30 ildir gözlədiyi fürsəti əldən verməyən müəllim - FOTOLAR
"Özümüzdən sonrakılara, o cümlədən oğluma və şagirdlərimə müharibə adlı bir "sərvət” qoyub getməyəcəyimə görə qürurluyam”
Müəllimlik çox şərəfli, eyni zamanda çətin və
məsuliyyətli vəzifədir. Bu şərəfli və məsuliyyətli vəzifəni öz çiyinləri
üzərində daşıyan müəllimə bütün cəmiyyətlərdə hər zaman hörmətlə yanaşılıb. O,
sadəcə təhsil müəssisəsində dərs deyən insan kimi deyil, geniş dünyagörüşlü,
bilikli, savadlı, vicdanlı, vətənpərvər, şagirdlərinə nəsihət, öyüd, ağıl
verən, elm öyrədən kamil şəxsiyyət kimi qəbul olunub. Müəllim uşaqları,
gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır,
ictimai xadimdir.Filosofların qənaətincə, müəllim gənc nəslin mənəvi
aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən
qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir.
Nəticə etibarilə o, müqəddəs bir vəzifə icra edərək xalqın, dövlətin gələcəyini
formalaşdırır. Görkəmli dövlət xadimi Otto fon Bismark ölkəsinin möhtəşəmliyini
alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın
qələbəsini alman müəlliminin qələbəsi hesab edərək bildirirdi ki, ölkəsi ona
görə qələbə çaldı ki, alman müəllimi fransız müəlliminə üstün gəldi. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev isə müəllim əməyini daim yüksək
qiymətləndirərək deyirdi ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
"Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən”
Xalqın, millətin, dövlətin gələcəyi naminə
məsuliyyətli və şərəfli bir vəzifəni icra edən müəllimlər Azərbaycanın
müstəqilliyinin, ölkənin ərazi bütövlüyünün qorunması naminə ötən 30 ildə pedaqoji
fəaliyyətlə yanaşı, həm də ideoloji cəbhənin əsgərlərinə çevriliblər. Zərurət
yarananda ideoloji cəbhəni ön cəbhəyə dəyişməyi də bacarıblar. Tanınmış
Azərbaycan şairi və müəllimi Səməd Vurğun kimi - "Bilsin ana torpaq, eşitsin
Vətən, Müsəlləh əsgərəm mən də bu gündən” – deyib, sinfi, auditoriyanı səngərə
dəyişməyi bacarıblar. Belə müəllimlərdən biri də Zamir Abbas oğlu Əsgərovdur.
O, 9 yanvar 1993-cü ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. Üç
bacının yeganə qardaşı olan Zamir 2011-ci ildə Xoylu kənd tam orta məktəbini
bitirərək Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinə daxil olub.
2015-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Füzuli
rayonundakı "N” saylı hərbi-hissədə əsgərliyini çəkən Z.Əsgərov komandanlığa
könüllü müraciət edərək xidmət yerini ön cəbhəyə, düşmənlə üzbəüz səngərə
dəyişməyi xahiş edib. Onun bu arzusu komandanlıq tərəfindən təmin olunub. Bundan
bir müddət sonra isə 2016-cı ilin Aprel döyüşləri başlayıb. Z.Əsgərov Lələtəpə
istiqamətində gedən döyüşlərdə iştirak edib.
"Xidmət yerimi düşmənlə üzbəüz səngərə dəyişdim"
Z.Əsgərov bizimlə söhbətində ön cəbhədə xidmət
etmək istəməsini belə əsaslandırıb: "Mən Qarabağın üzünü görməmişəm, o
torpaqlara ayaq basmamışam. Anadan olduğum tarix Birinci Qarabağ Müharibəsi
illərinə təsadüf edib. Bir yaşım tamam olandan 4 ay sonra atəşkəs sazişi imzalanıb.
7 yaşımda birinci sinfə getməyim 2000-ci ilə təsadüf edir. Yəni mən müharibə
gedən ərazidən yüz kilometrlərlə uzaqda doğulmuşam, böyümüşəm. Amma bu ölkənin
hər bir vətəndaşı kimi işğal altında olan torpaqların həsrətini, nisgilini,
qaçqın və məcburi köçkünlərin çəkdiyi ağrı-acını, çətinliyi mən də çəkmişəm,
mənən yaşamışam, özümü qarabağlı bilmişəm. Bu hislərlə elimə-obama, Vətənimə
bağlı olmuşam. Elə bu hislər də məni ön cəbhədə xidmət etməyə vadar edib.
Baxmayaraq ki, əvvəlki xidmət yerim rahat idi, heç bir çətinliyim yox idi,
kimsə də məni başqa bir seçim etməyə məcbur etmirdi, amma mən rahatlıq tapa
bilmirdim. Çünki tariximi bilirdim, əsrlərdir ermənilərin öz havadarlarının
dəstəyi ilə xalqımızın başına açdığı müsibətlərdən, Xocalıda, eləcə də
Qarabağın digər ərazilərində azərbaycanlılara qarşı törədilən soyqırımlardan
xəbərdar idim. Bütün bunlar düşmənə nifrətimi sonsuz etmişdi və qisas almağı
düşünürdüm. Ona görə də, xidmət yerimi düşmənlə üzbəüz səngərə dəyişdim, postda
keşik çəkdim. Burada xidmət çox ağır idi. Demək olar ki, hər gün düşmən,
atəşkəsi pozurdu. Biz də daha sərt cavab atəşi ilə onları susdururduq”.
"Mayor Elnur Əliyev özünü qumbaranın üstünə atdı ki..."
Qəhrəmanımız Aprel döyüşlərinin iştirakçısına
çevrilməsindən də söhbət açıb: "2016-cı ilin Aprel döyüşləri başlayanda, "nəhayət
ki, o gün yetişdi” deyib, döyüşlərə qatıldım. Tək mən yox, bütün hərbçi
yoldaşlarım döyüşlərə böyük həvəslə qatılmışdı. Düşmənə qarşı cəsarətlə,
mərdliklə vuruşurduq. Dörd gün davam edən bu döyüşlərdə zabit, gizir, çavuş və
əsgər heyəti çiyin-çiyinə verib ermənilərə sarsıdıcı zərbə vurduq, azad
etdiyimiz hər qarış torpaq uğrunda, sözün əsl mənasında qan tökdük. Orada
rütbəsindən asılı olmayaraq hamımız bir idik, əsgər idik, bizləri bir amal
birləşdirirdi. Düşməni məhv, torpaqlarımızı azad etmək. Bir çox əsgər
yoldaşlarım həmin döyüşlərdə qəhrəmanlıqla savaşıb şəhidlik zirvəsinə
ucaldılar. Şəhid mayor Elnur Əliyevin ad-soyadını xüsusi qeyd etmək istəyirəm.
Təsəvvür edin, yaxın məsafəli şiddətli döyüşlərin getdiyi bir vaxtda düşmən
bizim olduğumuz mövqeyə əl qumbarası atdı. Mayor Elnur Əliyev bir an tərəddüd
etmədən özünü qumbaranın üstünə atdı ki, qəlpələr şəxsi heyətdən kimisə yaralamasın,
öldürməsin. Beləcə, bir-birimizi qoruya-qoruya, yorulmadan savaşdıq.
Ermənilərin 30 ilə yaxın müddətdə qurub möhkəmlətdiyi, barəsində əfsanələr,
nağıllar uydurduğu "Ohanyan müdafiə xətti”ni cəsur hərbçilərimiz cəmi bir
saatın içində darmadağın etdi. Düzdür, bir çox strateji yüksəkliklər və
ərazilər azad olundu. Ancaq o zaman, təəssüf edirdik ki, bu iş yarımçıq qaldı
və biz bütün ərazilərimizi işğalçılardan təmizləyə bilmədik”.
"Tərəddüd etmədən səfərbərlik xidmətinə yollandım"
2016-cı ilin iyul ayında hərbi xidmətini başa vuran
Z.Əsgərov ixtisası üzrə çalışmaq qərarına gəlib. Bu məqsədlə müəllimlərin işə
qəbul imtahanında iştirak edib. Göstərdiyi nəticəyə və seçiminə uyğun olaraq
Yardımlı rayonunun Arvana kəndində müəllim işləməyə başlayıb. Bir il sonra iş
yerini Tərtər rayonunun Soyulan kənd orta məktəbinə köçürüb. Dörd il bu
məktəbdə şagirdlərə coğrafiya fənnini tədris edib. 2020-ci il sentyabrın 27-dən
noyabrın 10-a kimi davam edən 44 günlük Vətən Müharibəsində iştirak etməsindən
söhbət açan Z.Əsgərov bildirib ki, əsgərlikdəki yerdəyişməsində olduğu kimi
İkinci Qarabağ Savaşında iştirakı da onun könüllü seçimi olub: "2020-ci ilin
iyul ayında Tovuz rayonunun Ermənistanla sərhəd Ağdam kəndi ərazisində
ermənilər növbəti təxribata əl atdılar. Şiddətli döyüşlərdə Azərbaycan Silahlı
Qüvvələrinin bir neçə hərbi qulluqçusu şəhid oldu. Buna baxmayaraq düşmənə ağır
zərbə vuruldu, çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edildi. Bu hadisə
cəmiyyətdə hər kəsi hiddətləndirmişdi. Baxmayaraq ki, hərbi xidmətimi başa
vurmuşdum, evin tək oğlu idim, karyera qurmuşdum, işim-gücüm, ailəm, Emil adlı
4 aylıq körpə oğlum var idi, tərəddüd etmədən səfərbərlik xidmətinə yollandım,
müharibə başlayacağı təqdirdə, könüllü olaraq döyüşlərə qatılmaq istəyimi
bildirdim. Başa düşürdüm ki, bu münaqişə birdəfəlik həll olunmayınca, bizə
dinclik yoxdur. Bizdən əvvəl atalarımız, indi isə biz üzləşdiyimiz kimi, sabah
da övladlarımız bu təhlükə qarşısında qalacaqlar. Bir ata kimi öz oğluma,
müəllim kimi isə şagirdlərimə bu "mirası” pay qoyub getmək istəmirdim”.
"8 saat ərzində dayanmadan döyüşdük"
Vətən Müharibəsi başlayanda Z.Əsgərovun keçmiş
döyüşçü kimi təcrübəsi, könüllü müraciəti nəzərə alınaraq səfərbərliyə cəlb
olunub. Beş gün təlim keçdikdən sonra Tərtər, Ağdərə, Suqovuşan, Ağdam
istiqamətində həyata keçirilən bütün əks-hücum əməliyyatlarında iştirak edib:
"Şükürlər olsun ki, o tarixi an yetişdi və Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimizə genişmiqyaslı hücum əmri verildi.
Mən də səfərbərliyə cəlb olundum və Tərtərdəki "N” saylı hərbi hissənin şəxsi
heyəti ilə birlikdə döyüşlərə qatıldım. Çətin döyüşlər olsa da, ürəyimizdəki
Vətən sevgisi, ailəmizi yağı düşməndən qorumaq, torpaqlarımızı işğaldan azad
etmək, ərazi bütövlüyümüzü təmin etmək istəyi bizə ruh verirdi, döyüş əzmimizi
artırırdı. Ermənilərin postlarını, döyüş mövqelərini ələ keçirdikcə, onların
canlı qüvvəsini və texnikasını ard-arda məhv etdikcə coşur, daha da irəliyə can
atırdıq. Prezidentimizin vurğuladığı kimi, hərbçilərimiz aslan kimi
savaşırdılar. Oktyabrın 17-də belə şiddətli döyüşlərin birində əsgər yoldaşım
yaralandı və onu xilas etməyə, təhlükəsiz əraziyə aparmağa çalışdım. Amma
minaatan mərmisinin yaxınlığımıza düşməsi nəticəsində özüm də yaralandım.
Beləcə, yaralı halda saatlarla düşmənlə savaşdıq, hətta mühasirəyə düşdük. Amma
ümidimizi bir an da olsa üzmədik, son nəfəsimizə qədər vuruşduq. Bölük və tabor
komandirimiz, digər komandir heyətimiz şəhid oldu. Çoxsaylı itkilər verdik,
ancaq təslim olmadıq, mövqelərimizdən geri çəkilmədik. Əksinə, ermənilərin 530
yüksəkliyinə doğru əks-hücumu davam etdirdik. Təsəvvür edin, gecə saat 4-dən
günorta saat 12-dək 8 saat ərzində dayanmadan döyüşdük. Tərtərdəki başqa bir
hərbi hissənin köməyimizə çatması nəticəsində mühasirədən çıxdıq. İtkilərimiz,
yaralılarımız çox oldu, lakin sonda istəyimizə çatdıq, erməni mövqeyini ələ
keçirdik”.
"Yaram sağalan kimi dərhal geriyə qayıtdım"
Vətən Müharibəsində yaralanan Z.Əsgərov təxliyə
edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cəmi bir həftə sonra
yenidən döyüşlərə qatılıb: "O döyüşlərdə sağ-salamat qalmağım, sadəcə möcüzə
idi. Bizi Allah qoruyurdu. Hər birimiz şəhid olacağımızı gözümüzün önünə gətirirdik.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən də
döyüşlərdə yaralanmışdım, amma hospitala getmək istəmirdim. Orada hamı belə
idi. Görürdün ki, döyüş vaxtı mərmi hərbçilərdən birinin qolunu, digərinin
ayağını, bədəninin hansısa hissəsini aparıb və onun döyüşməsi qeyri-mümkündür.
Amma o, bu halında belə, səngərə can atır, silahından, mövqeyindən aralanmaq
istəmir, ən pis halda qumbaranı sinəsində, əlində sıxıb saxlayırdı ki, əgər
düşmən əlinə keçsə özü ilə birlikdə onları da partlatsın. Bütün etirazlarıma
baxmayaraq komandanlığın əmri ilə Bərdədəki xəstəxanaya təxliyə olundum. Yaram
sağalan kimi dərhal geriyə qayıtdım. 30 ildir gözlədiyimiz bu fürsəti əldən
verə bilməzdim”.
"Bizdən sonrakılar daha təhlükəsiz və xoşbəxt yaşayacaqlar"
Z.Əsgərovun sözlərinə görə, onlar hücum etdikcə, düşmən
davam gətirə bilmir, müqavimət göstərməyin əhəmiyyətsiz olduğunu duyub
mövqelərini tərk edir, yaralı əsgərlərini, silah-sursatı, hərbi texnikanı atıb
qaçıblar: "Ermənilər döyüş mövqelərində öz hərbçilərini zəncirlə divara, ağır
silaha, texnikaya bağlayıblar ki, ölənə qədər savaşsınlar, postu qoyub
qaçmasınlar. Erməni postlarına hücum edib oranı ələ keçirəndə belə mənzərələrin
dəfələrlə şahidi olmuşuq. Biləyindən, ayağından zəncirlə ağır texnikaya, silaha
bağlanmış erməni əsgərləri ağlaya-ağlaya aman istəyir, əl-qol hərəkətləri ilə
balaca uşaqlarının olduğunu izah edib yalvarırdılar ki, onları öldürməyək. O an
şəhid olmuş hərbçi yoldaşlarımız, Xocalıda mülki əhalimizə qarşı erməni
qaniçənlərinin etdikləri qəddarlıqlar, amansızlıqlar gözlərimiz qarşısına gəlsə
də, biz silahsız birinə silah çəkməyi, onu güllələməyi özümüzə rəva bilmirdik.
Çünki biz erməni deyildik, Azərbaycan əsgəri idik. Bizim xalqımızın fərqi və
böyüklüyü də bundadır. Necə ki, döyüşdə mərdliklə vuruşur, ləyaqətlə Vətənə
xidmət edirdik, eləcə də silahsız düşmən əsgərinə münasibətdə özümüzü təmkinli
və ləyaqətli aparırdıq. Onları hərbi əsir kimi ələ keçirib aidiyyəti üzrə
təhvil verirdik. Gördüyüm mənzərələr ermənilərin necə yaltaq və qorxaq olduğunu
bir daha mənim üçün aydın etdi. Nəticədə biz qalib gəldik. Qalib Ordunun şanlı
əsgəri kimi ailəmə, işimə geri dönə bildim. İndi arxayınam ki, özümüzdən
sonrakılara, o cümlədən oğluma və şagirdlərimə müharibə, münaqişə
adlı bir "sərvət” qoyub getməyəcəyəm. Şəhidlərimizin, qazilərimizin qanı və canı
bahasına bizdən sonrakılar daha təhlükəsiz və xoşbəxt yaşayacaqlar”.
Cəsur döyüşçü
Sonda qeyd edək ki, pedaqoji fəaliyyətini hazırda
Tərtər rayonu Soyulan kənd orta məktəbində davam etdirən, şagirdlərə coğrafiya
fənnini tədris edən Zamir Əsgərov nümunəvi təhsil işçisi kimi rayon icra
hakimiyyətinin başçısı, həmçinin Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi
tərəfindən diplomlarla təltif edilib. Əsgərlik müddətində nizam-intizamına,
Aprel döyüşlərində iştirakına görə hərbi-hissə komandanlığının Təşəkkürnaməsinə
layiq görülüb. 44 günlük Vətən Müharibəsində iştirakına, göstərdiyi şücaətə
görə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Ağdamın azad
olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü”, "Vətən
Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Rufik
İSMAYILOV