• cümə axşamı, 28 mart, 20:26
  • Baku Bakı 13°C

“5 aydır saçlarıma əl gəzdirmirəm” - Fotolar

31.10.17 09:30 4332
“5 aydır saçlarıma əl gəzdirmirəm” - Fotolar
Ötən həftə Xəzər televiziyasında yayımlanan "Ata ocağı” serialının çəkiliş prosesində iştirak etmişdik. Gecə-gündüz çalışan serialın yaradıcı heyətinin tamaşaçı sevgisini heç də asan əldə etmədiyinin şahidinə çevrildik. Serialın baş qəhrəmanlarından biri - Niyaz obrazını canlandıran əməkdar artist, Pantomima Teatrının direktoru, istedadlı aktyor Elman Rəfiyevlə çəkiliş prosesləri yekunlaşdıqdan sonra söhbət etdik. Müsahibimizi səhnədə, efirdə izləsək də, belə bir obrazda onu ilk dəfə görürdük. Serialda içki düşkünü, əyyaş birini canlandıran aktyor bunun üçün heç bir kompleks keçirmədiyini, əksinə, aktyorun hər rola istənilən zaman hazır olmasının vacib olduğunu vurğuladı.

- Elman müəllim, imicinizlə, obrazınızla tam bir içki aludəçisi ab-havası yaratdınız.
- Mən buna məyusluq hissimi bildirə bilmərəm. Əksinə. Xarakterik rolları ifa etməyi çox sevirəm. Hesab edirəm ki, aktyor bir ampluada özünü tanıtmamalıdır, bütün obrazları oynamağı bacarmalıdır. Niyaz da mənim yaradıcılığımda fərqli bir obraz idi. Obraz bu səbəbdən məni özünə çəkdi. Aktyor mənfi və müsbət obrazı canlandırmağı bacarmalıdır.Serialın çəkiliş prosesindən "İnstagram” səhifəsində paylaşdığım Niyazın şəklinin altında yazırlar ki, "sənə bu da azdır”, "gərək o araq butulkasından əl çəkəydin” və sair. Mən buna məyus olmuram. Sevinirəm ki, tamaşaçıları bu obrazın həqiqiliyinə inandıra bilmişəm. Demək nəyəsə nail olmuşam ki, tamaşaçı mənə bunları yazır.
- Adətən aktyorlar tamaşaçıların nifrətini qazanmamaq üçün çox zaman mənfi rollara çəkilməyə razılıq vermirlər.
- Elədir. Mən də bunu müşahidə etmişəm. Baba olduqdan sonra efirlərə tez-tez çıxmağa başladım. Efirdə özümü rahat şəkildə olduğum kimi təqdim etdim. Həyatda da eləyəm, çox pozitiv insanam. Müxtəlif kanallarda verilişlərdə çıxışlar etdim. İndi tamaşaçılar məni bu obrazda görəndə deyirlər ki, axı sən belə insan deyildin. Deyib-gülən, enerjili, şən birisən. Aktyor, əgər yaxşı aktyordursa, bütün bunları bacarmalıdır. Aktyor mənfi obrazı da, qəhrəman sevgili obrazını da, əzazil adamı da canlandırmağı bacarmalıdır. Bu, aktyorun böyüklüyüdür. Onun nə qədər işinin peşəkarı olmasından xəbər verir.

- Baba olandan sonra həyatınızda nələr dəyişdi?
- Babalıq həqiqətən də çox gözəl hissdir. O, sözlə ifadə olunacaq deyil. Yaradıcılıq baxımından soruşursunuzsa, uzun müddət idi ki, seriallarda çəkilmirdim. Sonuncu dəfə "Aramızda qalsın” serialında iştirak etmişdim. Onunla da hər şey aramızda qaldı, heç kim bilmədi (gülürük). Ondan sonra heç bir seriala çəkilmədim. Uzun müddətdən sonra belə bir təklif aldım, düşündüm ki, niyə də olmasın.
- Sizə hər hansı rol təklifi gələrkən fikirləşirsinizmi ki, artıq babayam. Baba statusu da ağır olur axı.
- Qətiyyən. Hər zaman düşünürəm ki, nə özümü baba kimi, nə də Pantomima Teatrının direktoru kimi aparım. İstəyirəm ki, hər kəs məni adi bir aktyor - Elman Rəfiyev kimi tanısın. İncəsənətə insanlardan özümü fərqləndirmək üçün gəlmişəm. Bunu həmişə qeyd etmişəm. Mən insanlardan fərqli olmaq üçün aktyorluq sənətini seçdim. Çünki xoşuma gəlirdi ki, efirə çıxanda məni tanısınlar.

- Niyaz obrazına razılıq verərkən qorxmadınızmı ki, sizin imicinizə xələl gətirər? Axı siz Pantomima Teatrının direktorusunuz.
- Məni hər yerdə Pantomima Teatrının aktyoru və ondan sonra direktoru kimi təqdim edirlər. Xalq məni aktyor kimi tanıyır. Məni hansısa bir obrazda görəndə demirlər ki, bu aktyor Pantomima Teatrının direktorudur. Sadəcə mətbuat işçiləri bilir ki, mən teatrın direktoruyam. Bunu adi, sıravi vətəndaşlar bilmir. Mənim vəzifəm budur. Aktyor kimi bu obrazın öhdəsindən gəlməliyəm. Qətiyyən düşünmürəm ki, bu, karyerama xələl gətirər. Düşüncəmdə canlandırdığım obraz bir çox rejissorlar üçün mesaj oldu. Yəni mən bunu bacarıram. Düzdür, imicimdə çox dəyişiklik oldu. Çünki heç vaxt bu saç düzümündə gəzməmişəm. Sonuncu dəfə bu cür saçım 2007-ci ildə Şamil Nəcəfzadənin "Qala” filminə çəkiləndə olmuşdu. Həmin film üçün 4 ay saçıma əl vurmağa qoymadılar. İndi də 5 aydır saçlarım dağınıqdır, əl gəzdirmirəm. Bu mənim üçün faciə deyil. Bu obrazı yaratdıqdan sonra küçəyə çıxanda çox adam məni tanımır. Küçəyə çıxanda tamam fərqli bir formada çıxıram. Panamamı başıma qoyuram, rəngli paltarlar geyinirəm. Mənim özümə məxsus imicim var. Çünki mənim içimdə həyat eşqi var. Bu mənim həyat şüarımdır. Şəhərə çıxanda, insanların geyimlərinə baxanda ürəyim sıxılır. Çünki hamı qara və boz paltarlar geyinir. Ancaq mənim qarderobuma nəzər yetirsəniz, görərsiniz ki, geyimlərim rəngbərəngdir. Belə ki, orada yaşıl, qırmızı, sarı - hər rəng var.

- Bununla diqqət çəkmək istəyirsiniz?
- Biz aktyorluq sənətinə ona görə gəlmişik ki, cəmiyyətdən seçilək, fərqlənək. Uşaq yaşlarımda mərhum sənətkarımız Siyavuş Aslanın şan-şöhrətinə baxırdım və düşünürdüm ki, mən də belə bir aktyor olacağam. İnsanlar məni sevsinlər, tanısınlar. Tamaşaçıların sevgisini qazanmaq o qədər də asan məsələ deyil. Yəni əvvəlcədən fərqli düşünən və öz istəkləri olan bir insan olmuşam. Ona görə də rəngli geyimlər mənim həyat tərzimdir. Qara geyimlərə üstünlük vermirəm. Rəngli geyinmək daha yaxşıdır. Çünki həm aktyor kimi, həm də insan kimi seçilirsən. Bunun nəyi pisdir ki?
- Elman müəllim, canlandırdığınız Niyaz obrazı ilə gündəlik olaraq rastlaşırsınızmı? O cür insanlara münasibətiniz necədir?
- Əlbəttə, rastlaşıram. Bizim serialda baş verən hadisələr real həyatdan götürülüb. Azdırmı, Azərbaycanda belə ailələr? Canlandırdığım bu əyyaş obrazımın 3 prototipi var. Onların hərəsindən bir şey götürmüşəm. Onlardan biri bizim məhəllədə yaşayır, hansı ki, obrazın bəzi elementlərini ondan götürmüşəm. Digərlərini qiyabi olsa da tanıyıram. Onlar efirə baxanda özlərini görürlər. Yəni Niyaz obrazında yalnız bir əyyaşı tam olaraq canlandırmamışam.

