300-dən çox peşə ləğv olacaq…
Bir yox, üç
dəfə ali təhsil almağa məcbur qalacağıq
Qırçı, telefonçu, poçtalyon, liftçi,
pinəçi, makinaçı, dəyirmançı və s. Bunlar 40-50 il öncə çox aktiv istifadə
edilən və bu gün tarixə qovuşan sahələrdən bir neçəsidir. Onlardan əvvəl də
ehtiyac duyulmadığı üçün sıradan çıxan sahələr olub, sonra da. Bu gün isə
proses daha sürətli gedir. Çünki artıq Dördüncü Sənaye İnqilabı
gerçəkləşməkdədir.
"SAHİL” İnformasiya Texnologiyaları şirkətinin
rəhbəri, İT mütəxəssisi Vahid Qasımov bildirdi ki, növbəti 10 il ərzində 300-dən çox
ixtisasa ehtiyac qalmaya bilər: "Hələ 5 il bundan öncə futuristik proqnoz var
idi ki, hazırda mövcud olan onlarla ixtisasa 2020-ci ilə qədər ehtiyac
qalmayacaq, 2030-cu ilə qədər isə 300-ə yaxın ixtisas silinə bilər. Bu siyahıda
mühasib, tərcüməçi, turizm sektorundakı sahələrin bir çoxu, çağrı mərkəzi
əməkdaşları, fəhlələr və s. var idi. Mexaniki və çox da zehin müdaxiləsi tələb
etməyən sahələrdə bu dəyişikliyi çox görəcəyik. Mühasib və tərcüməçiləri də
misal çəkdim. Onları süni intellekt əvəz edəcəyinə görə, xidmətlərinə ehtiyac
olmayacaq. Məsələn, sinxron tərcüməçiyə 1 saatlıq tərcümə üçün 200 manat
ödəyirlər. Ancaq 300-400 dollarlıq bir cihaz almaqla, bu problem birdəfəlik həll
ediləcək. "Google translate”i misal gətirib robot tərcümələrin keyfiyyətinin
heç də yaxşı olmadığını deyə bilərlər. Bu, pulsuzdur, ona görə keyfiyyəti
yüksək deyil. Amma professional sistemlərin - hansılar ki, pulludur –
keyfiyyəti olduqca yaxşıdır. Həmin proqramlarda hələ ki, Azərbaycan dili
dəstəyi yoxdur, amma rus, ingilis, çin, fransız, ispan, ərəb və s. dillər var.
Bir neçə ildə sonra Azərbaycan dili də olacaq, özü də çox yaxşı keyfiyyətdə.
Sadəcə vaxt məsələsidir”.
V.Qasımov
bildirdi ki, həm də xeyli sayda yeni ixtisaslar yaranacaq: "Əgər əvvəllər bizə,
sadəcə adi əsgər lazım idisə, hazırda dronları idarə edə bilən mütəxəssislərə
ehtiyac var. Azərbaycanda hələ də qışın soyuğunda, yayın istisində küçələrin
süpürülməsini ixtisassız qadınlar həyata keçirir. Amma indi avtomatik süpürən
maşınları idarə edəcək cavan oğlanlar lazım olacaq. Bu kimi dəyişikliklər çox
gedəcək”.
"Microsoft Azerbaijan”şirkətinin baş meneceri Qaçay
Mirzəyev deyir ki, kim texnoloji yenilikləri daha tez tətbiq edirsə, o
da daha çox pul qazanır, xərclərini minimallaşdırır, daha sürətlə böyüyə bilir:
"10 il bundan əvvəl və hazırda fəaliyyət göstərən 500 ən güclü dünya
şirkətlərinin siyahısına baxsaq, görərik ki, 10 il bundan əvvəlki şirkətlərin
çox az hissəsi hazırkı 500-lük siyahıda qala biliblər. Kim ki, texnoloji
yeniliklərə barmaqarası baxıb, onların tətbiqini ləngidib – rəqabətdə uduzub.
Cəmiyyət hazırda COVİD-19 pandemiyası ilə mübarizə aparır. 3 il ərzində baş
verməyən texnoloji inqilab pandemiyanın ilk 3 ayı ərzində baş verib. Böyükdən
kiçiyə hamı bunu hiss edir. Virtual məktəb layihəsi, elektron hökumətin
pandemiya zamanı qısa zamanda təqdim etdiyi həllər (SMS icazə, e-tebib tətbiqi,
190 AZN almaq üçün xüsusi portallar və s.) buna nümunədir. Yerli şirkətlərdən
hansı öz biznesini onlayn formaya daşıya bildisə, ayaqda qala bilib. Kim ki,
texnologiyanın tətbiqini ləngitdi, artıq özünə gələ bilmir və ya fəaliyyətini
dayandırıb”.
