• şənbə, 20 Aprel, 01:47
  • Baku Bakı 15°C

Avropanı ikiyə bölən layihə

26.02.21 18:37 1288
Avropanı ikiyə bölən layihə
"Şimal Axını-2” ABŞ-la Almaniyanın münasibətlərini korlayacaq?
Birləşmiş Ştatlar və Qərbin Rusiyaya təzyiqlərinin artdığı bir dönəmdə "Şimal Axını-2” layihəsinin başının üstünü növbəti təhlükə alıb. Baydenin ABŞ prezidenti seçilməsi ilə layihənin reallaşmasına şübhələr artmaqdadır. Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Kremlin əsas dəstəkçisi Almaniyanın mövqeyi zərbə altına düşüb. Bəllidir ki, "Şimal Axını-2” Rusiyadan Avropaya yeni boru xətti layihəsidir. Baltik dənizinin dibi ilə keçərək Rusiyanın qaz nəhəngi "Qazprom” ilə Avropadakı istehlakçılar arasında birbaşa əlaqə yaratmış olur. Bu layihənin aktiv tərəfdarları bildirirlər ki, bu, Avropaya Rusiya təbii qazının çatdırılmasında ən etibarlı vasitədir. Fevralın əvvəlində Almaniya kansleri Angela Merkel bəyan etdi ki, ölkəsi "Şimal axını-2”-ni dəstəkləməkdə davam edir və əlavə edib ki, bu, müəyyən mərhələdə həyata keçiriləcək. Lakin dərhal da Ukrayna və Polşa xarici işlər nazirləri Merkelin bu layihə ilə bağlı mövqeyini sərt tənqid etdilər: "Biz Almaniyanın öz nöqteyi-nəzərini səsləndirmək hüququna hörmətlə yanaşırıq. Lakin əminik ki, belə layihələri məhdud ikitərəfli münasibətlər kontekstində baxmaq olmaz. Bizim nəzərimizcə, belə məsələlərə, bütövlükdə Avropa maraqları və təhlükəsizlik baxımından yanaşmaq lazımdır”. XİN rəhbərlərinin qənaətincə, Rusiyanın bu boru xəttinin işə düşməsi riski böyükdür. Bununla da Kremlin Avropada böyük təsir imkanları yaranır.
Almaniya Rusiya qazını almaya bilər?

Bəllidir ki, 2014-cü il Ukrayna böhranından sonra Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Son vaxtlar isə Qərb, müxalifət lideri Aleksey Navalnıya qarşı münasibət səbəbindən təzyiqi daha da artırır. Rusiya hökuməti Almaniya, Polşa, İsveç diplomatlarını Navalnıya dəstək mitinqlərində iştirak səbəbindən ölkədən deportasiya edib. Onlar da öz növbəsində cavab addımları atıb. Qeyd olunan dövlətlər arasında Almaniya Rusiyaya qarşı sərt cavab addımları ata bilmir. Bunun səbəbi də bəllidir. Məsələ həm də ondadır ki, Berlin özü-özünü tələyə salıb – istixana qazlarından yaxa qurtarmaq üçün Rusiya qazından istifadəyə üstünlük verməsi ilə. Əgər Rusiya ilə münasibətlər pisləşməkdə davam edərsə, o zaman Almaniya, mütəmadi olaraq Rusiya qazını ala bilməyəcək. Almaniya Rusiya ilə birlikdə "Şimal Axını-2” qaz kəmərini inşa edib və işlərin artıq 90 faizi başa çatıb. Yerdə qalan hissəsini Almaniya görməlidir. Bu layihəyə həddən artıq böyük vəsait sərf olunub. Ona görə, Almaniya mütləq onu başa çatdırmalıdır. Bu da Rusiyanın Almaniyanı "döydüyü” ən zəif yerir. "Şimal Axını-2” mütəmadi olaraq mavi qaz əldə etmək istəyən Almaniya üçün həyati əhəmiyyət kəsb edən bir layihədir. Əgər Rusiya ilə münasibətlər pisləşərsə və layihə bağlanarsa, o zaman Almaniya ekoloji cəhətdən ciddi problem olan istixana qazlarının azaldılmasının qarşısını ala bilməyəcək. Bu səbəbdən də Almaniya Moskva ilə münasibətlərin pisləşməsini minimuma salmağa çalışır. Şimali, Mərkəzi, Şərqi Avropa ölkələri arasında Rusiyaya etimad elə də yüksək deyil və onlar da bu layihəyə qarşıdır. Başqa sözlə desək, Almaniya Avropa İttifaqında izolə olunmuş vəziyyətindədir. ABŞ-Almaniya qarşıdurması da artır. Donald Tramdan fərqli olaraq yeni prezident Co Bayden ənənəvi Qərb ənənələrinə böyük önəm verir. O, bu dəyərlərə qarşı gedərək Rusiyanın addımlarına göz yummayacaq. Yeni lider təzyiqi artırır. Ən əsası, ABŞ Almaniyaya öz qazını tədarük etməyə çalışır. Problemi, sentyabrda Almaniyada keçiriləcək seçkilər də çətinləşdirə bilər.

