AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

35 yaşlı “Mimino”

35 yaşlı “Mimino”

Mədəniyyət
23 Noyabr 2012, 13:51 2871
1977-ci ildə gürcü təyyarəçisi Miminonun (gürcü dilində «Şahin» deməkdir) sərgüzəştləri haqqında əfsanəvi komediya çəkildi. Hazırda məşhur filmin ilk dəfə ekranlara çıxmasından 35 il keçir. Ekran əsərinin çəkildiyi birinci il filmə prokatda 24 milyondan çox tamaşaçı baxmışdı. Filmin rejissoru və baş rolun ifaçıları Vaxtanq Kikabidze və Frunzik Mkrtçyan SSRİ dövlət mükafatına layiq görüldülər.

Kikabidzenin məşhurluğu

Ümumiyyətlə, Daneliya «Mimino»nu yox, «Xüsusi bir şey yoxdur» adlı tamam ayrı bir film çəkmək istəyirmiş. Ancaq bir gün yazıçı Maqsud İbrahimbəyov rejissorun qonağı olandan sonra hər şey dəyişir. «Mən Maqsuda çəkilişinə başlamaq istədiyim film haqqında danışdım. Həmçinin onunla kənd təyyarəçisi haqqında düşündüyüm ssenarini də bölüşdüm. Ssenariyə görə təyyarəçi balaca vertolyotda uçur. Kəndliləri kinoya və kəndə daşıyır. Bir gün o, stüardessaya vurulur və Moskvaya gəlir»- deyə Georgi Daneliya xatırlayır. “Maqsud dedi ki, bu, ideya maraqlıdır. Mən bütün gecəni bu barədə düşündüm. Səhər isə bir çox ssenarilərimin müəllifi Rezo Qabriadzeyə zəng vurdum. Biz yazıçı Viktoriya Tokareva ilə üçlükdə tamamilə yeni bir ssenari üzərində işləməyə başladıq. Əvvəlcə film haqqında demək olar ki, heç nə bilmirdik. Təkcə onu bilirdik ki, baş rolu Vaxtanq Kikabidze oynayacaq. Ssenarini demək olar ki, çəkilişlər zamanı yazdıq. Bir sıra səhnələr və adlar ssenariyə həyatdan daxil oldu. Belə ki, “vəkillə səhnə” dəqiqliklə Daneliyanın qızının başına gələn tarixçə idi: Gənc vəkil residivistlə üz-üzə qalanda qorxaraq sarsıldı. Cinayətkar qorxan qıza nə edəcəyini və hansı sualları verəcəyini yavaşcadan deməyə başladı”.

Rejissor Svetlana Georgiyevnanın şərəfinə filmdə vəkili Svetlana Georgiyevna adlandırır. Frunzikin qəhrəmanına gəlincə, Daneliya son ana qədər baş rolun dostunu kimin oynayacağı barədə qərar verməmişdi. Bilmirdi k, rolu Mkrtıçyan yoxsa Yevgeni Leonova versin. Rejissor sözün həqiqi mənasında püşk atdı. Püşk Mkrtıçyanın bəxtinə düşdü.

Film çəkiləndən sonra Kikabidze təkcə Gürcüstanda deyil, bütün SSRİ-də tamaşaçıların sevimlisinə çevrildi. Əlbəttə, Gürcüstanın əyalətlərindəki çəkiliş meydançalarına bütün kəndlərin sakinləri ayaq açdılar. Hamısı məşhur artisti öz gözləri ilə görmək, əgər bəxtləri gətirərsə, onunla içmək istəyirdilər. Az qala onun hər iki pərəstişkarından biri sanki onun üçün tuluqda və piyalədə şərab gətirməyi özünə borc bilirdi. Aktyor içki içməkdən imtina edirdi. Hər dəfə də anlaşılmazlıqlarla qarşılaşırdı. Adamlar neçə kilometrlərlə yolu Kikabidzeyə görə gəldikləri üçün inciyirdilər. Vaxtanq demək olar ki, min bir bəhanə ilə yaxasını kənara çəkməyə çalışırdı. O, gah ürəyinin ağrısını bəhanə edirdi. Onda «Çaça - ürək ağrıları üçün ən yaxşı dərmandır» deyirdilər.

İnsanlara başa salmaq lazım gəlirdi ki, o, səhər tezdən qalxmalıdır, qarşıda görülməli işlər çoxdur və s. Fərqi yox idi, yenə də eyni cavabı alırdılar: «Çaxır - enerjini saxlamaq üçün ən yaxşı vasitədir». Nəhayət, çarə tapıldı: Kikabidze nə vaxtsa eşitdiyi bir xəstəliyin adını bildirərək dedi ki, o, guya qonorreyadan müalicə olunur. Bundan sonra yerli sakinlər nəinki ona içki təklif etdilər, hətta, onun zərər çəkməməsi üçün hər anını izləməyə başladılar.

Başlanğıcda adama elə gəlirdi ki, Kikabidzenin qəhrəmanı bir neçə mahnı ifa edir. Fonoqram artıq yazılmışdı. Ancaq çəkilişlərdə birinci musiqili epizoda maneə yarandı. Valikonun kəndə getməsi və oxuduğu səhnəni çəkdilər. Fonoqram eşidildi, amma aktyor bir neçə metr gedəndən sonra birdən kötük kimi yerində donub qaldı. Təəccüblənmiş Daneliya nə baş verdiyini soruşanda «Mən təsəvvür etmirəm ki, buradakı vertolyotçular kənddə oxuya-oxuya gəzişirlər». Nəticədə filmdə yalnız bir mahnı qaldı - «Çito-qrito». Qərara alındı ki, onu kadr arxasına qoysunlar. Mahnı ekran əsərində səslənən kimi ümumittifaq hitinə çevrildi.

Daneliyanın hiyləsi

Film senzuraya məruz qaldı. Daneliya filmin ilkin variantını Dövlət Kino Komitəsinin sədrinə təqdim edəndə iki epizod kəsildi. Səhnələrdən biri Valikonun Təl-Əvivlə telefonla danışıq səhnəsi idi: telavili Valikonun dostu telefonla Təl-Əvivdən olan İsakla danışmaqdan imtina edir. Rejissor filmin kəsilməməsi üçün inadkarlıq göstərir. Onda komitə sədri mürəkkəb beynəlxalq şəraiti onun üçün təsvir edir və SSRİ ilə İsrail dövlətinin gərgin əlaqələrini xatırladır. Daneliya görəndə ki, rəhbərliyi fikrindən daşındıra bilmir, hiyləgərlik etməyi qərara alır. O, filmin iki variantının surətini təklif edir: biri festival üçün, digəri isə ümumittifaq prokatı üçün. Belə ki, komitə sədrinin tələbi festival üçün hazırlanan varianta tətbiq olunacaqdı. Rejissorun fərasətini qiymətləndirərək onun variantını qəbul edirlər. Nəticədə festival tamaşaçıları kəsilmiş surətə, ümumittifaq tamaşaçıları isə əsl varianta baxa bilirlər. Ümumilikdə isə film 1977-ci ildə keçirilən Moskva Kino Festivalının baş mükafatına layiq görülür.

«Mimino»nun 30 illik yubileyində Moskvada - Daneliyanın yaşadığı mənzilin yaxınlığındakı Təmiz gölün ətrafında filmin qəhrəmanının abidəsinin qoyulması planlaşdırıldı. Moskva hakimiyyəti əvvəlcə bu ideyanı bəyəndi. Bir neçə aydan sonra isə bu fikirdən daşınıb dedilər ki, gölün ətrafı abidələrlə həddən artıq dolub.

Amma Zyrab Sereteli «Mimino»nun qəhrəmanlarını öz abidəsi ilə əbədiləşdirdi. Valiko, Rubik və Voloxovun abisədi Dilicanda qoyuldu. Bir qədər sonra isə filmin qəhrəmanlarının və rejissorunun abidəsi Tblisidəki məşhur Avlabar meydanında ucaldı.

“Аргументы и факты»dan tərcümə etdi
Təranə Məhərrəmova