• cümə, 26 Aprel, 01:30
  • Baku Bakı 16°C

Aprelin 10-u İnşaatçılar Günüdür

10.04.21 16:30 1894
Aprelin 10-u İnşaatçılar Günüdür
Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm də inşaat sahəsində çalışanların peşə bayramıdır.
Təbii ki, dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri də inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir.
Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionları əsl tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda əsasən özəl sektor hesabına inşaat materiallarının istehsalında ilbəil artım müşahidə olunur. Əminliklə demək olar ki, ölkə əsas inşaat materialları ilə özünü təmin edə bilir və bu sahədə idxaldan asılılığı xeyli azaldıb.
"Qara şəhər” öz yerini əzəmətli "Bakı Ağ Şəhər”ə verir
Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.
Xatırladaq ki, Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti "ATKINS" (Böyük Britaniya) çıxış edib. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi "Norman Foster” tərəfindən əsası qoyulmuş məşhur "Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış "F+A Architects” arxitektura bürosu cəlb edilib.
Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülüb. Nəticədə, çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulub.
İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır.
Bu layihənin reallaşdırılması ilə Qara şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcək.
Bakının Baş Planı ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunacaq
Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planının hazırlanması işi davam etdirilir. Bakı şəhərinin Baş Planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilib. Birinci mərhələdə beynəlxalq strateji məsləhətçi olan "Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib. İkinci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib və Baş Planın hazırlanması işi bu tenderin qalibi seçilmiş nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın "AS+P” şirkətinə həvalə olunub. Həmçinin Baş Planın hazırlanması prosesinə Böyük Britaniyanın "Ernst and Young” və "Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə "BakıDövlətLayihə” İnstitutu cəlb edilib.
Tikintidə "Bir pəncərə” sistemi tətbiq edilir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İnşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində aparılan mütərəqqi islahatlar tikinti sahəsində çalışan sahibkarlar tərəfindən müsbət qarşılanır. Son illər ölkəmizin bütün ərazisində həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri və ölkə başçısının rəhbərliyi ilə bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində əhalinin mənzil-məişət şəraiti yaxşılaşır, sahibkarlıq inkişaf edir.
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən "Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalıb. Bununla yanaşı, bu imkan sayəsində tikinti niyyəti olan hər bir şəxs olduğu yeri tərk etmədən "Bir pəncərə” sisteminə elektron qaydada müraciət edərək ekspertizasının keçirilməsi tələb olunan və olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına icazələri onlayn əldə edə bilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən "Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırmaqla məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını almağa imkan yaradıb.
Hazırda komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, bunlardan biri də sistemin tərkibində yaradılmış yeni "məlumatlandırma icraatı” moduludur. Bu xidmət ilk mərhələdə pilot layihə olaraq Bakı şəhərində istifadəyə verilib və qısa müddət ərzində bütün ölkə üzrə tədbiq olunması planlaşdırılır.
Mənzil İnşaatı Dövlət Agentliyi öz layihələri ilə sərfəli qiymətə mənzillər təklif edir
Son illər respublikada sosial layihələrə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu faktor inşaat sektorunda özünü daha çox göstərir. Bunu Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən güzəştli mənzil tikintisində də görmək mümkündür.
Strateji Yol Xəritəsinə əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradaraq, investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə böyük töhfə verib. Bununla bağlı paytaxtın Yasamal rayonunun və Hövsan qəsəbəsinin ərazilərində güzəştli mənzil tikintisini misal göstərmək olar.
"Güzəştli mənzil" sisteminin beynəlxalq patentinin qeydiyyata alınması ilə əlaqədar işlər davam etdirilib. Bununla bağlı müraciət Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qəbul edilib və təşkilatın rəsmi internet səhifəsində iddia ərizəsi, həmçinin beynəlxalq axtarışa dair hesabat və beynəlxalq axtarış üçün məsul qurumun ixtira barədə ilkin rəyi dərc olunub.
2020-ci ilin dekabrında isə nüfuzlu "Springer International Publishing” nəşriyyatı tərəfindən nəşr olunan "İslam Dünyasında Sosial Siyasət” (Social Policy in the Islamic World) adlı kitabda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən uyğun qiymətə mənzil təminatı proqramına da yer verilib. Vətəndaşların mənzil təminatına əlçatanlığının gücləndirilməsi baxımdan təqdim edilən proqram çərçivəsində görülən işlər təsvir edilib. Kitabda aztəminatlı ailələrin mənzillərə əlçatanlığının genişləndirilməsi baxımdan MİDA-nın fəaliyyətinin çox uğurlu olduğu qeyd edilib.
banner

Oxşar Xəbərlər