AZE | RUS | ENG |


"33 ölkədən gənc psixoloqlar Azərbaycana gəlir"

Orxan Oruc: “Psixologiya tariximiz üçün önəmli olan EFPSA konqresi, təşkilatın öz tarixində də əhəmiyyətli bir tədbirə çevriləcək”

Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının (European Federation of Psychology Students Assosiasion-EFPSA) 31-ci Ümumavropa Konqresi 23-30 aprel tarixlərində ölkəmizdə, Qax rayonunda keçiriləcək. Tədbirin təşkilati öhdəliyini bu il üzərinə götürən yerli təşkilat isə "Gənc Psixoloqlar” İctimai Birliyidir. Qeyd edək ki, 1987-ci ildə Portuqaliyada yaranan EFPSA bu gün 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən bir ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi isə gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Bir neçə gün sonra reallaşacaq tədbirin planı, hazırlıq işləriylə bağlı birliyin sədri Orxan Orucla söhbətləşdik.

- Hazırlıqlarınız necə gedir?
- Hər şey qaydasındadır, artıq hazırlıqlarımız tamamlanma ərəfəsindədir. Yerdə qalan xırda texniki məsələlərdir ki, onlar da konqres ərəfəsində həll olunmalıdır. Əminəm ki, psixologiya tariximiz üçün önəmli olan bu konqres EFPSA-nın tarixində də əhəmiyyətli bir tədbirə çevriləcək.

- Psixologiya ölkəmizdə yeni-yeni inkişaf edir. Bu sahədə olan gənc psixoloqlarımız üçün tədbir nə kimi əhəmiyyət kəsb edəcək?
- Biz "Gənc Psixoloqlar” İctimai Birliyi olaraq EFPSA-ya qoşulanda, tədbirlərinə cəmi 2-3 nəfərlə gedib-gəlirdik. Axırıncı konqresdə isə bizdən gedənlərin sayı 16 nəfərə çatmışdı. Bu dəfə isə ümumilikdə 50-dən çox azərbaycanlı iştirak edəcək. Bu, Azərbaycanın gənc psixoloqları ilə Avropa psixologiya elminin mərkəzi təşkilatlarından birinin arasında sıx əlaqələrin dinamik inkişafının göstəricisi hesab oluna bilər. Eyni zamanda yerli psixoloqların əlaqələrinin qurulması, dünyada psixologiya elmindən xəbərdar olmaları üçün müsbət bir işdir. Həm öz ixtisaslarına sevgi və motivasiyanın yaranması cəhətdən önəmlidir, həm də dostluq əlaqələri qurulur. İnsanın öz ixtisası ilə bağlı Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən dostlarının olmasının nəyi pisdir ki? EFPSA-nın özü bir standartlaşdırma mərkəzidir ki, psixoloqlar yığışıb nəyisə müzakirə edib, ortaq bir nöqtə tapıb, öz ölkəsinə gedəndə ona uyğun psixoloji xidməti tətbiq edirlər, təhsil sahəsində psixologiya ilə bağlı vahid yanaşmanı ortaya qoyurlar. Bu baxımdan düşünürəm ki, gənc psixoloqlar, ümumiyyətlə isə psixoloji xidmət tariximiz üçün də kifayət qədər əhəmiyyətli tədbirdir.

- Qeyd etdiniz ki, konqresdə müxtəlif mövzular müzakirə olunur. Bu dəfə müzakirə hansı mövzular ətrafında olacaq?
- Hər il fərqli mövzular müzakirə edilir. Eyni zamanda hər il təşkil olunan konqresin öz əsas mövzusu olur. Bu il əsas mövzumuz "Müasir insanlıq”dır. Həmin başlıq altında daha çox son dövrlərin aktual problemləri olan müharibə, terrorların psixoloji tərəflərini müzakirə edəcəyik. Bu mövzunu seçməyimizin bir səbəbi də odur ki, dünyanın bu gün müharibə, terror gördüyü dövrü biz təxminən 15-20 il əvvəl yaşamışıq. Müharibəni də, bitdikdən sonra terroru da, insanlarımıza buraxdığı psixoloji izləri də görmüşük, onlarla necə mübarizə aparmaq lazım olduğu da bilirik. Həm də dolayı yolla, bizim bu kimi problemlərimizə də diqqət çəkmək üçün yaxşı fürsətdir. Bütün çıxışçıların mövzusu aşağı-yuxarı, gəlib əsas mövzu ilə səsləşir. Təxminən 100-dən artıq mövzu təklif olunmuşdu, onların içərisindən 56-sı seçildi. 56 mövzuda bir həftə ərzində seminarlar, treninqlər, mühazirələr, dəyirmi masalar təşkil olunacaq.

- Çıxışçılar kimlər olacaq?
- Britaniya Psixoloqlar Cəmiyyətinin vitse-prezidentini qeyd edə bilərəm. Britaniya Psixoloqlar Cəmiyyəti psixologiya elmi üçün əsas istinad olunan cəmiyyətlərdən biridir. Həmin cəmiyyətin nümayəndəsinin ölkəmizə gəlməsi sevindiciri bir məqamdır. Onun post-travmatik stress mövzusunda saatyarımlıq çıxışı olacaq. Çox gözəl yerli mütəxəssislərimizin də çıxışları olacaq. Onlardan biri Prezident Yanında Starteji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, psixoloq Rauf Qaragözovdur. Sırf Qarabağ münaqişəsi aspektindən "emosional yaddaş” mövzusunda danışacaq. Türkiyənin Başkent Universitetindən, Lomonosov adına Moskva Dövlət Universitetindən professorlar olacaq. Hollandiya, Çexiya, Maltadan da gələcəklər. Bundan başqa, iştirakçılar arasında doktorantura, magistratura oxuyanlar var ki, onlar öz tədqiqat mövzularının burada təqdimatını keçirəcəklər.

- Tədbirdə ancaq gənc psixoloqlar iştirak edəcəklər? 
- EFPSA-nın daha bir üst qurumu EFPA adlanır. O sırf peşəkar psixoloqların təşkilatıdır. Ora gedən yol da EFPSA-dan keçir. Amma iştirakçı qismində konqresə gələnlər gənclər olur. Çıxışçılar arasında isə gənc olmayanlar da var.

- İştirak ödənişlidir?
- Bəli, ödənişlidir. EFPSA-nın bu konqresin keçirilməsi ilə bağlı öz qaydaları var. Onlar hər il müəyyən iştirak haqqı müəyyənləşdirirlər. Həmin yığılan büdcə ilə otelin bütün xərcləri qarşılanır. Yerdə qalan təşkilati işləri isə öhdəlik götürən yerli təşkilat həyata keçirir. 

- Tədbirlə bağlı elanda təxminən 300 nəfərin qatılacağını oxumuşdum. Ödənişli olduğu halda da, konqresə çox adam qatıla bilməz?
-  281 nəfər iştirakçı, təxminən 20 nəfər professor heyətidir, 25 nəfər təşkilat heyəti, 20 nəfər də yerli qonaqlarımız olacaq. Konqresdə ümumilikdə yerli vətəndaşlarla birlikdə 350 nəfər qonaq olacaq. Konqresin keçirilmə şərtlərində iştirak sayı ilə bağlı da müəyyən limit var. 

- Bir həftə ərzində konqresdə yəqin ki, təkcə çıxışlar olmaz. Planda daha nələr var?
- Birinci gün qarşılanma, sonuncu gün yola salınma günüdür. Birinci gün axşam tanışlıq xarakterli müxtəlif oyunlar keçiriləcək, sosial tədbirlər, konsert proqramı olacaq. Tədbirin digər günlərində səhər saat 10-dan axşam saat 18:00-a qədər akademik və təşkilatı görüşlərdir. Sonra axşam yeməyidir. Sonra isə sırf sosial tədbirlər başlayır. Məsələn, tədbirin ikinci gün axşam mədəniyyətlər gecəsidir. Hər ölkəyə bir stend kimi stol veriləcək. Onlar öz ölkələrindən gətirdikləri təamları, içkiləri orada nümayiş etdirəcəklər. Hər ölkə öz milli geyimində olacaq, onlara məxsus musiqilər səslənəcək. Bir gün Azərbaycan mədəniyyəti axşamı olacaq. Təxminən 3 saatlıq proqram nəzərdə tutmuşuq. Milli folklorumuzu, rəqslərimizi, musiqilərimizi təqdim edəcəyik. Tədbirin 4-cü günü həvəskarlar ansanblı adlı tədbirimiz olacaq. Burada tədbir iştirakçıları  həvəskar olaraq oxuya, rəqs edə, tamaşa göstərə bilər. 5-ci gün isə ekskursiya günü olacaq. Həmin gün heç bir elmi və təşkilatı iş olmayacaq. Əvvəlcədən təyin olunmuş avtobuslarla İlisuda Alban abidələrini ziyarət edəcəklər, sonra Şəki şəhərinə ekskursiya olacaq.

- Bu layihənin davamı olaraq daha hansı işlərin görülməsini planlaşdırırsız?
- Birlik olaraq əvvəldən qarşımıza məqsəd qoymuşuq ki, ölkəmizdə psixoloji xidmət səviyyəsinin yüksəldilməsi üçün gənc kadrların yetişdirilməsinə, onların peşəkar kadr kimi formalaşmasına öz dəstəyimizi verək. Bu layihə də bizim həmin missiyamıza gedən yolun bir nümunəsidir. Paralel olaraq biz fikirləşirik ki, 8 il əvvəl əməkdaşlığa başladığımız Avropa gənc psixoloqları ilə bu tədbirdən sonra münasibətlərimiz hansısa formada yeni bir mərhələyə keçəcək, daha peşəkar, məhsuldar formada onlarla əməkdaşlığa başlayacağıq. Yaxın gələcəkdə tələbələr, gənc psixoloqlarla bağlı başqa layihələrimiz də olacaq. Yerli gənc psixoloqların xarici ölkələrdə kurslara cəlb olunmasını, psixologiya elminin inkişaf etdiyi universitetlərdən müəyyən müəllimlərin, peşəkar insanların ölkəmizə dəvət edilməsini nəzərdə tuturuq. 

Aygün


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7084
GBP 1 İngilis funt sterlinqi 2.1911
TRY 1 Türk lirəsi 0.4862
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2104
EUR 1 Avro 2.0081
CHF 1 İsveçrə frankı 1.7650
USD 1 ABŞ dolları 1.7008