“4-5 qab yemək yeyirdim, amma doymurdum”

“4-5 qab yemək yeyirdim, amma doymurdum”

Gənclik qəzeti
07 Noyabr 2019, 14:23 1467
"Bu ölkədə gördüyün hər şey sənə tanış gəlir. KFC-nin loqosunu kopyalayıblar, bircə içində adam işarəsini dəyişiblər. Küçədə yaxınlaşanda elə bilirsən ki, KFC-dir. Maşın gəlir, elə bilirsən, "Mitsubishi”dir, diqqətlə baxanda görürsən ki, loqoda çox xırda dəyişiklik ediblər. "Mercedes” loqosu 3 xətlidir, onlar 5 xətli formada başqa bir maşın brendi yaradıblar”.

Bu sözləri Çindən səfərdən dönən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri Hacıağa Əliyev bildirdi. 23 gün Çində olan H.Əliyevlə səfər təəssüratları ilə bağlı söhbətləşdik.

- 23 günlük Çin səfərindən yeni dönmüsünüz. Maraqlıdır, bu müddət Çin haqqında danışmaq üçün kifayət edirmi?
- Çini tanımaq üçün 23 gün mənə bəs etdiyini düşünürəm. Düzdür, işlə bağlı getmişdim, amma bu, həmin ölkəni daha fərqli aspektdən tanımaq imkanı yaratdı. Sırf turist səfərləri fərqli olur, otelə gedirsiniz, sonra çıxıb özünüz üçün şəhəri gəzirsiniz, ölkənin sosial düşüncəsindən çox da xəbəriniz olmur. Bizim səfər isə həm də bu cəhətdən yaxşı imkan yaratdı. Çünki fərqli qruplarla Çinin Jinhua, Yiwu, Hanqzhou, Kunminq şəhərlərini gəzdik, insanları ilə ünsiyyətdə olduq. Hər gün 6 saat təlim olurdu, qalan vaxt öz ixtiyarımızda idi.
 


- "Ömür boyu kənd çolpası, şirinçayla böyümüş adama Çində yaşamaq çətindir” qənaətinə gəlməyinizin səbəbi nə oldu?
- (Gülür) Azərbaycanda uşaqlar səhər yuxudan oyananda, valideynlər onlara adətən, şirinçay verirlər. Səhər yeməyi süfrəsində pendir, çörək, şirinçay olmasına öyrəşmişik. Çində səhər süfrəsində çay, kofe olur, amma şəkərə nadir hallarda rast gələ bilərik. Qidaları da orqanik deyil, orqanikləri var, amma onlar çox bahadır. Bizdə isə qidalar çox orqanikdir. Qidaya xüsusi önəm verənlər üçün orda yaşamaq çətin olar. Ona görə elə yazmışdım.

- Təlim rejimi ilə gəzməyə nə dərəcədə vaxt tapa bilirdiniz?
- Səhər 7-də bizi oyadırdılar. Səhər yeməyini yeyib təlimə gedirdik. Günortaya qədər 3 saat, günortadan sonra da 3 saat təlim olurdu. Hardasa axşam 6-dan sonra boş olurduq. Onda telefonuma "Translate” proqramını yükləyib Çini gəzməyə başlayırdım. Çünki çinlilər ingilis dilini çox zəif bilirlər, 90 faizi bilmir. Ona görə özüm gəzməyə, müşahidə etməyə başladım.

- Çində ilk olaraq diqqətinizi nə çəkdi?
- Baxırsan ki, şəhərlər çox böyükdür, 15-20 milyon əhalisi var, amma küçədə gəzəndə bunu hiss etmirsən. Bunun səbəbi 28-30-35 mərtəbəli binaların çoxluğudur. Bir şəhərcikdə 40-50 belə bina olur. Hərəsi də 4 blok. İnsanları bir yerə yığıblar, binaların ətrafı isə yaşıllıqdır. Bir şəhərcikdə 80-90 min adam yaşadığını eşidəndə şok oldum. Çünki küçədə elə də çox adam qarşına çıxmır. Bizdə isə 4 mərtəbəli bina daha çoxdur və bunlar daha çox ərazi tuturlar. Bir də yollarında tıxacla qarşılaşmadım. Çünki yollar iki yerə ayrılır: maşın və moped yolu. Mopedlərin də 95 faizi elektriklə çalışır. Az hallarda avtobus görə bilərsiniz. Çünki insanlar daha çox moped istifadə edirlər.

