50 yaşlı Sumqayıt teatrı
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 10
iyul 1968-ci il tarixli əmri ilə yaradılan Sumqayıt Dövlət Dram Teatrının 50
illik yubiley gecəsi keçirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcov, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının
nümayəndələri əvvəlcə teatrdakı sərgi ilə tanış olublar.
İlk dəfə böyük dramaturq, filosof, maarifpərvər
ziyalı Mirzə Fətəli Axundzadənin
"Müsyo Jordan və dərviş Məstəli Şah" komediyası ilə tamaşaçıların
görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol
keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli
sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən
yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olundu.
Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov
yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri
hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə
əcinnələr xeyirxah missiyada çıxış edirlər.
Aparıcıların təqdimatı ilə teatr truppası səhnəyə
dəvət olundu və onlar üçün ayrılmış yerlərdə əyləşdilər. Sonra Azərbaycan
Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, teatr
kollektivini təbrik etdi. Çıxışlarda dövlət başçısının milli mədəniyyətə, incəsənətə
xüsusi qayğısından, bu sahədə reallaşan əhəmiyyətli layihələrdən danışıldı. Elə
bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı
kollektivin bir qrup üzvünə fəxr adların və "Tərəqqi" medalının
verilməsi vurğulandı. Prezident sərəncamı səsləndirildikdən sonra fəxri adlar,
habelə "Tərəqqi” medalı əməkdaşlara təqdim olundu. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin
sosial-mədəni həyatında fəal iştirakına görə bir qrup aktyoru Fəxri fərmanla təltif
etdi.
Kollektivin bu özəl günündə bir-birindən rəngarəng
çıxışlar, maraqlı təbriklər oldu. 1969-cu ildə teatrda qoyulmuş ilk tamaşa - "Müsyö Jordan və dərviş Məstəli şah”
komediyasının rejissoru xalq artisti Cənnət Səlimova təbrikə qoşuldu. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər
Paşa Nemət Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanlarını bir qrup
aktyora təqdim etdi.
Milli
Akademik Dram Teatrının aktyorları Hacı İsmayılov, Əjdər Həmidov və Əli Nur,
Akademik Opera Balet Teatrının solisti Gülüstan Əliyeva, Musiqili Teatrın
aktyorları Xalq artisti İlham Namiq Kamal və digər aktyorlar öz təbriklərini
çatdırdılar. Daha sonra zaman-zaman teatrın repertuarında yer tutmuş müxtəlif
tamaşalardan fraqmentlər monitor vasitəsilə göstərildi. Azərbaycan Dövlət Gənc
Tamaşaçılar teatrının kollektivi də öz təbrikini orijinal formada çatdırdı.
Respublikanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları yubiley tədbirinə
musiqi töhfəsini verdi. Həmçinin digər ölkələrdən teatr rəhbərlərinin təbrikləri
monitorda göstərildi.