• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

“Min bir gecə” baleti və ya min illərə sığmayan sənət dünyası

22.11.20 12:00 860
“Min bir gecə” baleti və ya min illərə sığmayan sənət dünyası
Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 98 il ötür
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.
Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.
AZƏRTACxəbər verir ki, bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 98 il ötür.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.
Onun diplom işi "Ulduz” operası olub. Sonra "Nizaminin xatirəsinə” simfoniyasını, "Şur” və "Kürd ovşarı” simfonik muğamlarını, "Sevil” operasını yazıb. 1942-1945-ci illərdə Fikrət Əmirov filarmoniya orkestrinin bədii rəhbəri və Gəncə musiqi məktəbinin direktoru, 1946-1947-ci illərdə Bakı simfonik orkestrinin rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, SSRİ Bəstəkarlar İttifaqının Azərbaycan bölməsinin katibi olub.
Fikrət Əmirov müxtəlif janrlarda əsərlər yazıb. Onun "Azərbaycan kapriççiosu”, "Gülüstan-Bayatı-Şiraz”, "Nəsimi əfsanəsi” kimi simfonik əsərləri daha populyardır. Yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnmiş bəstəkar improvizə və variasiya üsullarından istifadə etməklə sanballı polifonik əsərlər yaradıb. O, bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə o, "Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında "Min bir gecə” baletini yazıb. Bu balet sənətkara böyük şöhrət qazandırıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri "Nizami” baleti olub.
Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış F.Əmirov bir çox fəxri adlara və mükafatlara layiq görülüb.
Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.
banner

Oxşar Xəbərlər