- Onlar bilirlərmi ki, siz bəzi elementləri onlardan götürmüsünüz?
- Bilirlər. Bu onlara xoş gəlir. Düşünürlər ki, gör e, bizdən də nəsə götürürlər, bu hərəkəti ancaq mən edirəm (gülürük). Aktyor daim müşahidə etməyi bacarmalıdır. Danılmaz faktdır ki, siması məşhur olan aktyorlar ictimai nəqliyyatdan, metrodan, avtobusdan istifadə etmirlər, çox vaxt piyada gəzmirlər. Amma öz şəxsi avtomobilim olmasına baxmayaraq, siz daim məni avtobusda, metroda görə bilərsiniz. Çünki məncə, aktyor insanlar arasında olmalıdır ki, müşahidə qabiliyyəti artsın. Axı insanların çox olduğu yerlərdə hər cür insan tipi var və sən istənilən anda onların həyatını canlandıra bilərsən. Baxın, indi mənim əyyaş obrazımın tarixçəsi bitdi. Niyaz əyyaşlığı atdı. Onun üçün yeni bir obraz dönəmi gəlməlidir. Hazırda əyyaşlıqdan adi insana çevrilən insan prototipi axtarıram. Yəni ki, o, arağın dəmi gələndə nələr edir, hansı tutmaları olur.

- Bu serial sizi sanki yenidən canlandırdı.
- "Ata ocağı” serialına böyük ümidlərim var. Bu serial haqqında xoş sözlər eşidirəm. Sosial şəbəkədə insanlar yazırlar ki, indiyə qədər niyə üzə çıxmırdınız? Bəlkə də mən məqamı gözləyirdim ki, normal rol təklifi gəlsin və seriala çəkilim. Serialların çəkilməsi gözəl haldır, ancaq hər seriala çəkilən aktyorlardan deyiləm. Öz sənətimə, peşəmə qiymət verməyi bacaran insanam. Sevirəm ki, sənətimə qiymət versinlər. Bu sənət dəyərli, müqəddəs sənətdir. Onun ucuzlaşmasını heç istəmərəm.
- Qeyd etdiniz ki, məqam gözləyirmişsiniz. Axı zaman da öz sözünü deyir...
- Hər şey qismətdən asılıdır. Al Paçino 40 yaşından sonra məşhurlaşmağa başladı. Bu yaşa kimi onu heç kim tanımırdı. Ancaq 40 yaşından sonra o, dünyanın bir nömrəli aktyoru oldu. Mənim nə yaşım var ki... Hələ cəmi 46-dır. Mən demirəm ki, Al Paçinoyam. Gərək tamaşaçı qarşısına elə çıxasan ki, o səni qəbul edə. Artıq tamaşaçı qarşısında müəyyən bir imicim var idi. Elə bir məqam yetişmişdi ki, tamaşaçıya mənim başqa obrazlar da canlandıra biləcəyimi göstərmək lazım idi. Gözlədiyim məqam da elə bu idi. Mənə elə gəlir ki, "Ata ocağı” serialı ilə o məqamı əldə edə bilmişik. İnsanlar Elman Rəfiyevin digər tərəfini də görə bildilər.

- Həm teatra rəhbərlik etmək, həm də böyük məsuliyyəti olan bir obrazı canlandırmaq sizə çətin gəlmirmi?
- Əsla. Mən işimi sevirəm. Bu seriala çəkilmək mənim teatr işimə heç bir maneçilik törətmir. Teatrda işlərim öz axarı ilə davam edir.

- Bir az da Pantomima Teatrından danışaq. Hazırda teatrda hansı proseslər gedir?
- Hazırda teatrda iki tamaşa üzərində gərgin iş gedir. Tamaşanın biri noyabrın əvvəli, digəri isə gələn ilə gözlənilir. Pantomima bir az çətin janr olduğu üçün bir tamaşanı tez ərsəyə gətirmək mümkün olmur.
- Adətən siz tamaşa haqqında qabaqcadan məlumat vermirsiniz.
- Elədir. Öncədən məlumat vermək bizim prinsipimizə ziddir. Bircə onu deyə bilərəm ki, bu tamaşada qeyri-adi şeylər görəcəksiniz.

- Düşünürsünüz ki, öncədən yeni tamaşa haqqında danışsanız, bunun düşər-düşməzi olar?
- Xeyr. Əzəl gündən biz bu yolu tutmuşuq və öz ənənəmizə də sadiqik.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər