• çərşənbə, 24 Aprel, 08:32
  • Baku Bakı 13°C

30 milyon manatlıq pilot layihə

07.12.16 14:49 2246
30 milyon manatlıq pilot layihə
Prezident İlham Əliyev noyabrın 29-da "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərman ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi daşıyır.
Fərmana əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) pilot layihə başa çatanadək Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilir.
Prezident Administrasiyasına bir ay müddətində Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəni və həmin pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planının layihəsini hazırlamaq tapşırılıb.
Pilot layihə 2017-ci il yanvarın 1-dən həyata keçirilməlidir. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2016-cı il üçün dövlət büdcəsindən 10 milyon manat, 2017-ci il üçün dövlət büdcəsindən isə 20 milyon manat ayrılacaq.
Bəs görəsən büdcədən ayrılan bu vəsaitin hansı işlərə xərclənməsi nəzərdə tutulub?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova "Kaspi”yə açıqlamasında bildirdi ki, fərman pilot layihə ilə bağlı işlərin vahid mərkəzdən idarə edilməsini təmin edəcək: "Prezident İlham Əliyev tərəfindən imzalanmış 29 noyabr 2016-cı il tarixli 1127 saylı Fərmana əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) pilot layihə müddətində Agentliyin tabeliyinə verilib. 01 yanvar 2017-ci il tarixindən pilot layihə başa çatanadək həmin qurumların maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Agentlik həyata keçirəcək. Qeyd edim ki, fərmanın əsas məqsədi icbari tibbi sığortanın pilot olaraq sınaqdan keçirilməsinin təşkili, müvafiq araşdırma və təhlillərin yerində aparılması, pilot layihənin gedişatına bilavasitə nəzarət edilməsi və bununla bağlı digər işlərin vahid mərkəzdən idarə edilməsindən ibarətdir. Agentliyin qarşısında duran əsas vəzifələr pilot ərazilərdəki tibbi xidmət şəbəkəsindən və resurslardan səmərəli istifadə etmək, əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, prosesdə mühüm olan vəsaitin həcmi, icbari tibbi sığorta paketinin tərkibində nələrin nəzərdə tutulması, prosedurların necə həyata keçirilməsidir. Məsələn, bir xəstə üçün 1000 manat ayrılıbsa, həmin məbləğin tərkibində konkret olaraq nəyin nəzərdə tutulduğunu vətəndaşın bilməsi vacibdir. Ümumiyyətlə, burada söhbət konkret bir rəqəmdən gedir. Hesab edirəm ki, bu sahəyə vəsait ayrılarkən adambaşına bölünərək hesablama aparılıb”.
A.Qeybulla bildirdi ki, ayrılan vəsaitin istifadəsi səmərəli və şəffaf həyata keçirilməlidir: "Bu vəsaitin istifadəsi zamanı insanlar doğrudan da bundan bəhrə görməlidir. O baxımdan da düşünürəm ki, prosesin ictimai nəzarət altında olması çox vacibdir. Çünki bu, ilk təcrübədir. Bu təcrübə uğursuzluğa düçar olsa və əhalinin narazılığına səbəb olarsa, bu işin heç bir effekti olmayacaq. Ona görə də vəsaitin səmərəli istifadəsi çox vacibdir. Hələlik mühüm olan bəzi detallar bizə məlum deyil. Ona görə də indidən bu haqda nə isə demək üçün çox tezdir”.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli icbari tibi sığorta haqqında fərman imzalanarkən üç mənbədən maliyyələşmənin nəzərdə tutulduğunu vurğuladı: "Maliyyələşmə işinin bir hissəsi işə götürənlərin özü tərəfindən, digər hissəsi sosial müvainətlər hesabına, digər bir hissəsi isə fərdi sahibkarların özləri tərəfindən həyata keçirilməsi nəzərədə tutulub. Əslində belə pilot layihənin həyata keçirilməsi özlüyündə müsbət haldır. Çünki belədə hansı çətinliklərin olduğu müəyyən olunacaq. Qeyd edim ki, vətəndaşların bilavasitə prosesi bilməsi üçün maarifləndirmə işlərinin aparılması çox mühümdür. Vətəndaş bilməlidir ki, tibbi sığorta üçün nəzərdə tutulan hansı xidmətlərdən yararlanmaq şansı var. Çünki tibbi sığorta zamanı xidmətlərin özü də Səhiyyə Nazirliyi tərəfindən çeşidlənir. Hər hansı xidmətin tibbi sığorta tətbiqi altında həyata keçirilməsi ilə bağlı xüsusi göstərişlər var. Bu mənada vətəndaş həm tibbi sığortada nəzərdə tutulan hansı tibbi xidmətlərdən yararlana biləcəyi və həm də onun istifadə etdiyi xidmətə görə ödənişlərin necə həyata keçiriləcəyi haqda məlumatlı olmalıdır. Eyni zamanda, səhiyyə müəssisələri də hansı xidmətləri yerinə yetirməli olduqlarını bilməlidirlər. Elə tibbi xidmət ola bilər ki, vətəndaş ondan istifadə etmək istəsə də, siyahıda olmaya bilər. Bəzi mübahisəli məqamların aradan qaldırılması üçün vətəndaşların konkret olaraq qaydalarla, sığorta tələb edən xidmətlərin siyahısı ilə tanış olmaları çox önəmlidir”.
İ.Hüseynlinin sözlərinə görə, layihənin gələcəkdə bütün ölkə üzrə həyata keçirilməsi nəzərdə tutulub: "Bu adından da göründüyü kimi, pilot yəni sınaq layihəsidir. Lakin bu o demək deyil ki, layihə təkcə Mingəçevir və Yevlax regionları ilə məhdudlaşdırılacaq. Belə layihələr sınaq tələb edir. İlkin olaraq Yevlax və Mingəçevirdə bu prosesə start verilib. Layihənin ilkin nəticələri hesablanacaq və bunun üzərində monitorinqlər aparılacaq. Çətinliklər, üstünlüklər, maneələr analiz ediləcək. Üstün cəhətlərimizi daha da artırılmalı, zəif tərəflərə daha çox diqqət ayırmalıyıq. Əslində bu, hər birimizin çoxdan gözlədiyi bir layihə idi. Dünyanın əksər inkişaf etmiş ölkələrində, o cümlədən də qonşu Türkiyə də vətəndaşların 90 faizi tibbi sığortadan rahatlıqla istifadə edərək tibbi xidmətlərdən yararlana bilirlər. Azərbaycanda da aztəminatlı insanlar belə bir imkandan yararlanmalıdır. Tibbi sığortanı təkcə bir neçə rayona tətbiq etməklə hansısa nailiyyət qazana bilmərik. Məqsədimiz layihənin bütün ölkədə tətbiq edilməsinə imkan yaratmaqdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər