AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib

Cəmiyyət
27 Sentyabr 2020, 21:56 160
Sentyabrın 27-də Milli Məclisin iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
 
Trend-in Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir. "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə, "Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir.” Bugünkü iclasımızın keçirilməsi də bu zərurətdən irəli gəlir. Gündəliyə bir məsələ daxildir.
Daha sonra Milli Məclisin Sədri bildirdi ki, bu gün səhər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribata əl atmışlar. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutmuşlar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar var. Milli
 
Məclisin Sədri Sahibə Qafarovanın təklifi ilə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Ermənistanın bu xain hücumu erməni faşizminin, işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti bir təzahürüdür:
"Ermənistan bu təxribatı törətməklə işğalçılıq siyasətini genişləndirmək və təcavüzkar siyasətini davam etdirmək niyyəti güdür. Xatırlatmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın planlaşdırdığı təcavüz aktı və hərbi təxribatları barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdir. İyul ayında Tovuzda baş verən təxribatdan sonra bu gün baş verənlər Ermənistan faşizminin iç üzünü və çirkin mahiyyətini açıb göstərir. Bütün xalqımız əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır və qalmır. Azərbaycan ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılmış və Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir".
Milli Məclisin Sədri Sahibə Qafarovanın bu sözləri deputatlar tərəfindən alqışlarla qarşılandı. Milli Məclisin Sədri bu münasibətlə təbriklərini çatdırdı. Sədr qeyd etdi ki, Ermənistan ordusunun təxribatları barədə beynəlxalq ictimaiyyətə artıq məlumat verilmişdir və bir neçə dəqiqə bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop mənə telefonla zəng edərək qardaş ölkənin Azərbaycana dəstəyini bir daha ifadə etmişdir.
 
Milli Məclisin Sədri onu da deputatların nəzərinə çatdırdı ki, Milli Məclis tərəfindən beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə Ermənistanın bu təxribatı haqqında məktublar göndərilmişdir. Milli Məclisin Sədri vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır ! Sədrin çıxışı alqışlarla qarşılandı.
Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını oxudu. Məsələnin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Səməd Seyidov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Zahid Oruc, Aydın Mirzəzadə, Erkin Qədirli, Fazil Mustafa, Səttar Möhbalıyev, Nizami Cəfərov bu günü tarixi bir gün kimi xarakterizə etdilər. Deputatlar Azərbaycan Ordusunun torpaqlarımızı tezliklə işğaldan azad edəcəklərinə və vətəndaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıdacağına əminliklərini ifadə etdilər, Ordumuza uğurlar arzuladılar. Sonra "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.