- Təlimdən sonra ən çox nəyə vaxt sərf etdiniz?
- Yeməyə (Gülür). Çünki çinlilər çörək yemirlər, duz və şəkərdən də demək olar ki, istifadə etmirlər. Belə hamısı var, sadəcə olaraq yeməklərə əlavə etmirlər. Azərbaycanda 99 faiz insan şəkərli kartof yeməyib. Onlar kartof qızartmasının üstünə şəkər tökürlər. Tum almışdıq, üstünə şəkər töküblər. Şəkərli tumu ilk dəfə orda yedim.

Çində yemək saatları çox qəribədir. Səhər yeməyi 7:30, günortanı 12:00,  axşam yeməyi isə 6-da olur. Azərbaycanda rejim fərqli olduğu üçün avtomatik bir neçə saat sonra bir də acıb, yenidən yeyirdim. Üstəlik də Azərbaycanla 4 saat fərq var idi, orda gecə 12 olanda Bakıda axşam 8 olurdu. Məcburən gecə 12-yə qədər oyaq qalırdım ki, ailəmlə danışım. Ona görə, bir də yeməli olurdum. Həm də çörəksiz yeyirdim, ona görə tez acırdım. Bulka var idi, amma o da çörəyi əvəz etmir axı. Qəribə idi ki, lazım olan yerdə şəkər olmurdu, şəkər ehtiyac olmayan yerdə şəkər istifadə edirlər. Sonra bir marketdən çörək tapdıq, amma onu da hər dəfə sifariş verə bilmirdik. Başqalarını demirəm, mən yavanlıq etməyəndə acıram (Gülür). Yeyirsən, yeyirsən, kalori yoxdur. Azərbaycanda 2 quba alması, yaxud paxlavası yeyəndən sonra doyuram. Mən orda 4-5 qab yemək yeyirdim, amma doymurdum. Bizi doyuran çörək, şəkər, duzdur, onlar isə həmin qidaları maksimum istifadə etmirlər. Deyirlər ki, düyü çörəyi əvəz edir. Məncə, azərbaycanlı üçün düyü heç vaxt çörəyi əvəz edə bilməz.

Düzdür, Çində də pizza kimi hər yerdə məşhur olan yeməkləri verən restoranlar var, ancaq çoxluq öz restoranlarıdır. Restoran həddindən artıq çoxdur. Küçə ilə gedəndə yan-yana 10 restoranla qarşılaşırsan, sonra bir marketlə və bir neçə geyim mağazaları ilə. Çünki gün ərzində çox yeyirlər. Onların evdə yemək bişirmə ehtimalları çox azdır. Nə vaxt baxırsan, əllərində ya sup yeyirlər, ya düyü, ya vermeşil. Həddindən artıq çox yeyirlər.
 
 

- "Azərbaycanda yemək bişirə bilməyən şəxs Çində baş aşpaz ola bilər” – cümləsi ilə başlayan bir paylaşım etmişdiniz.
- Bəli, Azərbaycanda orta statistik ailədə yemək bişirə bilməyən gəlinlərin 90 faizi Çində baş aşpaz işləyə bilər. 7 ay ketrinq şirkətində menecer işləmişəm, müəyyən qədər yemək işini bilirəm. Heç bir azərbaycanlı qadın lobyanı qaynar suya salıb, bir dəqiqə sonra çıxarıb "bişib” deyib masaya verməz. Nə də düyünü pörtlədib süfrəyə verməz. Yaxud kartofu alaçiy bişirməz. Bunu bir restorana əsasən demirəm. 5 şəhərdə bir çox fərqli restoranda olduq, 99 faizi eyni idi.

- Çinə gedənlərdən, ilan, qurbağa, it əti yeyib-yemədiyini mütləq soruşurlar. Yedinizmi?
- İt əti bizə pis gəlir, amma orda bahalı yeməkdir. İt əti yemədim, amma ilan, qurbağa ətindən bişirilmiş yeməklər yedim. Midyə, ahtapot, xərçənglərin müxtəlif növlərindən masaya nə qoyulmuşdusa, hamısından yedim. Dedim ki, bəlkə xərçəng yeyib doyaram (Gülür). Ümid ona qalmışdı. Adını bilmədiyim bir xeyli dəniz məhsulunun dadına baxdım. Bir də onlar küçədə ahtapot, toyuq, donuz ayağı satırlar. Bizdə demək olar ki, istifadə edilməyən toyuq ayağı orda delikatesdir. Suplarda toyuq ayağından və toyuq başından istifadə edirlər. Çinə onu ixrac edib yaxşı pul qazanmaq olar. İki ayaq orda 4-5 manat civarındadır.

- Fərqli mətbəxin yeməkləri ilə qidalanmaqla bağlı probleminiz yoxdur?
- 11 yaşımdan ailədən uzaq yaşayıram. Liseydə təhsil aldığım üçün ev yeməyi komfortuna öyrəşməmişəm. Hər axşam anamın bişirdiyi supu yemək məsələsi olmayıb. Hərbi xidmətdə də nə veriblər, yemişəm. Çində də elə, süfrəyə hansı yemək qoyuldusa, onlarla qidalandım. Mənimlə gedən bir azərbaycanlı da var idi, həmin məhsulları yeyə bilmirdi. Pakistandan gələn dindarlar var idi ki, 23 gündə biri 9 kilo, digəri 10 kilo arıqladı. Toyuğu orda islam qaydalarına əsasən kəsmirlər deyə, toyuq da yemədilər. Çində toyuğa şok verirlər, ölür, sonra kəsirlər. Donuzu da elə. Ona görə ancaq kartof və arada da tort yedilər. Bu da normal qidalanma deyil. Vegeterianlar üçün də orda qida məsələsi çətin olar. Məsələn, lobya istəyirsən, o qədər acı bişirirlər ki, mədələri üçün ziyan ola bilər. Mən o qədər yeməklə 5 kilo arıqlamışdım.
 


- Çində orqanik məhsulların çox baha olması ilə bağlı status yazmışdınız, müzakirə mövzusu olmuşdu. Çinlilərin xərclərindən də danışaq...
- Çində xərclər azdır. Məsələn, çinlidən soruşdum ki, qonaq gedəndə nə aparırsınız? Deyir ki, maksimum kiçik bir şokolad. Burdan başqa şəhərə qonaq gedib, əlində 4 manatlıq şokolad aparmaq Azərbaycan reallığı üçün bir az çətin məsələdir. Mən ayda maşının benzininə 120 manat verirəm. Başqa bir dostumuzun maşını daha böyük motora sahibdir, o 150-200 manat xərcləyir. Bir çinli nəqliyyata o qədər pul vermir. Ayda 50 yuan dövlətə ödəyir, şəhərin istənilən yerində ona moped verir. İstənilən parklanma yerinə yaxınlaşıb mopedin QR kodunu vurub götürür, sonra istədiyi parklanma yerində buraxıb gedir. Onu özüylə aparmaq kimi öhdəliyi yoxdur. Bizim pulla 50 yuan 12 manat civarındadır. Velosiped isə ayda 2 manatdır. Nəqliyyata ayda çox az pul xərcləyirlər. Bizdə uşağa dayə tutmaq, bağçaya qoymaq üçün orta statistik qiymət günə 10 manatdır. Amma Çində dövlət bağçalarıdır, sadəcə, çox xırda qeydiyyat xərcləri olur. Biz toya gedəndə minimum 50 manat atırıq, Çində isə hədiyyə ilə iş bitir. Yaxud bizim 1000 manata aldığımız telefon onlara 300 manata başa gəlir. Tutaq ki, bir azərbaycanlı da ayda 1000 manat qazanır, çinli də. Azərbaycanlının xərci 800 manat olur, çinlininki 300. Onlarda bir çox qidalar bizdəkindən baha ola bilər, amma sual yaranır, onlar onu davamlı yeyirlərmi? Çörək orda bahadır, bizdə çörəyi 2 manat 50 qəpiyə qoymaq mümkün deyil. Amma bizdə qurbağa ətinin qiymətini 4-5 dəfə də artırsalar, o qədər problem olmaz. Çünki istehlak zənbilimizə daxil olan bir şey deyil. Düyü orda 80-90 qəpikdir və onlar düyünü çox istifadə edirlər.

- Statusda otel sahibinin yumurta satması məsələsini yazmışdınız. Belə hallara orda rast gəlmək mümkündür?
- Azərbaycanda hansısa otel sahibi bunu etməz. Orda bir qız var idi, 4 kvadratlıq bir yerdə oturur, üstündə qayçı, skoç və s. var, malları paketləyib ünvanlarını yazır.  İş çıxışında o qız "Porshe Macan”a minib getdi. Soruşdum ki, bu qız o qədər çox qazanır? Dedilər ki, hə. Dünyanın hər yerinə gedən məhsulları paketləyir. Ümumiyyətlə, orda bu cür ticarətdən belə, çox yaxşı pullar qazanılır. "Yiwu” Beynəlxalq Ticarət Mərkəzini götürək. 76 min mağazadan ibarət bir yerdir. Onlar dünyanın 205 ölkəsinə ixrac edirlər. Bir mağazadır, girirsən ki, ancaq dəftərə yapışdırmaq üçün stiker satır. Ordakı mağazalardan nədənsə bir dənə ala bilmirsən. Çünki onların pərakəndə satış aparmağa vaxtları yoxdur. Məsələn, biz nədənsə bir dənə alıb-almayacağımıza əmin olmadan 4-5-ni yoxlatdırırıq. Onlar bu kimi məsələlərə görə, tək-tək satışda maraqlı olmurlar.

- Çində təhsil alan azərbaycanlı tələbələrlə də görüşmüsünüz.
- Bəli, tələbələrlə də görüşdük. Çində Jinhua şəhərində 13 azərbaycanlı tələbə təhsil alır. Bu, təbii ki az saydır, amma onlar ölkəmizi orda çox yaxşı təmsil edirlər. Universitetin tanıtım kitabçasını əlinə alanda üz qabığında Azərbaycan bayrağı görünür. Ordakı tələbələr buna nail olublar. Universitetdə keçirilən sərgidə tələbələrimiz elə bir stend hazırlayıblar ki, bütün ölkələrin stendlərindən yaxşı olub. Qızlarımız stenddə paxlava qoyublar. Çinlilərin çox xoşuna gəlib. Universitetin tanıtımında foto kollajda ilk foto Azərbaycanla bağlıdır. Jinhuada azərbaycanlı tələbələri görəndə sevinirlər. Çünki azərbaycanlılar multikulturaldırlar, hansı ölkədən insanla qarşılaşsalar, uyğunlaşma, ünsiyyət problemi olmur.

- Hətta toyda da iştirak etmisiniz. Çin toyundan diqqətinizi çəkən nə oldu?
- İki toyda iştirak etmək imkanım oldu. Çin toyu çox maraqlı idi. Orda toyda tamada ortada görünmür, arxada oturur, səsi gəlir. Bizim kimi süfrəsində yemək çeşidi çox olan toyları da var, amma normalda belə toylar az olur. Bizim 100 manatlıq stolu orda görə bilməzsiniz. Orda pul yazdırmaq üçün oğlan-qız evi söhbəti də yoxdur. Qonaqlar əllərində hədiyyə ilə gəlirlər. Bəlkə onun içinə pul qoyurlar, onu deyə bilmərəm (Gülür).

Aygün Asimqızı