50 nəfəri idarə edə bilmirlər, amma...
Oktyabrın 8-də AXCP və Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti
qarşısında rüsvayçılıqla nəticələnən piket keçirdi. Əvvəldən razılaşdırılsa da,
radikal müxalifət düşərgəsinin növbəti dəfə şəhərin mərkəzində qarışıqlıq, xaos
yaratmaq cəhdləri açıq şəkildə göründü. Belə olmasaydı, Milli Şuraya faktiki
rəhbərlik edən AXCP sədri Əli Kərimli, tərəfdarlarını piketi müşahidə etmək üçün BŞİH-in yerləşdiyi
əraziyə gəlmək üçün çağırış etməzdi. Bütün hallarda keçirilən piket, əraziyə gəlməyən Əli
Kərimlinin və ətrafındakıların ürəyincə olmadı. Çünki piketin başlanğıcından
nəzarəti itirdilər və "müşahidəçi” kimi qatılan tərəfdarları təxribat törətməyə
cəhdlər etdilər. Cəmiyyətin gözü qarşısında baş verən bu hadisələr bir daha
sübut etdi ki, 50 nəfəri idarə edə bilməyən AXCP sədrinin ölkəni idarə etmək
istəyi gülüş doğurur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirdi
ki, Azərbaycan müxalifətinin radikal qanadı heç vaxt heç bir hüquqdan təyinatı
üzrə istifadə etməyib: "Hər zaman tək amalları, tək arzuları ara qatmaq,
qarşıdurma yaratmaq, ölkəni xaosa sürükləmək olub. Oktyabrın 8-də keçirilən
siyasi akt da buna nümunədir. Sona qədər bilinmədi ki, adamlar mitinqə gəliblər,
yoxsa piketə”.
E.Musayev vurğuladı ki, qanunvericiliyin konkret tələbləri var və
həmin tələblər özündə o imperativ normanı ehtiva edir ki, maksimum say 50 nəfər
olmalıdır, artıq olsa, qanun pozuntusudur: "Amma kimə deyirsən? Heç veclərinə
də olmadı. Yenə öz "hava”larında idilər. Niyə? Çünki həmin "hava”nı yaradan
havadar da bunların ağlındadır. Təsəvvür edin, Əli Kərimli "facebook”da yazır
ki, piketdir, amma xalqımız da prosesi kənardan müşahidəçi kimi seyr eləsin. Bu
nə deməkdir? Bu nə texnologiyadır? Necə seyr eləsin? Sən hələ mitinqlə piket
arasındakı mahiyyəti, təyinatı, fərqi bilmirsənsə, bu ağıllamı hakimiyyətə
iddia edirsən, lider olmaq istəyirsən? Lökbatanda mitinqin keçirilməsinə icazə
verilmişdi də. Niyə getmədin? Mütləq mərkəzimi qarışdırmalısan? Mütləq tıxacmı
yaratmalısan? Mütləq insanları rahatsızmı etməlisən? Bu məntiq, ümumiyyətlə,
hansı parametrlərə söykənir? 50 nəfər adamı koordinasiya edə bilməyən partiya
sədri, özünü müxalifətin lideri adlandıran, əslində isə baş qaragüruhçu olan
Əli Kərimli fərqindədirmi ki, bitib-tükənib, nüfuzu yerlə birdir və bu
imitasiyalar onu xilas edə bilməyəcək?
İndi də mitinq qərarı alıblar. İnandırım sizi, icazə veriləcək, yenə
yüz bəhanə gətirib getməyəcəklər. Çünki dərdləri, məqsədləri aksiya, sərbəst
toplaşma hüququ, azadlığı-filan deyil. Onların tək məramı görüntü, yazıq obrazı
yaratmaq, siyasi naşılıqlarını kompensasiya etmək, axırda da beynəlxalq təşkilatların
yanında timsah göz yaşları tökməkdir.Azərbaycanın radikal müxalifəti həqiqətən siyasətimizin üz qarasıdır və bu dediyim fakt onların hər addımında, hər qərarında özünü daha aydın göstərir və təsdiqinə varır”.
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki,
belə uğursuz aksiyalardan obyektiv siyasi partiyalar, sadə insanlar, media
lazımi nəticə çıxardığı halda, AXCP-nin radikalları və onun rəhbəri heç bir
nəticə çıxarmır: "Çünki belə piketlər bir daha sübut edir ki, ölkədə radikal
formada aksiyaların keçirilməsinə cəmiyyətin heç bir sosial sifarişi yoxdur.
Cəmiyyət belə aksiyalara hər hansı bir dəstək vermir və ölkə ictimaiyyəti bu
cür addımlarla hər hansı problemin həllinin mümkünsüzlüyü qənaətindədir.
Təəssüf ki, bu nəticəni hamı çıxara bildiyi halda, tək AXCP və onun rəhbərliyi
bu qənaətə gələ bilmir”.
A.Quliyev qeyd etdi ki, aksiya zamanı sistemsizlik, pozuculuq,
təxribat niyyətləri açıq şəkildə ortada idi: "Sözün açığı, hesab edirəm ki,
partiyanın rəhbərliyi, yəni Əli Kərimli və onun ətrafı istəsəydi, bu aksiyanı
qanun çərçivəsində, 50 nəfərin iştirakı ilə yüksək səviyyədə idarə edə bilərdi.
Çünki ən azından aksiyaların keçirilməsi sahəsində bu təşkilatların,
partiyaların müəyyən təcrübəsi var. Amma məsələ ondadır ki, nə Əli Kərimli, nə
də onun adamları bu aksiyanın mövcud qanunvericilik və cəmiyyətin
təhlükəsizliyi, sabitliyi prinsipləri çərçivəsində keçirilməsində maraqlı
deyil. Elə öncədən də həmin 50 nəfərlik aksiyanı Bakının mərkəzində, guya on
minlərlə adamın iştirak etdiyi bir yürüşə, mitinqə çevirmək planları var idi.
Təsadüfi deyil ki, aksiyadan qabaq AXCP-nin əlində mövcud olan təbliğat
ruporları və onları idarə edən trollar vasitəsilə çağırışlar olunurdu. Eləcə də,
insanları müşahidəçi kimi dayanmağa və baxmağa dəvət edirdilər. Məqsəd aydın
idi: orada qələbəlik yaratmaq və piketi 50 nəfərlik aksiya çərçivəsindən
çıxarıb kütləvi yürüşə, mitinqə çevirmək, sabitliyi pozmaq, əhalinin, xarici
diplomatik korpusların diqqətini siyasi fakt olaraq bu hadisəyə cəlb eləmək və
baş verən hadisələrə görə hakimiyyətin ünvanına yeni ittihamlar, arqumentlər
yaratmaq. Ona görə də, radikal müxalif düşərgə bu aksiyanın məqsədli şəkildə
çərçivədən çıxmasına və xaosa çevrilməsinə çalışırdı. Buna isə nail ola
bilmədilər və bu da onların növbəti uğursuzluğu idi. Yəni Lökbatanda icazə
verilmiş aksiyaya getməməklə, onlar cəmiyyətin gözündə ifşa oldularsa, bu
piketi də kütləvi xaosa çevirmək məqsədləri iflasa uğradığına görə, növbəti
dəfə məğlubiyyət yaşadılar”.