AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

25 ölkədə 56 aksiya

25 ölkədə 56 aksiya

Siyasət
23 İyul 2020, 20:30 4167
Beynəlxalq təşkilatlardan gələn dəstək və soydaşlarımızın bütün dünyanı bürüyən Qarabağ harayı 
 
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Bu hadisə Dağlıq Qarabağ probleminin "dondurulmuş münaqişə” olmadığını, beynəlxalq hüququn prinsipi, ölkələrin ərazi bütövlüyü çərçivəsində birdəfəlik həllini tapmasının zəruriliyini bir daha gündəmə gətirib. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat və onun yaradacağı nəticələr dünyanın nüfuzlu mətbuat orqanlarında işıqlandırılıb. Beynəlxalq ictimaiyyət, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri iyulun 18-də "Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanatla çıxış edib. Bəyanatı imzalayan 40 nəfər tanınmış ictimai-siyasi xadim, vaxtilə dövlət və hökumət başçısı postunu tutmuş şəxslər Azərbaycanın beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiklərini ifadə ediblər. 
 

 
Qan tökülməsi və resurs itkisi bahasına
 
Bəyan edilib ki, Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır. Bu gün təxribatlara, atəşkəs sazişinin pozulmasına baxmayaraq, Azərbaycan yenə də təmkin göstərərək, müvafiq qanuni kanallar vasitəsilə vəziyyəti düzəltməyə çalışır. Münaqişə qan tökülməsi və resurs itkisi bahasına başa gəlir.
 

 
Münaqişəsinin davamlı həllinə nail olmaq
 
Bəyanatda bildirilib ki, indi bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır. BMT və Avropa İttifaqı dərhal atəşkəsə çağırmalı və beynəlxalq səviyyədə mümkün olan hər bir vasitədən istifadə etməklə növbəti hərbi fəaliyyətin qarşısını almalıdır. Lakin uzunmüddətli münaqişənin nəhayət həlli üçün axtarış istiqamətində irəliləyiş zəruridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prinsiplərindən biri sülhməramlı yollarla sülh üçün çalışmaqdır. Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti əvvəlki qətnamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tələb olunduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını təmin etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinə nail olmağa çağırıb.
 

 
Daha yaxşı sabahlar üçün təməl qoyaq
 
Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesi münaqişənin həll olunması üçün heç bir real nəticə verməyib. Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələrək mandat əldə edən həmsədrlər davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün öz səylərini ikiqat artırmalıdırlar: "Gəlin məntiqlə və qanunun aliliyi prinsipini əsas tutaraq Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Həqiqi sülh daha vacibdir və o, yalnız ədalət və inklüzivlik üzərində qurula bilər. Bu, Avropa İttıfaqının vəzifələrinə uyğundur və BMT-nin 75-ci ildönümündə müvafiq canlanma yaradacaqdır. Beləliklə, gəlin biz beynəlxalq ictimaiyyətlə bərabər çalışaraq keçmişin ədalətsiz miraslarını geridə qoyub qlobal çağırışlar üzərində duraraq daha yaxşı sabahlar üçün təməl qoyaq”.
 

 
BMT qətnamələrinə məhəl qoyulmur
 
İyulun 21-də Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıyıb. Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib. Düzəlişin mətnində qeyd olunub ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Belə bir mühüm sənədin qəbulundan bir gün sonra - iyulun 22-də isə BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə telefonla zəng edib. BMT-nin Baş katibi ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. Qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb. Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə minnətdarlığını bildirib, baş vermiş son insident, mülki əhaliyə vurulan ziyan, itkilər barədə danışıb. Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur.
 
 
25 ölkədə 56 aksiya
 
Baş verən bu hadisələrlə paralel olaraq, Azərbaycan Ordusuna, şəhidlərin ruhuna hörmət əlaməti olaraq, həmçinin Dağlıq Qarabağ probleminin ədalətli həlli tələbi ilə xaricdə yaşayan azərbaycanlılar son 10 gün ərzində dünyanın 25 ölkədə 56 aksiya keçirib. Aksiyaların yarıdan çoxu Avropanın müxtəlif ölkələrində baş tutub. Belə ki Avropada 31 aksiya, o cümlədən Almaniyanın 7 şəhərində 9 aksiya, İsveçdə 4 aksiya, Niderlandda 2 aksiya, Fransada 2 aksiya, Belçika, İngiltərə, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Finlandiya, Polşa, Macarıstan, Latviya, Litvada isə bir aksiya keçirilib. ABŞ-ın 8 ştatında isə 11 aksiya gerçəkləşib. Bu aksiyaları ABŞ-ın İllinoys, Kaliforniya, Texas, Nyu York, Massaçusets, Corcia, Vaşinqton ştatları və Vaşinqton Kolumbiya Dairəsi ərazilərində baş tutub. Bunlardan əlavə olaraq, Kanada (Toronto), İsrail (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi), Rusiya (Moskva, Şimali Asetiyada), Moldova (Kişinyov), Ukrayna (Kiyev), Qazaxıstan (Aktau), Türkiyədə (Ankata, İstanbul, İzmir, Antalya) də aksiya gerçəkləşib. Ermənilərin Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri aksiyalara etiraz əlaməti olaraq isə 8 aksiya keçirilib. Bunlar Polşa, Niderland, Belçika, ABŞ – Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada təşkil olunub. Aksiyalarla bərabər mətbuat konfransı və maarifləndirmə tədbirləri də aparılıb. İsveç ,İspaniya, Litva, Türkiyə, Gürcüstanda bu tədbirlər həyata keçirilib. Latviya, İsveç və ABŞ-da vətənlərimiz maşın yürüşləri də təşkil edib.
 

 
Ermənistanın hərbi təxribatı pislənilir
 
Bütün bu hadisələr onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli – beynəlxalq hüququn prinsipləri, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini, işğalçı Ermənistanın təxribatlarına son qoyulmasını tələb edir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Onun sözlərinə görə, ölkəmizin dünya miqyasında yüksək səviyyədə qəbul olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əyani göstəricisidir. Komitə sədri deyib ki, Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır: "Bu istiqamətdə dövlətimiz uğurlu hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyasının nəticəsində işğalçı Ermənistan dalana dirənib, dünyanı öz yalanına inandıra bilmir. Bu günlərdə işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla əlaqədar da dövlətimiz tərəfindən beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından fəal iş aparılıb. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın hərbi təxribatını pisləyən açıqlamalar veriblər”.
 

 
Sərhədlərin toxunulmazlığı əsas prinsip kimi
 
Millət vəkili vurğulayıb ki, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib: "Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edərək Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi bəyan edilib”.
 

 
Birmənalı və qətiyyətli mesajlar
 
S.Fətəliyeva söyləyib ki, Qoşulmama Hərəkatının  iyulun 18-dəki kommunike sənədində Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyi ifadə olunub: "Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Bu tipli mövqelər Türkdilli Ölkələrin Parlament Assambleyasının və GUAM təşkilatının bəyanatlarında da əksini tapıb. Beləliklə, Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılıb. Baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalar ilə yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli mesajlar ünvanlanıb. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyasının uğurlu nəticələridir”.
 
Rufik İSMAYILOV