4 yaşında məktəbə gedən, 18 yaşında universitet bitirən qız
Avqust
ayında 4 yaşı tamam olub, sentyabrda məktəbə gedib. 14 yaşında orta məktəbi
bitirib, 18-də bakalavr təhsilini. Valideynlər, adətən, uşaqlarını 6 yaşı tamam
olmamış məktəbə göndərmirlər ki, qoy uşaqlığını yaşasın, dərslər ona bu dövrünü
uşaq kimi keçirməyə mane olacaq. Amma o məktəbə tez getsə də, uşaqlığını da
doya-doya yaşadığını deyir.
Müsahibimiz
bu il Bakı Dövlət Universitetinin beynəlxalq
münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirən 18 yaşlı Turana
Tağıyevadır.
Qeyd edək ki, T.Tağıyeva 2000-ci ildə Bakı şəhərində anadan olub. 1-9-cu siniflərdə 193 nömrəli, 10-11-ci siniflərdə
isə 212 nömrəli məktəbdə təhsil alıb.
Turana ilk olaraq məktəbə tez getməsinin səbəblərindən danışdı: "Qardaşım məndən böyükdür, evdə valideynlərim onu məktəbə
hazırlaşdırırdılar, mən də kənardan bütün bunları dinləyirdim və onunla bərabər
məktəbə hazırlaşmış olurdum. Qardaşım və xalam oğlu məktəbə gedəndə mən də məktəbə
getmək istədiyimi bildirdim. Düzdür, hələ 4 yaşım yox idi, amma artıq məktəb
istəyirdim. Yaşım az olduğu üçün valideynlərim məni məktəbə göndərmək istəmirdilər.
Lakin çox inad etdiyim üçün məcbur qalıb apardılar. Müəllimlə direktor məni
sorğu-sual etdilər və məktəbə hazır olduğumu bildirərək, dedilər ki, xüsusi
istedadlı uşaqlar üçün olan imtahanı verməliyəm, keçə bilsəm, məktəbə gedə bilərəm.
İmtahanı verib birinci sinfə qəbul oldum”.
"Səhərlər həvəslə
oyanıb məktəbə getmişəm”
Bu gün 4
yaşlı uşaqları görəndə "doğrudan, mən o uşaqlar boyda olanda məktəbə getmişəm?”
deyə sual etsə də, məktəblə bağlı yaşından dolayı hər hansı çətinliyi olmayıb:
"4 yaşında uşaqlar görəndə mən buna təəccüblənirəm, hətta şok keçirirəm ki,
axı, bu yaşda adam çox balaca olur. Düşünürəm ki, doğrudan, o uşaqlar boyda
olanda məktəbə getmişəm? Yəni arada buna özümün də təəccübləndiyim olur
(Gülür). Amma heç vaxt dərslər mənə çətin gəlməyib, məktəbdən geri qayıtmaq, həvəsimin
ölməsi halı olmayıb. Həmişə səhərlər həvəslə oyanıb məktəbə getmişəm. Məktəbi
çox sevirdim”.
Turana
görünüş baxımından sinif yoldaşlarından balaca olsa da, əqli cəhətdən heç vaxt
geridə qalmadığını deyir: "Dərslərimi yaxşı oxumağa çalışmışam, hər zaman əlaçı
olmuşam. Məktəblə bağlı yalnız xoş xatirələr yadımdadır. Dərslərlə bağlı heç
bir çətinlik çəkmirdim”.
"Uşaqlığımı
doya-doya yaşamışam”
"Yaşca
sinifdə hamıdan balaca olsam da, sinif nümayəndəsi idim” – deyən müsahibimiz
bildirdi ki, özündən böyükləri bir araya toplamaq onun üçün heç də çətin
deyilmiş: "Onlar məni özlərindən balaca deyil, yaşıd kimi görürdülər, mənə hörmətlə
yanaşırdılar. Müəllimlərlə münasibətim çox yaxşı olub. Hətta bəzən müəllimlərimiz
mənə "qızıl fond”, "son xəbər” deyirdilər. Müəllimlərimin və sinif
yoldaşlarımın sevimlisi olmuşam”.
Turana 4
yaşında məktəbə getməyi ilə uşaqlığının əlindən alındığını düşünmür: "Məni heç
kim məktəbə məcbur göndərməyib. Məktəbə getməyi özüm istəmişəm. Məktəblə
yanaşı, rəqsə, şahmata, üzgüçülüyə də gedirdim. Ümumiyyətlə, çox hiperaktiv
uşaq olmuşam. Ona görə, valideynlərim məni bu kimi məşğuliyyətlərə yönəldirdilər
ki, enerjimi faydalı işlərə sərf edim. Əlavə məşğuliyyətlərlə yanaşı, dərslərimi
də hazırlamağı çatdırırdım. Heç kim məni dərs oxumağa məcbur etməyib. Özümü
daha yuxarı yaşlarda hiss etmirəm də. Uşaqlığımı doya-doya yaşamışam. Heç vaxt
"dərsə tez getdim, uşaqlığım dərs oxumaqla keçdi” demirəm. Dünyaya bir də gəlsəm,
4 yaşımda məktəbə gedərəm (Gülür)”.
"Bu, mənə 14
yaşda qismət oldu”
Hətta
deyir ki, məktəbə tez getməsi ona çox üstünlük qazandırıb: "Universitetə qəbul
olandan sonra istər-istəməz, insanın təfəkkürü dəyişir. O mənada ki hər şeyə
daha real baxırsan, daha çox şey öyrənirsən. Həm də yiyələnmək istədiyin
ixtisası dərindən öyrənmək fürsəti yaranır. Çox insan bunu 18 yaşında
yaşayırsa, bu, mənə 14 yaşda qismət oldu, 18 yaşımda artıq universiteti
bitirdim. Biri var təfəkkürün 21-22 yaşında dəyişsin, bir də var 18 yaşda.
Bununla iş həyatına daha tez başlamaq imkanım olur. Yəni arzularımın
reallaşmasına bir addım daha yaxınam. Magistraturaya da tez başlamaq imkanım
var. İmtahan vermişəm, 114 bal toplamışam”.
Ondan
yaşıdlarını soruşanda, ağlına 20-21 yaşlılar gəldiyini deyir: "Bağçaya
qardaşımla bir yerdə, özümdən böyüklərin qrupunda getmişəm. Məktəb vaxtı da məndən
2-3 yaş böyük uşaqlarla oxumuşam deyə, özümü 18 yaş kateqoriyasına aid etmirəm.
Ümumiyyətlə, uşaqlıqdan özümdən yaşca böyük olan uşaqlarla söhbətim yaxşı
tutub. Mən "yaşıdlarım” deyəndə 18 yaşlıları nəzərdə tutmuram. Avtomatik olaraq
ağlıma, 20-21 yaşlılar gəlir”.
"Oxumaqdan
zövq alıram”
Universitetə
qəbul vaxtı yaş məsələsi hər hansı problem yaratmayıb, amma yaşın verdiyi həyəcanı
universitetə qəbul imtahanında hiss edib: "Sınaq imtahanlarında daha yüksək bal
yığırdım, 590-600 arası nəticə göstərirdim. Ümid edirdim ki, qəbul imtahanında
da belə olacaq, amma bəlkə də yaşımın həyəcanından irəli gələrək 411 bal
yığdım. Düzü, bu, məni məyus etmir, çünki istədiyim ixtisasa qəbul olmaq üçün
yığdığım bal kifayət etdi”.
Turana
oxumaqdan zövq aldığını deyir: "Dərs yükü nə məktəb, nə də universitet vaxtı mənim
üçün problem olmayıb. Dərslərdən əlavə boş vaxtımda mütaliə etməyi çox sevirəm.
İncəsənətlə maraqlanıram, bu, mənim hobbimdir. Sənət əsərləri, onların hekayələrini
araşdırmağa da vaxt sərf edirəm. Oxumaq mənim üçün yük deyil, oxumaqdan zövq
alıram”.
"Məni məndən
çox tənqid edən yoxdur”
Turananın
iddialı, bir az da inadkar xasiyyəti danışığından hiss olunur. Deyir ki, həm də
özünə tənqidi yanaşma xüsusiyyəti var: "Düzü, bürclərə çox da inanan insan
deyiləm, amma özüm əjdaha ili, şir bürcüyəm. Bəlkə bunun da rolu var, onun
xüsusiyyətlərini daşıyıram. Deyilənə görə, məndə idarəçilik, liderlik xüsusiyyətləri
var, insanları başıma toplaya bilirəm. Həm də həmişə özümə tənqidi yanaşıram. Bəlkə
də məni məndən çox tənqid edən yoxdur. Həmişə özümə deyirəm ki, bunu əldə
etdin, kifayətlənmə, daha yaxşısı üçün çalış. Həmişə hər şeyin daha yaxşısını
istəyirəm. Çünki bilirəm ki, istəsəm, bacararam, məndə o potensial var.
Gördüyüm işi kənardan başqası "əla” adlandıra bilər, amma o, heç vaxt mənim
üçün əla olmur. Bəlkə də hamı üçün əla olan bir şey mənim üçün pisdir. Həmişə
dünənkindən daha yaxşı insan olmağa can atıram”.
"7-ci sinifdən
diplomat olmaq istəyirdim”
Turana
diplomat olub ölkəmizi xaricdə təmsil etmək istəyir: "Mən seçdiyim ixtisasla
bağlı məlumatlı idim. Bilirdim ki, bu ixtisası bitirəndən sonra diplomat olub
ölkəmizi, maraqlarını təmsil etmək olar. 7-ci sinifdən artıq diplomat olmaq istəyirdim.
Ona görə, məlumatlı olaraq və istəyərək beynəlxalq münasibətlər ixtisasını
seçmişəm. Özümü bu peşədə daha yaxşı ifadə edə biləcəyimə əmin idim. Mənim ən
böyük arzularımdan və məqsədlərimdən biri Azərbaycanı dünyada layiqincə təmsil
etməkdir. Bilirəm ki, bunu bacararam. Eyni zamanda elmi fəaliyyətlə də məşğul
olmaq istəyirəm”.
Hazırda
isə Turana Xarici İşlər Nazirliyində təcrübə keçir: "Təhsil aldığım 4 il ərzində
"Gilan Holding”də təcrübə keçmişəm. 4-cü kursda oxuyanda isə bizi XİN-ə təcrübəyə
göndərdilər. Təcrübə müddətimiz bitsə də, mənim vaxtımı uzatdılar”.
Aygün Asimqızı