İş elanları
- anbardar vakansiyası
- dizayner vakansiyası
- data analitik vakansiyası
- ekspeditor vakansiyası
- fəhlə vakansiyası
- hüquqşünas vakansiyası
- HR mütəxəssis vakansiyası
- kopirayter vakansiyası
- katibə vakansiyası
- kredit məsləhətçisi
- layihə mütəxəssisi
- memar
- maliyyəçi vakansiyasi
- sürücü vakansyası
- satış meneceri vakansiyası
Q.Mirzəyev
deyir ki, texnoloji inkişafın insan əməyi tələb edən sahələri sıradan çıxarması
ilə təşvişə düşmək yox, bunlara hazır olmaq lazımdır: "Bəşəriyyət hazırda 4-cü
texnoloji inqilab yaşamaqdadır. Əvvəlki inqilablarda buxar maşınının icad
edilməsi, elektrikin kəşf edilməsi, internetin istifadəyə verilməsi böyük
texnoloji sıçrayışlarla müşahidə edilib. O zaman da insanlar indiki kimi fiziki
əməyin zehni əməklə əvəz olunmasından qorxurdular, çox insan da işini
itirmişdi. Lakin ağıllı insanlar vaxtında uyğunlaşmaqla, öz ixtisaslarını
dəyişməklə, yeni biliklər öyrənməklə iş yerlərini saxlaya, hətta qazanclarını dəfələrlə
artıra bilib. Dünya dinamik olaraq dəyişir. Əgər öz inkişafına vaxt və diqqət
ayırmırsansa, rəqabətdə uduzacaqsan, səndən daha səriştəli, səmərəli və faydalı
birisi ilə əvəz ediləcəksən. Müasir zamanda bu, robot və ya hansısa alqoritm də
ola bilər. İnsanla rəqabət aparmaq mümkündür. Ancaq insan maşınla, alqoritmlə
rəqabət apara bilməyəcək. Ona görə də elə sahələrə yönəlmək, diqqət ayırmaq
lazımdır ki, ən az 10-20 ildə o sahədə robotların və alqoritmlərin sürətli
tətbiqi gözlənilmir. Bu, əsasən emosiya, yaradıcılıq, istedad, hisslər və s.
tələb edən sahələrdir”.
Q.Mirzəyev
bildirdi ki, insanlar fiziki işlərdə çox resurs sərf edir, ancaq az gəlir əldə
edirlər. Belə işləri robotlara həvalə edərək dəyərli vaxtınızı azad edib
yaradıcı, zehni işlərə fokuslanmaq məqsədəuyğundur: "Bütün dünyada baş verən
tendensiya göstərir ki, ilk növbədə fiziki işlərdə robotlar tətbiq edilir.
Düşünürəm ki, Azərbaycanda da ilk növbədə fiziki sahələrdə əmək qüvvəsinə təsir
edə bilər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkə olduğumuz üçün, bizdə işçi
qüvvəsi nisbətən ucuzdur. Buna görə də, yeni texnologiya tətbiq etməzdən əvvəl
bir biznesmen təhlil aparanda görür ki, 100.000 AZN verib hansısa robot
almaqdansa, 80 nəfərə bu işi vermək daha səmərəlidir. Ancaq son dövrlər ölkədə
baş verən kadr axını ciddi kadr çatışmazlığına səbəb olub. Ona görə də, yeni
texnologiyaları
tətbiq etməklə işçi qüvvəsini qismən də olsa əvəzləmək
qaçılmazdır”.
Q.Mirzəyev
deyir ki, texnologiyanın əmək bazarına müsbət təsiri bir çox istiqamətdə özünü
göstərir: "Əmək bazarının iştirakçıları iş təklif edənlər, iş axtaranlar, kadr
hazırlayan təhsil müəssisələri və bunların arasında vasitəçi kimi fəaliyyət
göstərən təşkilatlardır (işə düzəltmə agentlikləri, ixtisas artırma kursları,
məsləhət xidmətləri və s). Texnoloji yeniliklərin tətbiqi bunlara fərqli təsir
edir. Ancaq bütün hallarda müsbət tərəfləri daha çoxdur. Dünya bazarına çıxmaq imkanı yaradır. Qlobal təcrübənin öyrənilməsi imkanına sahib
olmaq imkanı verir. Məsafədən təhsil, əlavə qazanc, passiv gəlir əldə etmək,
işə düzəlmək istədiyin şirkət haqqında daha geniş məlumat əldə etmək, yaxud
iş elanını daha geniş kütləyə çatdırmaq
imkanı, təqdim edilən sənədlərin
mötəbərliyinin dərhal yoxlanıla bilməsi, məsafədən müsahibə etmək imkanı və s.
müsbət tərəfləri çoxdur. Texnoloji yeniliklərin tətbiqindən əldə edilən
üstünlüklərdən ən başlıcası insan amilinin aradan qalxmasıdır. Bu da
rüşvətxorluq, qohumbazlıq və s kimi neqativ halları minimallaşdırmaqla yanaşı,
obyektivlik, şəffaflıq gətirib”.
