• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

3 ilin “Gəncliy”i

27.01.17 14:21 2814
3 ilin “Gəncliy”i
Lalə MUSAQIZI,
"Gənclik qəzeti” layihəsinə məsul redaktor
Adımız "GƏNCLİK QƏZETİ” əlavəsi. Bu gün üç yaşımız tamam olur. Üç ildir, həftədə bir dəfə 135 illik tarixi olan "KASPİ” qəzetinin içərisində sizin görüşünüzə gəlirik. Hər dəfə də yeni həyəcan, yeni mövzular, yeni gənc simalarla... Məqsədimiz gənc olan hər kəslə görüşə, paylaşa bilmək, gəncliyimizi gənclərimizə, cəmiyyətimizə tanıtmaq, onları düşündürən mövzulara işıq salmaq, azacıq da olsa, gənclərimizin daha yaxşı yönə dəyişməsində, inkişafında rol oynamaqdır.
Bu üç ildə 130 nömrəmiz işıq üzü gördü. Bu 130 nömrəmizdə sizi Gəncliyin hər üzü ilə tanış etməyə çalışdıq...
"Uğur hekayəsi”ndə karyerasında uğur əldə etmiş gəncləri arayıb axardıq...
"Diskussiya” "Polemika”da ən müxtəlif mövzularda gənclərimizin fikirlərini dinlədik...
Gənclərin toplaşdığı, özlərini ifadə etdiyi yerlərdən "Reportaj”lar hazırladıq...
Mədəniyyətimizi layiqincə təmsil edənləri "İncəsənət”də təqdim etdik.
Gənclərimizi düşündürən, onlar üçün vacib olan mövzuları"Araşdırma”da araşdırdıq...
"Mənim balam”, "Mənim nəvəm”də məşhurların balaları, nəvələri haqda düşüncələrini verdik.
Uzun, incə bir yol keçmiş, gəncliyini geridə qoymuş və həyatda istədiyinə nail olan insanların keçmişinə "Keçmişdəki mən”də boylandıq, bəlkə oradan hansısa məqamı örnək götürə bilərik deyə...
Görüb-götürülməli insanlarla "Gör-götür”də həmsöhbət olduq...
Azərbaycanı xaricdə yaşayaraq təmsil edən gənclərimizi "Soydaş”da, elmimizi irəli aparanları "Alim”də, yeni ideyaları ilə cəmiyyətimizə yeni nəfəs gətirənləri "Startap”da tanıtdıq. Xoşbəxt ailə tablosu yaradan gənc cütlüklərimizi də unutmadıq, "Ailə”də onların xoşbəxtliklərinin sirrini paylaşdıq...
Həmişə "hamının ali təhsil alması məcbur deyil” deyirik. Bu fikrin nə qədər doğru olduğunu göstərmək üçün müxtəlif gənc sadə və modern peşə adamları ilə görüşdük. Göstərdik ki, yaxşı maşın ustası, saç ustası, dərzi, misgər, aşpaz olmaq diplomu suvenir kimi evə qoyub işsiz gəzməkdən, yaxud ürəyincə olmayan mövqedə çalışmaqdan daha yaxşıdır.
Bu üç ildə sizlərin sayənizdə bir daha əmin olduq ki, gənclik güc, hərəkət, gələcək, yeni nəfəs, ümid, cəsarət, fəth etmək, əyləncə, sevgi, xəyal, sərhədləri aşmaq, amma özü üçün sərhəd cızmaq deməkdir. Bu üç ildə sizə güvəndik, sizin yanımızda olduğunuza əmin olduq. Bundan sonra da bizimləsinizsə, nə gözəl BİZLƏRƏ...
Və bizlər demişkən, hər həftə "Gəncliy”in yükünü çəkən kiçik kollektivimizi təqdim etməyi unutmayaq. Yazılarımızı redaktə edən baş redaktorumuz İlham Quliyev, redaktorlarımız Məğrur Əliyev və Natiq Muxtarlı, daim yenilik axtarışında olan, maraqlı gənclərimizi arayıb-axtarmaqdan yorulmayan müxbirlərimiz Aygün Əziz, Xəyalə Rəis, Aygün Asimqızı, Şəbnəm Mehdizadə, yazılarımıza gözəl forma verərək oxucularımıza təqdim edən dizayner İlham İsmayılov, müsahiblərimizin səsini kompyuterə köçürməkdə bizə yardım edən operatorlarımız Mərcan Rüstəmova və Dilbər Əlimədətova...
Ən xoş arzularla növbəti saylarımızda görüşənədək...

banner

Oxşar Xəbərlər