• cümə, 26 Aprel, 00:21
  • Baku Bakı 16°C

“Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir”

22.06.20 18:05 719
“Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir”
Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”

Bir neçə gün bundan öncə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin, həmçinin Avropa İttifaqına üzv dövlətlərin, Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının da iştirakçı olduğu Sammitdə Prezident İlham Əliyev çıxış edərək, Azərbaycanın Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
Azərbaycanın Avropa İttifaqının bir çox üzvləri ilə sıx əməkdaşlığının olduğunu xatırladan Prezident İlham Əliyev qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalandığını dilə gətirib. Qeyd edib ki, hazırda Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindədir. Dövlət başçısı iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflandığını da diqqətə çatdırıb. Deyib ki, bu sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. On beş ilə yaxındır ölkəmizin Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçı olduğunu söyləyən Prezident İlham Əliyev yaxın zamanda Azərbaycanın Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağını vurğulayıb. Bildirib ki, ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olub və bu layihəni maliyyələşdirib. O, Cənub Qaz Dəhlizinin enerji əməkdaşlığının, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi olduğunu deyib.
Əməkdaşlığın yeni çərçivələri
Qeyd edək ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarətinin təqribən 50 faizi Avropa İttifaqına üzv dövlətlərinin payına düşür.
Mövzu ilə bağlı millət vəkili Fatma Yıldırım deyib ki, Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələri qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. O bildirib ki, Aİ ilə əməkdaşlığı özünün prioritet istiqamətlərindən biri hesab edən Azərbaycan siyasi, iqtisadi, hüquqi və digər sahələrdə bu təşkilatla uğurlu əməkdaşlıq etməkdədir: "Avropa İttifaqının rəhbərləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan onlar üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Dərin etimad mühitində davam edən əməkdaşlıq hazırda yeni mərhələnin başlanğıcındadır. Azərbaycan Aİ ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini ortaya qoyur. Respublikamız Aİ-nin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir və gerçəkləşdirir. Hazırda bu qurumun 9 üzvü ilə ölkəmiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. "Tərəfdaşlıq Prioritetləri” adlı bu sənəd ölkəmizin Aİ strukturlarına inteqrasiyasına xüsusi töhfə verəcək. Ancaq əməkdaşlığın yeni çərçivələri bir sıra mühüm məsələlərin də həllini zəruri edir”.
Münaqişə həll edilməlidir
Deputat F.Yıldırım deyib ki, Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan yeni saziş tərəfdaş ölkələrdə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələləri də şərtləndirir: "Tərəfdaşlıq Prioritetləri”ndə çox aydın şəkildə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Azərbaycanın Aİ ilə sıx əməkdaşlığının mühüm prinsiplərindən biri genişmiqyaslı layihələrin gerçəkləşdirilməsidir. Regionda sülhə və sabitliyə təhdid olan Ermənistan isə Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamaqla regionda sabitliyin və rifahın artırılmasına maneçilik törədir. Belə bir vəziyyətdə Avropa İttifaqı Dağlıq Qarabağ probleminin həllində respublikamızın gözlədiyi prinsipial və qətiyyətli addımları dəstəkləməklə yanaşı, təsirli addımlar atılmasında da fəal olmalıdır. "Tərəfdaşlıq Prioritetləri”ndə əks olunmuş eyni prinsiplər əsasında münaqişə həll edilməlidir. Bunu Cənab Prezident İlham Əliyev növbəti dəfə Aİ rəhbərlərinin diqqətinə çatdırdı”.
Enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov da qeyd edib ki, bu günə kimi Azərbaycan Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Onun sözlərinə görə, hazırda konstruktiv əməkdaşlıq şəraitində Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir: "Xüsusilə qeyd etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarətinin təqribən 50% Avropa İttifaqı üzv dövlətlərinin payına düşür. Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayaraq enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini də təmin etmiş olacağıq. Azərbaycan 3500 kilometrlik boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi tikintisinin təşəbbüskarı olmuş və bu layihənin maliyyələşdirilməsində yaxından iştirak etmişdir. Cənub Qaz Dəhlizi həm Azərbaycanı Avropa İttifaqı bazarına bağlayacaq, həm də Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradacaq”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər