• cümə axşamı, 28 mart, 22:37
  • Baku Bakı 13°C

50 nəfəri idarə edə bilmirlər, amma...

09.10.19 19:33 3067
50 nəfəri idarə edə bilmirlər, amma...
Oktyabrın 8-də AXCP və Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşısında rüsvayçılıqla nəticələnən piket keçirdi. Əvvəldən razılaşdırılsa da, radikal müxalifət düşərgəsinin növbəti dəfə şəhərin mərkəzində qarışıqlıq, xaos yaratmaq cəhdləri açıq şəkildə göründü. Belə olmasaydı, Milli Şuraya faktiki rəhbərlik edən AXCP sədri Əli Kərimli, tərəfdarlarını piketi müşahidə etmək üçün BŞİH-in yerləşdiyi əraziyə gəlmək üçün çağırış etməzdi. Bütün hallarda keçirilən piket, əraziyə gəlməyən Əli Kərimlinin və ətrafındakıların ürəyincə olmadı. Çünki piketin başlanğıcından nəzarəti itirdilər və "müşahidəçi” kimi qatılan tərəfdarları təxribat törətməyə cəhdlər etdilər. Cəmiyyətin gözü qarşısında baş verən bu hadisələr bir daha sübut etdi ki, 50 nəfəri idarə edə bilməyən AXCP sədrinin ölkəni idarə etmək istəyi gülüş doğurur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirdi ki, Azərbaycan müxalifətinin radikal qanadı heç vaxt heç bir hüquqdan təyinatı üzrə istifadə etməyib: "Hər zaman tək amalları, tək arzuları ara qatmaq, qarşıdurma yaratmaq, ölkəni xaosa sürükləmək olub. Oktyabrın 8-də keçirilən siyasi akt da buna nümunədir. Sona qədər bilinmədi ki, adamlar mitinqə gəliblər, yoxsa piketə”.
E.Musayev vurğuladı ki, qanunvericiliyin konkret tələbləri var və həmin tələblər özündə o imperativ normanı ehtiva edir ki, maksimum say 50 nəfər olmalıdır, artıq olsa, qanun pozuntusudur: "Amma kimə deyirsən? Heç veclərinə də olmadı. Yenə öz "hava”larında idilər. Niyə? Çünki həmin "hava”nı yaradan havadar da bunların ağlındadır. Təsəvvür edin, Əli Kərimli "facebook”da yazır ki, piketdir, amma xalqımız da prosesi kənardan müşahidəçi kimi seyr eləsin. Bu nə deməkdir? Bu nə texnologiyadır? Necə seyr eləsin? Sən hələ mitinqlə piket arasındakı mahiyyəti, təyinatı, fərqi bilmirsənsə, bu ağıllamı hakimiyyətə iddia edirsən, lider olmaq istəyirsən? Lökbatanda mitinqin keçirilməsinə icazə verilmişdi də. Niyə getmədin? Mütləq mərkəzimi qarışdırmalısan? Mütləq tıxacmı yaratmalısan? Mütləq insanları rahatsızmı etməlisən? Bu məntiq, ümumiyyətlə, hansı parametrlərə söykənir? 50 nəfər adamı koordinasiya edə bilməyən partiya sədri, özünü müxalifətin lideri adlandıran, əslində isə baş qaragüruhçu olan Əli Kərimli fərqindədirmi ki, bitib-tükənib, nüfuzu yerlə birdir və bu imitasiyalar onu xilas edə bilməyəcək?
İndi də mitinq qərarı alıblar. İnandırım sizi, icazə veriləcək, yenə yüz bəhanə gətirib getməyəcəklər. Çünki dərdləri, məqsədləri aksiya, sərbəst toplaşma hüququ, azadlığı-filan deyil. Onların tək məramı görüntü, yazıq obrazı yaratmaq, siyasi naşılıqlarını kompensasiya etmək, axırda da beynəlxalq təşkilatların yanında timsah göz yaşları tökməkdir.
Azərbaycanın radikal müxalifəti həqiqətən siyasətimizin üz qarasıdır və bu dediyim fakt onların hər addımında, hər qərarında özünü daha aydın göstərir və təsdiqinə varır”.
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, belə uğursuz aksiyalardan obyektiv siyasi partiyalar, sadə insanlar, media lazımi nəticə çıxardığı halda, AXCP-nin radikalları və onun rəhbəri heç bir nəticə çıxarmır: "Çünki belə piketlər bir daha sübut edir ki, ölkədə radikal formada aksiyaların keçirilməsinə cəmiyyətin heç bir sosial sifarişi yoxdur. Cəmiyyət belə aksiyalara hər hansı bir dəstək vermir və ölkə ictimaiyyəti bu cür addımlarla hər hansı problemin həllinin mümkünsüzlüyü qənaətindədir. Təəssüf ki, bu nəticəni hamı çıxara bildiyi halda, tək AXCP və onun rəhbərliyi bu qənaətə gələ bilmir”.
A.Quliyev qeyd etdi ki, aksiya zamanı sistemsizlik, pozuculuq, təxribat niyyətləri açıq şəkildə ortada idi: "Sözün açığı, hesab edirəm ki, partiyanın rəhbərliyi, yəni Əli Kərimli və onun ətrafı istəsəydi, bu aksiyanı qanun çərçivəsində, 50 nəfərin iştirakı ilə yüksək səviyyədə idarə edə bilərdi. Çünki ən azından aksiyaların keçirilməsi sahəsində bu təşkilatların, partiyaların müəyyən təcrübəsi var. Amma məsələ ondadır ki, nə Əli Kərimli, nə də onun adamları bu aksiyanın mövcud qanunvericilik və cəmiyyətin təhlükəsizliyi, sabitliyi prinsipləri çərçivəsində keçirilməsində maraqlı deyil. Elə öncədən də həmin 50 nəfərlik aksiyanı Bakının mərkəzində, guya on minlərlə adamın iştirak etdiyi bir yürüşə, mitinqə çevirmək planları var idi. Təsadüfi deyil ki, aksiyadan qabaq AXCP-nin əlində mövcud olan təbliğat ruporları və onları idarə edən trollar vasitəsilə çağırışlar olunurdu. Eləcə də, insanları müşahidəçi kimi dayanmağa və baxmağa dəvət edirdilər. Məqsəd aydın idi: orada qələbəlik yaratmaq və piketi 50 nəfərlik aksiya çərçivəsindən çıxarıb kütləvi yürüşə, mitinqə çevirmək, sabitliyi pozmaq, əhalinin, xarici diplomatik korpusların diqqətini siyasi fakt olaraq bu hadisəyə cəlb eləmək və baş verən hadisələrə görə hakimiyyətin ünvanına yeni ittihamlar, arqumentlər yaratmaq. Ona görə də, radikal müxalif düşərgə bu aksiyanın məqsədli şəkildə çərçivədən çıxmasına və xaosa çevrilməsinə çalışırdı. Buna isə nail ola bilmədilər və bu da onların növbəti uğursuzluğu idi. Yəni Lökbatanda icazə verilmiş aksiyaya getməməklə, onlar cəmiyyətin gözündə ifşa oldularsa, bu piketi də kütləvi xaosa çevirmək məqsədləri iflasa uğradığına görə, növbəti dəfə məğlubiyyət yaşadılar”.

AZAD

banner

Oxşar Xəbərlər