AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Siyasət
13 Avqust 2020, 11:21 774
Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd etmişdir.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunmuşdur.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etmişdir.