahanına hazırlaşıb işə düzələcək dərəcədə məqsədli adamam. Bunu bacaracağımı bilirəm, amma nə qədər desək də, yaş da öz sözünü deyir. İndi özəl sektorda kiçik bir iş istəyirəm. Rayonumuz "Qəbələ” Futbol Klubu ilə də tanınmaqdadır. O klubun təlim-məşq stadionu bizim qonşu kənddə yerləşir. Oranın müdirinin 80 yaşı var idi, yaşına görə uzaqlaşdırdılar. İndi o yer boşdur. Balaca bir stadiondur, kiçik kollektivi var, həm də evimə yaxındır. Övladlarımın təhsil alması, maddi cəhətdən özümü təmin etmək üçün işə ehtiyacım var. Adıçəkilən işlə bağlı aidiyyatı və digər yerlərə müraciət etmişəm, söz versələr də, təəssüf ki, hələ bir nəticə yoxdur”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər