31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib

31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib

İqtisadiyyat
16 Oktyabr 2019, 20:43 110
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verib.
Komitədən Trend-ə verilən məlumata görə, Prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilmiş tapşırıqların icrası sürətlə davam etdirilir.
Fərmana əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Halar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir.
Fərman imzalandığı tarixdən bugünədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 184 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilmişdir. Komitə tərəfindən verilmiş 184 icazə ümumilikdə 553 girişli çoxmənzilli binaları və cəmi 31351 mənzili əhatə edir.
Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində – əsasən 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bugünədək verdiyi 184 istismara icazə 31351 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli sözügedən Fərmanının icrası çərçivəsində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədə yerləşdirilib və daim yenilənir.