Q.Mirzəyev
qeyd etdi ki, az da olsa, texnoloji yeniliklərin tətbiqinin əmək bazarına mənfi
təsirləri də var: "Vasitəçilik xidməti
aradan qalxır. Texnoloji
yeniliklərin tətbiqi müəssisələrə birbaşa potensial kadrlarla işləməyə kömək
edir. Müxtəlif şirkətlərin portallarında olan vakansiya bölməsi vasitəsilə
uyğun gələn vəzifələrə öz namizədliyini irəli sürmək üçün vasitəçiyə ehtiyac
yoxdur. Əvvəllər belə məsələlərdə vasitəçilik edərək pul qazanan işədüzəltmə
agentlikləri qazanclarının bir hissəsini itiriblər. Sizin icra etdiyiniz vəzifə öhdəliklərini çox asanlıqla bir robota və ya
bir alqoritmə həvalə edə bilərlər. Hazırda "Robopit Prosess Automation”
(RPA) texnologiyaları vasitəsilə istənilən təkrarlanan işi süni intellektə
əsaslanan proqram təminatı icra edə bilir. İllik belə bir xidmət 10.000 avro
xərc tələb edir. Bu zaman əldə edilən xidmət 24 saat 7 gün dayanmadan,
yorulmadan işləyə bilir. Deməli, iş təklif edən bundan xəbər tutan kimi
vəziyyət dəyişə bilər. Texnoloji
yeniliklər o qədər sürətlə artır ki, bunları öyrənib bitirmək mümkün deyil.
Xaricdə bəzi şirkətlər 4 günlük iş rejiminə keçiblər. Boşalan 1 günü
əməkdaşlarına öyrənmək, inkişaf etmək üçün geri veriblər. Nəticədə
məhsuldarlıq, peşəkarlıq xeyli yüksəlib”.
Psixoloq Orxan Oruc bilirdi ki, ümumilikdə, texnologiyaların tətbiqi
insanların işdə keçirdikləri vaxtı azaldacaq: "Bir çox insan işləyir, əməkhaqqı
alır, amma işdən özlərinə, ailələrinə vaxt ayıra bilmirlər və özlərini daha az
xoşbəxt hiss etməyə başlayırlar. Hansı işlər ki, işçilərə ailəsinə, özünə vaxt
ayırmağa imkan yaradır, o işlərdə çalışanlar özlərini daha xoşbəxt hiss
edirlər. Bu da birmənalı qəbul olunur ki, insan xoşbəxt olduqca işə daha çox
fayda verir. Yeni texnologiyaların daha çox tətbiq olunduğu ölkələrə baxaq.
Onlar işçilərin istirahət vaxtını daha çox etməyə başlayırlar. Bununla da
işçilərinin xoşbəxtlik əmsallarını artırırlar. Texnologiyanın inkişafı insanın
özünə ayırdığı zamanı da artırırsa, bu, depressiv mühit yox, insanların
psixoloji problemlərinin azalmasına gətirib çıxara bilər”.
O.Oruc
deyir ki, əgər texnoloji inkişaf işsizlik gətirərsə, dövlətlər bunun depressiv
mühit yaratmaması üzərində çalışmalıdırlar: "Əgər texnologiya insanı işsiz
qoyursa, bu zaman depressiv şərait yarana bilər. Ona görə, dövlətlər çalışırlar
ki, texnologiya tətbiq olunduqca, insanların sosial-iqtisadi təminatları normal
səviyyədə olsun ki, bu, insanlarda əlavə qayğılar yaratmasın. Gələcəkdə
texnoloji inkişaf insan əməyi minimumlaşdığı həddə çatsa, bu zaman dövlətlər
artıq düşünəcəklər ki, cəmiyyətləri idarə etmək üçün mütləq insanların sosial
vəziyyətini də hansısa formada təmin etmək lazımdır. Bu formada texnoloji
inkişaf tətbiq olunarsa, düşünürəm ki, insanların psixoloji gərginlik keçirmə
ehtimalları da azalar”.
Aygün
Asimqızı