ABŞ mövqeyini sərtləşdirəcəkmi?

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib ki, ABŞ-ın "Şimal Axını-2” qaz kəmərinə qarşı fəaliyyəti Avropadakı tərəfdaşları üçün sürpriz olmayacaq. "Blumberq” agentliyi də yazır ki, ABŞ "Şimal Axını-2” kəmərinin tikintisi ilə bağlı Almaniya şirkətlərini sanksiyalar siyahısına daxil etməyəcək. Məlumata görə, "Şimal axını 2” ilə bağlı hesabat Konqresə təqdim edilə bilər. Yeni sanksiyalar siyahısında yalnız az sayda Rusiya ilə əlaqədar təşkilatların yer alacağı bildirilib. Agentlik, Baydenin "Şimal Axını-2”-nin dayandırılmasını reallaşdırmaq niyyətində olduğunu, amma eyni zamanda Avropadakı yaxın müttəfiqləri ilə qarşıdurmaya getmək istəmədiyini bildirilib. "Uol Strit Jurnal” qəzeti isə yazıb ki, Bayden administrasiyası "Şimal Axını-2” layihəsinin gələcəyinin müəyyənləşdirilməsi üçün Almaniya ilə danışıqlara başlayıb. Məlumata görə, məsləhətləşmələr zamanı "Şimal Axını-2”-nin inşasında iştirak edən şirkətlərə qarşı sanksiya təhdidi müzakirə olunur. Nəşr qeyd edib ki, "Fortuna" gəmisi Danimarka sularında boru döşəməyə başladıqdan sonra ABŞ rəhbərliyi layihə ilə bağlı xarici siyasətini yenidən nəzərdən keçirir. "Bayden hələ də layihə ilə bağlı fikrini açıqlamayıb. Amma Ağ Evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, prezidentin mövqeyi ondan ibarətdir ki, "Şimal Axını-2” layihəsi Avropa üçün pis razılaşmadır”, - nəşr bildirib.

Aİ-də parçalanma reallaşır

Belə bir vaxtda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel qalmaqal yaradıb. Onun səfəri Avropanın bəzi ölkələrində narazılıq doğurub. "Borrelin Rusiya səfəri plana uyğun getmədi. Almaniya, Fransa və Avstriya da "Şimal Axını-2” qaz kəmərinə dəstək verməklə, Aİ və Transatlantik münasibətlərdə parçalanmanı daha da sürətləndirə bilər”. Bunu estoniyalı milət vəkili Riqo Terras bildirib. "Borrel öz iradəsi ilə istefa verməsə, Avropa Komissiyası rəhbəri tədbir görməlidir" - Terras qeyd edib. Borrelin Aİ-nin nüfuzuna böyük ziyan vurduğunu iddia edən deputat, onun qeyri-adi hərəkətlərə yol verdiyini, xüsusilə Avropanın şərq ölkələri ilə davranışında narahatlıq yarandığını vurğulayıb. "Ruslar Borrelin səfərindən Aİ daxilində qarşıdurma yaratmaq üçün istifadə etdilər. Bəzi şərq və şimal ölkələri Borrellə Moskvaya getməməyi tövsiyə etdi. Ancaq Berlin, Paris, Madrid və Roma onu dəstəkləyəcək. Rusiya istədiyini əldə edəcək - Avropa İttifaqında daha böyük bir parçalanma..." - Terras söyləyib.
Öz növbəsində adı açıqlanmayan ABŞ Dövlət Departamentinin nümayəndələrindən biri "Şpiqel” nəşrinə deyib ki, ABŞ rəsmiləri sanksiyaları nəzərə alaraq, "Şimal Axını-2” qaz kəmərinin inşasının tamamlanmasına yönəlik fəaliyyətləri izləyəcək. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Almaniya və Aİ mütəxəssislərin iştirakı ilə ABŞ-la bu layihəni müzakirə edib: "Bayden bu kəmərin pis bir anlaşma olduğunu açıq şəkildə bildirib. "Şimal Axını-2” Avropanı bölür - Ukrayna və Mərkəzi Avropanı enerji təhlükəsizliyi sahəsində manipulyasiyaya məruz qoyur və göstərilən hədəflərə ziddir. Boru kəmərinin inşası və ya sertifikatlaşdırılmasını başa çatdırmaq üçün yürüdülən fəaliyyətləri izləyəcəyik və bu istiqamətdə addımlar atılarsa, sanksiyaların tətbiqinə qərar verəcəyik. Sanksiyalar çox vacib vasitələrdən biridir”.

Ukrayna və Polşa XİN rəhbərlərindən ABŞ qarşısında tələb

Layihənin reallaşmasına qarşı sərt mövqedə olan Ukrayna və Polşa xarici işlər nazirləri Birləşmiş Ştatların "Politico” nəşrində dərc olunan müəllif yazılarında ABŞ-ı nəyin bahasına olursa-olsun "Şimal Axını-2” layihəsinin dayandırılmasına çağırıblar. Onların qənaətincə, Birləşmiş Ştatlar qaz kəmərini dayandırmaq qabiliyyətindədir. Nazirlər bildiriblər ki, Polşa və Ukrayna Qərbin güclü, enerjili və çiçəklənən olmasında maraqlıdır. "Bizi Birləşmiş Ştatlar prezidentlərinin İkinci Dünya müharibəsindən sonrakı öncəgörənlikləri birləşdirir – azad və bütöv, çiçəklənən və dinc Avropa. Lakin ölkələrimizin xarici işlər naziri olduğumuz müddətdə etiraf etməliyik ki, Avropanın, sözün əsl mənasında bütöv olmasının qarşısında maneələr var. Onların ən başlıcası odur ki, azad dünya hansısa bir elit klubdur və ayrı-ayrı dövlətlərin milli maraqları kollektiv maraqlardan üstündür. Məhz bu iddia da müəyyən dövlətlərə cəsarət verir, beynəlxalq sabitik və qlobal dünya üçün təhlükə yaradır”. Müəllif yazısında bildirilir ki, azad dünyada yer qazanmaq üçün sərt avtoritarlıqdan imtina etmək gərəkdir. "Avtokratlar üç cəbhədə cavab verirlər. Birincisi, hərbi güc və anneksiya yolu ilə təzyiq etməyə çalışır. İkincisi, azad dünyanı ləkələməyə, əsas vurğunu siyasi və işgüzar elitanın korrupsiyalaşdığına etməyə çalışır. Nəhayət, irimiqyaslı dezinformasiya yaymağa çalışır. Polşa və Ukrayna hər zaman bildirdilər ki, bütün Avropa ölkələrinin harmonik demokratik inkişafı olmadan Avropada uzunmüddətli sülh mümkün deyil. Məhz bu səbəbdən də Polşa Ukraynanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. NATO və Aİ-yə üzv olmaqla "açıq qapı siyasəti”nin qatı tərəfdarlarından olub. Polşa Ukraynanın da bu qurumlara qəbul edilməsini dəstəkləyir”, - deyə bildirilir.
Qeyd edirlər ki, Mərkəzi Avropa öz gələcəyini Avropa ilə bağladığı vaxt, Moskva hər vəchlə bu prosesin qarşısını almağa çalışıb. Bu məqsədlə ən güclü və qüdrətli silahlarından birini – qonşularının enerji resurslarından, ilk növbədə təbii qazdan olan asılılığını irəli sürməyə başladı. 2006, sonra isə 2009-cu ildə Rusiya xüsusi statusundan istifadə edərək, heç bir səbəb göstərmədən Ukraynaya təbii qazın verilməsini dayandırdı. Avropanın digər dövlətləri də bu addımın fəsadlarını öz üzərilərində hiss etdilər. Rusiyanın atdığı addımlar səbəbindən avropalılar gələcəkdə qaz bazarının daha sabit olması üçün müxtəlif addımlara əl atdılar. Ruslar isə Avropanın qaz bazarını öz əllərində saxlamaq üçün plan işləyib hazırladılar. Məhz bu müddətdə "Şimal axını” qaz xətti ideyası yarandı. Bu layihə Baltik dənizinin dibi ilə Mərkəzi Avropadan yan keçməklə Almaniyanı qazla təmin etməli idi. 2011-ci idə bu kəmər işə düşəndə onu Avropaya qazın nəqlində diversifikasiya aləti adlandırırdılar. Əslində bu kəmər Avropanın enerji təhlükəsizliyini dağıtmağa yönəlib. Bu gün artıq kəmərin ikinci xətti işə salınmağa hazırlanır. Nazirlər təəssüflə qeyd edir ki, bu layihə Ukraynanın suverenliyi və ərazi bütövlüyü pozulmaqla həyata keçirilir. Bu səbəbdən də Baydeni, səlahiyyətində olan bütün vasitələrdən istifadə edərək bu layihənin reallaşmasına qarşı çıxmağa çağırıblar: "Bu məsələdə Birləşmiş Ştatlar kritik əhəmiyyətli rol oynayır. Əgər layihə uğurla başa çatarsa, o zaman Rusiya Ukrayna cəmiyyətini inandırmağa çalışacaq ki, Qərb öz prinsiplərinə əməl etmir və yekun da odur ki, Ukraynanın çiçəklənməsi onu narahat etmir. Bu layihənin Ukraynanın enerji təhlükəsizliyinə heç bir aidiyyəti yoxdur”.
Beləliklə, görünən odur ki, Rusiyanı qarşıda ciddi sınaqlar gözləyir. ABŞ sanksiyalarının qarşısında Moskvanın, daha dəqiq desək, onun əsas müttəfiqi Berlinin tutacağı mövqe necə olacaq? Böyük ehtimalla, layihənin reallaşmasına qarşı olmayacaq. Lakin əvəzində Moskvadan nəyi tələb edəcək? Bax, əsas məsələ da budur.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər