• şənbə, 20 Aprel, 04:09
  • Baku Bakı 15°C

28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

26.05.20 13:45 448
28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
28 May Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. Bu gün respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunur. 28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilib. Həmin gün Azərbaycan Milli Şuranın iclasında İstiqlal Bəyannaməsi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə olub.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Demokratik hüquqi və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərməsi, milli ordunun, təhlükəsizlik strukturlarının yaradılması və sair mühüm tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət daşıyırdı.
İlk cümhuriyyətimizin yarandığı dövür çox mürəkkəb ictimai-siyasi hadisələrin, inqilabların baş verdiyi bir vaxta düşüb. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci ilin aprelin 27-də hökuməti təhvil verib. Beləliklə Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyulub.
Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçdikdən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz azadlığını, müstəqilliyini tələb etdi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi.
1993-cü may-iyun aylarında Azərbaycanda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsinə real təhlükə yarananda xalqın çağrışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. 1993-cü ilin iyun ayından dövlətimizin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını, müdrikliklə, yenilməz iradə, qətiyyətlə və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı Ulu öndər Heydər Əliyev deyib: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: "Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübr. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaq”.
2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.
Rauf Əliyev
Milli Məclisin deputatı
banner

Oxşar Xəbərlər