• cümə axşamı, 25 aprel, 04:09
  • Baku Bakı 19°C

3D tamaşalardan bizdə niyə yoxdur?

03.10.17 09:30 2473
3D tamaşalardan bizdə niyə yoxdur?
Teatr canlıdır, hərəkətlidir, görünəndir, dinamikdir. Əgər teatr kompyuter, internet əsrində yaşayırsa, bunun özü də böyük nailiyyətdir. Çünki zaman dəyişdikcə, müasirliyə doğru gedirik. İnsanlar ev və ofis şəraitində dünyaya açılır, bütün işlərini məhz kompyuter vasitəsi ilə həll etməyə çalışırlar. Elə jurnalistikanı götürək. Azərbaycanda oturub, dünyanın ucqar nöqtələrində yaşayan insanlardan müsahibə ala biliriksə, bunun özü müasirliyin göstəricisidir.
Danılmaz faktdır ki, bu gün müasir texnologiyalar teatr prosesinə də təsirsiz ötüşmür. Belə ki, paytaxtımızda, eləcə də bölgələrimizdə fəaliyyət göstərən teatrlarımız təmir olunur və onların səhnələri yenidən bərpa olunur. Kiçik büdcə ilə dolanan teatrlarımızın səhnələrinə yeni avadanlıqlar gətirilsə də, yenə də dünya standartlarına çata bilmirik. Belə ki, bu gün tamaşaçı yeganə canlı sənət növü olan teatra gedir və orada müasir nəsə görmək istəyir. Nəzərə alsaq ki, kinoteatrlarda mövcud olan 3D formatında filmlərə də günü-gündən maraq artır, bəs o 3D formatlı tamaşalar bizim teatrlarda niyə nümayiş olunmur? Niyə Amerikada, Avropada, uzaq Şərq ölkələrinin teatrlarında mütəmadi olaraq göstərilən 3D formatlı tamaşalar bizim teatrlara ayaq aça bilmir?
Qərara gəldik ki, araşdıraq. Bu sahədə təcrübəsi olan bir neçə ekspertlə söhbət etdik. Onların bəziləri əsas problemi maddiyyatda, bəziləri isə insanlarımızın tənbəl olmasında gördü.
"Bizdə onu işlədə bilən mütəxəssis yoxdur”
Təmirdən yeni çıxmış Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov deyir ki, Sumqayıt Teatrı təmirdən sonra çox müasirləşdi və bir çox texniki avadanlıqlarla təmin edildi: "Teatrımızın təmir olunması yaradıcı heyətimizin işini çox yüngülləşdirdi. Misal üçün, əvvəllər işıq sistemimiz əllə idarə olunurdusa, indi kompyuter sistemi ilə çalışır. Təmirdən sonra teatrımızın texniki məsələləri kompyuter vasitəsi ilə həll olunur. Təbii ki, bu kimi xırda nüanslar işimizi daha da yüngülləşdirir. Əvvəl tamaşa başlayanda işıqçı işığı hazırlayırdı və bütün günü bu proseslə məşğul olurdu. İndi isə proseslər proqramlaşdırılıb. Səhnədə mizanlar da proqrama uyğun qurulur”.
O ki qaldı müasir standartlara cavab verən 3D formatında hazırlanan tamaşalara, rejissor deyir ki, bu sualla lazımi orqanlara müraciət edilsə, bəlkə o zaman öz həllini tapar: "Bu çox çətin məsələdir. Bizdə də istəyirlər belə bir sistem qurulsun, amma onu işlədə bilən mütəxəssis yoxdur. Bu bizlik məsələ deyil. Teatrımızın təmirini İcra Hakimiyyəti edib. Biz onlara deyə bilmərik ki, bizə 3D formatlı tamaşalar hazırlamaq üçün əlverişli şərait yaradın. Bizim buna ixtiyarımız da yoxdur. Hazırda bizim teatrlarımızda 3D formatlı tamaşaların hazırlanması çətin məsələdir. Təbii ki, olsaydı, yaxşı olardı. Amerikada və digər əcnəbi ölkələrin teatrlarında mən bu texnologiya ilə tanış olmuşam. Oradakı möhtəşəm tərtibata heyranlığımı gizlədə bilməmişəm. Bu kimi müasir texnologiyaların səhnədə hərəkəti insanı təəccübləndirir, tamaşanın effektini artırır. Biz bu baxımdan bir qədər geridəyik”.
