AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

2021-ci ilin bəşəriyyətə vədləri

2021-ci ilin bəşəriyyətə vədləri

Təfsilat
08 Yanvar 2021, 16:45 159
Qütbləşmənin daha da dərinləşməsinin şahidi olacağıq?
 
2020-ci ildə dünya gündəmi bir çox hadisələrlə yadda qalsa da, sözsüz ki, ilk yerdə koronavirusun planet boyu tüğyan etməsi oldu. Dünya birliyinə daxil olan ölkələrin əksəriyyəti pandemiyanı öz üzərilərində hiss etdilər. İqtisadi durğunluq elə bir həddə çatdı ki, bunu hətta 1929-33-cu illərin "Böyük depressiyası” ilə eyniləşdirdilər. Bir il bundan öncə qlobal pandemiya ən uzaqgörən ekspert və politoloqların belə radarlarında əks olunmasa da, ilin birinci rübündə artıq dünyanın ən qlobal probleminə çevrildi. Koronavirus pandemiyası, böyük ehtimalla bu il də dominantlıq etməkdə davam edəcək. Pandemiya Birləşmiş Ştatlar başda olmaqla əksər dövlətləri resessiya vəziyyətinə saldı, iqtisadiyyatda durğunluq pik həddə düşdü. Bəs cari ildə bəşəriyyətin bu qlobal məsələdən gözləntisi nələr olacaq?
 
"Birləşmiş Ştatlar ən pis örnəklərdən birinə çevrildi”
 
"Foreign Policy” dərgisi bu sualla dünyanın aparıcı beyin mərkəzi rəhbərlərinə, təhlilçilərə müraciət edib. Məsələn, Brukinqs İnstitutunun prezidenti Con Allen hesab edir ki, qlobal səhiyyə böhranından qalib çıxanların sayı çox az olacaq: "Bunun səbəbi, heç də xəstəliyin nəzarətimizdən kənar çıxması deyil, bir çox ölkələrin vaksin əldə olunanacan əsl liderlik, cəmiyyətin daxili intizam ortaya qoya bilməməsidir. Ən əsası, bu çətin dönəm qlobal səhiyyə sistemlərinin necə pis təmin olunduğunu üzə çıxardı, bir çox ölkələr etik baxımdan məhvedici qərarlar verməli oldular - öncə hansı vətəndaşlara tibbi yardım göstərilməlidir. Üstəlik, bu dəhşətli xəstəliklə mübarizə üçün yenilənmiş qlobal koalisiya qurmaq əvəzinə, bir çox ölkələr təcrid siyasətinə bel bağladılar. Birləşmiş Ştatlar ən pis örnəklərdən birinə çevrildi”.
 
Con Allen sistematik irqçilik, iqlim dəyişikliyi, qlobal iqtisadi dirçəlişə ehtiyac kimi məsələlərin həllindən ötrü ortaq beynəlxalq düzəni zəiflətməyi deyil, gücləndirməyi vacib sayır. "New America” beyin mərkəzinin rəhbəri Anna-Mari Sloterin fikrincə isə pandemiya bir məsələni qəti şəkildə ortaya qoydu – ABŞ hökuməti heç də qlobal məsələlərin ayrılmaz oyunçusu deyil. "Vəzifədən getməkdə olan Tramp administrasiyası Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatından (DST) çıxardı, vaksinə bərabər şəkildə qlobal çıxışı təmin etməyi hədəfləyən, 172 ölkənin qoşulduğu COVAX tərəfdaşlığına üzv olmadı. Sloter eyni zamanda ABŞ-ın xeyriyyəçi və vətəndaş cəmiyyəti təşkilatlarının, şirkət və universitetlərinin pandemiya zamanı aktiv rolunu qeyd edir. "Gavi”, "Vaksin Alyansı” kimi təşəbbüslərin təşkilinə Bill və Melinda Qeyts Fondu kömək elədi, ABŞ-ın farmaseptik şirkətləri vaksin hazırlanması və paylanmasında aparıcı rol oynadı və sairə. Yeri gəlmişkən, Qərb cəmiyyətləri vaxtilə elm və rasionallığa sayğılarına görə tanınırdılar. Donald Tramp isə bu illüziyanın maskasını yırtdı. Asiyalılar indi onun maskasız tərəfdarlarına marıtlayaraq baxırlar”, – o yazır. Hazırda dünyada 85 milyondan çox yoluxma təsdiqlənib, onlardan 1 milyon 800 mindən çoxu vəfat edib.
 
NATO və Baydenin qarşılaşacağı əsas çətinliklər
 
Koronavirus problemi ilə yanaşı, bu il dünyada önəmli siyasi çəkisi olan hadisələrin də baş verəcəyi proqnoz edilir. Bura Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçirilməsindən tutmuş, Almaniyada Merkelin kiminlə əvəzlənməsi kimi bir çox məsələlər daxildir. Xristian Demokrat İttifaqının ən populyar lideri, çox güman ki, seçkilərdən sonra istefa verməli olacaq. Partiyanın yeni lideri Armina Laşeta olacaq. Sözsüz ki, bu il dünyanın əsas diqqəti Birləşmiş Ştatlara, dəqiq ifadə etsək, yeni rəhbərliyin Rusiya ilə bağlı yeridəcəyi siyasətə yönələcək. Düzdür, yeni prezident Co Bayden ilk açıqlamasında Rusiya prezidenti Vladimir Putin kimi liderlərə qarşı çıxacağına söz versə də, buna tam əməl edəcəyi gözlənilən deyil. İlk prioritetlər sırasında münasibətləri düzəltmək üçün NATO üzrə müttəfiqlərinə müraciət etmək olacağını bildirib. Qeyd edək ki, prezident Donald Trampın Putinlə dostluq əlaqələri və onu tənqid etməkdən imtina etməsi müşahidəçiləri çoxdan çaşdırmışdı. Tramp Ukrayna məsələsində biganəlik nümayiş etdirməsi ilə yadda qaldı. Çox güman ki, yeni ABŞ rəhbərliyi belə siyasət yürütməyəcək. Məsələn, Bayden seçiləndən sonra NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü pozmaqda davam etdiyini və Krımda hərbi gücünü artırdığını deyir. Bu, NATO və Baydenin 2021-ci ildə qarşılaşacağı əsas çətinliklər hesab edilir. Keçmiş diplomatlar və analitiklər deyirlər ki, Obamanın vitse-prezidenti olaraq yenidənqurma strategiyasını dəstəkləyən Co Bayden sələflərindən nümunə götürməyəcək. O, prezidentlik kampaniyası dövründə CNN-in bələdiyyə binasında "mən Rusiyanın bir rəqib olduğuna inanıram” - deyə, bildirmişdi. Bunun əksinə olaraq Çini "ciddi bir rəqib” adlandırmışdı. Prezidentlik kampaniyası dövründə Bayden respublikaçı rəqibini Putinə qarşı yumşaq davranmaqda günahlandıraraq, Donald Trampdan fərqlənməyə çalışmışdı. Ötən ayın əvvəlində Bayden rəqibini Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə susduğuna görə tənqid edərək, buna görə Moskva hökumətini açıq şəkildə günahlandırmışdı. "Kreml yenə də siyasi rəqibini susdurmaq üçün sevimli silahından - Noviçok kimyəvi maddələr agentindən istifadə etdi. Bu, paranoyak Rusiya rejiminin heç bir tənqidə və ya müxalifətə dözmək istəmədiyinə işarədir” - deyə, Bayden bildirmişdi. Namizədlər təşviqat kampaniyaları zamanı hər şey deyə bilər, lakin vəzifədə başqa şey edə bilər. Bəzən vəziyyət və ya hadisələrin gedişi səbəbindən az seçim ola bilər. Prezident Bayden vəd etdiyi kimi, Rusiyaya qarşı qoluqüvvətli bir yanaşma tətbiq edəcəkmi? Məsələn, Buş administrasiyasında dövlət katibinin köməkçisi Devid Kramer deyib ki, düşünmürəm ki, Bayden Putini yağlamaq üçün baş əyəcək: "Moskva ona qarşı dezinformasiya kampaniyasını davam etdirir və bu səbəbdən əlini uzadıb "hər şey yaxşıdır” deyəcəyini düşünmürəm”. Şəxsi əlaqələrin olmaması fonunda analitiklər münasibətləri bərpa etmək səylərinin həm Obama, həm də Tramp administrasiyaları tərəfindən Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalarla çətin olacağını deyir. Bu ölçülər Baydenə çox az manevr imkanı verəcək və Qərb dövlətləri Rusiyanın onlara qarşı kiberhücumlar həyata keçirdiyinə inandığı halda, sanksiyaların ləğvi ehtimalı çox azdır.
 
Tehran şərtlərə əməl edəcəyi təqdirdə...
 
İrana gəldikdə, Bayden gələcək administrasiyanın ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtması üzərində işləməyə hazır olduğunu təsdiqləyib. Belə ki, Bayden bunun asan olmayacağını, amma mümkün olduğunu bildirib. Onun sözlərinə görə, gələcək administrasiya müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq edərək danışıqlarda iştirak etmək və İranın nüvə proqramı ilə bağlı məhdudiyyətləri gücləndirəcək və genişləndirəcək, habelə Tehranın raket proqramı ilə əlaqəli əlavə razılaşmalar hazırlamaq niyyətindədir. Eyni zamanda, siyasətçi, Tehranın nüvə fəaliyyətinə nəzarət edəcək işlək razılaşmanı bölgədə sabitliyin təmin edilməsi üçün ən yaxşı vasitə hesab etdiyini vurğulayıb. "Dünyanın bu hissəsində nüvə potensialını artırmaq, istədiyimiz ən son şeydir”, - Bayden deyib. Bayden, Tehran şərtlərə əməl edəcəyi təqdirdə, ABŞ-ın İranla 2015-ci il nüvə sazişinə dönməsini istədiyini bildirsə də, ekspertlərin fikrincə, ABŞ-ın yeni prezidenti, Trampın maksimum təzyiq kampaniyasını davam etdirməyəcək, lakin sazişə dönüş asan olmayacaq. Məsələn, noyabr ayının sonunda İranın ən böyük nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdəki gərginliyi artırmaqla yanaşı, ABŞ-ın İrana qarşı siyasətini sərtləşdirmək təhlükəsi yaradıb. Ekspertlər maksimum təzyiq kampaniyasının nə qədər təsirli olduğu barədə ziddiyyətli fikirlərə malikdir. Beləliklə, Bayden və onun administrasiyası rəsmi Tehrana qarşı hansı mövqeni sərgiləyəcəyi maraq doğurur. İran nüvə sazişi məsələsinə görə ABŞ-la müzakirə masasında oturacaq, lakin elə mövzular var ki, tərəflər onlar üzərində anlaşa bilməzlər. Yəni nə Amerika geri addım atar, nə də İran. Ekspertin qənaətincə, Tramp da seçilsəydi, İran gec ya tez Amerika ilə masaya oturacaqdı. Çünki İranın iqtisadiyyatı artıq tətbiq olunan embarqolar və sanksiyalara dözə bilmir.
 
 
Pekin hesab edir ki...
 
Çinlə münasibətlərə gəldikdə, ABŞ-Çin münasibətlərində böyük dəyişiklik gözlənilmir. Donald Tramp Çinə qarşı mübarizəni və bu ölkənin artan nüfuzunu ilk prezidentlik müddətinin əsas hədəflərindən biri elan etmişdi. Tramp administrasiyası ÇXR-i koronavirusla bağlı vəziyyətə, eləcə də müsəlman uyğurlara edilən zülmə və "Huawei” şirkətindən casusluq məqsədilə istifadə etdiyinə görə daha çox tənqid edirdi. Hətta ABŞ, intellektual mülkiyyət təhdidini əsas gətirərək ÇXR-in Hyustondakı konsulluğunu bağlayıb. Lakin Pekin hesab edir ki, demokratların qələbəsi iki ölkə arasındakı münasibətlərdə köklü bir yaxşılaşma üçün strateji əhəmiyyətli fürsət pəncərəsi açmayacaq. Donald Tramp və Co Bayden arasındakı Çinə yanaşma fərqi, yalnız şəxsi üslub və taktiki səviyyədə görünür. Çin rəhbərliyinin mövqeyinə görə, iki ölkə arasındakı ziddiyyət geniş xarakter alıb. Bu, yalnız iqtisadi deyil, həm də hərbi və ideoloji sahələri əhatə edir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında 2016-cı ildəki münasibətlərə qayıtmaq mümkün deyil. Həmin dövrdən fərqli olaraq, iki ölkə ticarət müharibəsinin mərkəzində dayanır. Bundan əlavə, "COVID-19” Çini ABŞ-ın daxili siyasətinin mövzusuna çevirdiyi üçün Amerika cəmiyyətində Pekinlə münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Bununla yanaşı, dünya gündəmi il ərzində gözlənilməz hadisə və hallarla da zənginləşə bilər. Gərginlik ocağı, çox güman ki, Aralıq dənizində olacaq.
Beləliklə, indidən söyləmək olar ki, il gərgin keçəcək. Qeyd etdiyimiz kimi, diqqət Baydenin yeni siyasətini necə quracağına yönələcək. Yeni administrasiya, vəd etdiyi kimi, fövqəldövlət statusuna dönməkdə israrlı olacaqsa, bu, qarşı tərəfdə cavabsız qalmayacaq. Çox güman ki, il ərzində qütbləşmənin daha da dərinləşməsinin şahidi olacağıq. Əvvəlki tək, Çin və Rusiyanın ABŞ və onun müttəfiqlərinə qarşı rəqabət siyasəti davam edəcəyi ən çox gözlənilən məsələlər sırasında olacaq.
 
Azər NURİYEV