Belə olan halda, "bu kimi müasir avadanlıqların istifadəsini rejissormu mükəmməl bilməlidir, yoxsa bunun üçün ixtisaslı kadrlar yetişməlidir?” sualımıza cavab olaraq rejissor bildirdi ki, bu təhsil rejissora heç də gərək deyil: "Rejissor öz ideyasını verir, səhnədə ona hansı effektlərin lazım olduğunu deyir. Onu işlədən adam həmin aparatdan başı çıxırsa, sənə müxtəlif variantlar təklif etməlidir. Rejissor texnologiyanı, müasir avadanlıqları mükəmməl bilməli deyil. O, sadəcə olaraq ideyanı verəndir. Şübhəsiz ki, anlayışı olmalıdır. Bizdə bu sahədə mütəxəssis tapmaq çətin məsələdir. Maaş azdır deyə, gənclər bu sahəyə üz tutmurlar. Bizim bir işıq ustamız var. 45 ildir ki, teatrımızda tək işləyir. Sabah ona bir şey olsa, biz işıqsız qalacağıq. Gənclər teatra üz tutur, bir müddət işləyib gedirlər. Biz də istəyirik ki, bu tip tamaşalar hazırlayaq. Guya istəmirik? Rejissorun fantaziyası daima işləyir, ancaq bu fantaziyaları həyata keçirmək üçün texnologiyalar da buna imkan yaratmalıdır. Düzdür, bütün dekorları işıqla hazırlayırlar. Biri var, taxta ilə divar hazırlayaq, bir də var ki, iki dəqiqənin içində səhnədə işıq effektləri ilə həmin ab-hava yaranır. Şübhəsiz ki, 3D formatı işi yüngülləşdirir. Həm də ucuz başa gəlir. Əgər sənə ağac lazımdırsa, iki dəqiqəyə işıq effekti ilə yaradırsan. Ümid edirəm ki, bizdə də olar”.
"3D formatlı tamaşa sırf rəssam işidir”
Abdulla Şaiq adına Kukla Teatrının baş rəssamı İqbal Əliyevin məsələyə baxış bucağı tamamilə başqa cür oldu. O deyir ki, indiki zəmanədə əgər istəsək, 3D formatlı tamaşa da hazırlayarıq, hələ bundan o yana da keçərik. Yetər ki, bizdə istək olsun: "Kukla Teatrı təmirdən sonra istər işıq sistemində, istərsə də səs sistemində ən son texnologiyalarla təmin edildi. Bu gün teatrda onların hamısından istifadə edilir. Əsasən tamaşanın dramaturji xəttinə baxıb, ona görə işıq, səs sistemləri hazırlanır. Artıq bizim teatrda 3D formatlı tamaşalar hazırlanır. Biz uşaqların əyləncə məkanı olaraq istənilən janrdan və üslubdan istifadə edirik. Sizin qeyd etdiyiniz 3D formatlı tamaşalar da hazırlayırıq. Belə ki, teatrımızda Anar Məmmədovun quruluşunda "Pişiyin evi” tamaşası hazırladıq. Tamaşanın rəsm tərtibatı mənə məxsus idi. Bu tamaşa izləyicilər tərəfindən çox gözəl qarşılandı. Həm estetik, həm də tamaşaçıların diqqəti baxımından yaxşı tamaşaların sırasına qatıldı. Bu məsələdə hər şey rejissorun istəyindən asılıdır. Misal üçün, bizim teatrda "Durna balığı” tamaşamız 3D formatında işlənilib. Bu, tamaşalarda rənglənmə və dekorların baxış bucaqları, rənglənməsi baxımından istifadə olunur. Eyni zamanda, işıq effektlərindən istifadə edilir. 3D formatlı tamaşa sırf rəssam işidir. Orda hər bir xırda məsələ dəqiqliklə işlənməlidir. Məsələn, bizim teatrda "Pişiyin evi” tamaşasında meşə səhnəsi təsvir etdik. Biz o təsviri elə işləmişdik ki, kənardan baxanda tam təbii meşə effektini verirdi. Elə bilirsən ki, meşənin içinə düşmüsən. Ancaq məsələnin dərinliyinə baxsanız, görərsiniz ki, bu səhnə adi bez üzərində işlənilib”.
Rəssam deyir ki, 3D formatlı tamaşalar daha ucuz başa gəlir: "Bu tip tamaşalarda ağır dekorlardan istifadə edilmir. 3D tipli hazırlanan tamaşalara xərclənən vəsait digər tamaşalarla müqayisədə daha azdır. Adi səhnədə istifadə olunan kətan və bez üzərində rənglərdən istifadə olunur. Sadəcə burada rəssamın işi daha çox olur”.
"Qrafika işçilərinin bacarıqsızlığı, rejissorların dayaz fantaziyası böyük rol oynayır”
Azərbaycan Dövlət Yuğ Teatrının rejissoru, xarici teatr prosesində təhsilini genişləndirən Günay Səttarisə teatrlarımız nə qədər müasir avadanlıqlarla təchiz olunsa da, bu texnologiyalardan az istifadə olunduğunu deyir: "Bizim teatrlarımız hər nə qədər müasir və ən son avadanlıqlarla təchiz olunsa da, yenə də görürsünüz ki, bəzi məqamlarda nələrsə çatmır. Tamaşa zamanı aktyorun istifadə etdiyi qırılan şüşələr, xüsusi effekt yaradan qablar və sair, ilaxır kimi xırda şeylər. Misal üçün, mənim hazırladığım bir tamaşada qırılan butulka lazım idi. Belə ki, butulka qırılsın və aktyora zərər verməsin. O, sadəcə sınıb dağılır və qırılma effektini verir. Biz onu heç yerdə tapa bilmədik. Xaricdən sifariş etsək də, qiyməti baha idi. Biz artıq alternativ variantı seçməyə başladıq. Mən bizdə 3D formatında, möhtəşəmliyi və müasir avadanlıqların istifadəsi ilə seçilən elə bir tamaşaya baxmamışam. Burda qrafika işçilərinin bacarıqsızlığı, rejissorların fantaziyaların azlığı da böyük rol oynayır. Ancaq bu məsələdə ən başlıca səbəb maddi problemdir. Çünki onlar çox bahalı vasitələrdir. Bir rəssamla mən 3D formatında maraqlı bir tamaşa hazırlamaq istəyirdik. Belə ki, hadisələri monitorun içində bütün effekti ilə vermək istəyirdik. O monitorun özü də çox bahalıdır. Həmin monitorun özü belə dövlət sifarişi qədər pul edirdi. Hətta onu kirayələməyi belə düşünməyə dəyməzdi. Rejissor ideyanı təklif edir, ancaq onu təsdiq eləmirlər. Vizual effektlərin insana təsirini sevirəm. Ümid edirəm ki, gələcəkdə bizim belə tamaşalarımız olacaq. Bu daha çox rəssamlarla bağlıdır. Rejissor deyir ki, belə bir şey istəyirəm. Artıq texnologiyasını rəssamlar bilir. Bizdə kifayət qədər bacarıqlı rəssamlar var. İnanıram ki, nə vaxtsa başqa ölkələrdə heyranlıqla baxdığımız tamaşalara biz öz ölkəmizdə də baxa biləcəyik”.
"Gərək insanın içində bunu etmək istəyi olsun”
Gəncə Dövlət Dram Teatrının baş rejissoru, bir çox xarici teatr proseslərini yaxından izləyən İradə Gözəlova da bu tip məsələlərin böyük büdcə tələb etdiyini deyir: "Pul olsa, niyə də olmasın? 3D formatı nədir ki, proyektor yandırılır, görüntü verilir və budur, tamaşa hazırdır. Rejissoru olduğum "Mənim günahım” tamaşasında qısa da olsa biz bu vasitədən istifadə etdik. Bu çox bahalı olsa da, yaxşı görüntü əldə etdik. Əgər siz Avropa, Amaerika teatrlarında nümayiş olunan 3D-dən danışırsınızsa, onlar çox bahalıdır. Həm də bizdə o qədər istedadlı kadrlar yoxdur ki, onlar bu prosesi dərindən bilsinlər. Biz bu layihədə rəssamların işlədikləri qrafikadan istifadə etdik. Demək olar ki, super səviyyədə peşəkarlar yoxdur, sadəcə orta səviyyədə nələrsə etməyə çalışan rəssamlar var”.
İ.Gözəlova deyir ki, insanın özündən də çox şey asılıdır: "İndi müasir dövrdə yaşayırıq. Yaşadığımız dövr kompyuter əsridir. Əgər kimsə bu işlə maraqlanmaq istəsə, elə internet vasitəsi ilə bunu öyrənib, tətbiq etməyə çalışar. Gərək insanın içində bunu etmək istəyi olsun. Hər şeyi Mədəniyyət və Turizm Nazirliyinin üstünə də atmaq düzgün deyil ki, xaricə kadr göndərsin, onu yetişdirsin. Biz özümüz də belə məsələlərdə çox passivik. Bunu öyrənmək üçün o qədər də böyük proses tələb olunmur”.
Təbii ki, deyildiyi kimi, ən son standartlara uyğun təchiz olunmuş teatrlarımızda müasir avadanlıqlarla hazırlanan tamaşalara baxmaq biz tamaşaçılar üçün də xoş olardı. İndi kompyuter, internet əsridir deyirik. Bu günün tamaşaçılarını təəccübləndirmək, onları teatra cəlb etmək çox çətin məsələdir. Kompyuter əsrində insanları canlı sənətə baxmağa vadar etməyin ən rahat yollarından biri 3D formatlı tamaşaların hazırlanmasıdır. Ancaq ekspertlərimizin də dediyi kimi, bunun üçün ilk növbədə böyük maddi imkanlar tələb olunur. Müvafiq hazırlıqlı kadrlar və istəyin olması da öz yerində.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər