• şənbə, 20 Aprel, 11:42
  • Baku Bakı 14°C

2020-dən gözləntilər

07.01.20 18:40 589
2020-dən gözləntilər
İl gərginliklər və sürprizlərlə yadda qala bilər

2020-ci ilin gərginliklər, münaqişə və narahatlıqlarla dolu il olacağı elə ilk günlərdən bəlli oldu. Yanvarın ilk günlərində İranın nüfuzlu generalının İraq ərazisində ABŞ tərəfindən qətlinin ardınca rəsmi Tehran uran zənginləşdirmə, saxlama, araşdırma və inkişaf etdirməsilə əlaqədar heç bir vədə əməl etməyəcəyi barədə bəyanatı gərginliyi daha da artırıb. İran başlıca məsələ olsa da, digər münaqişələr də gündəmdədir. Söhbət Liviya və Suriyadan gedir. Bəlli olduğu kimi, Türkiyə hərbçiləri artıq Liviyaya yola düşüb. Liviyanın Milli Razılıq Hökuməti rəsmi olaraq Türkiyədən hərbi dəstək istədikdən sonra Türkiyə parlamenti bu ölkəyə hərbi heyət göndərilməsi barədə qərar qəbul etdi. Beləliklə, il ərzində Liviyada da proseslərin gərgin axarda davam edəcəyi gözlənilir. Suriyaya gəldikdə, burada sakitlik yaşanır. Prezident Bəşər Əsəd Rusiyanın yaxından köməyi ilə sabitliyi qorumağı bacarsa da bunun müvəqqəti olduğu vurğulanır. Başqa bir gərginlik ocağı Aralıq dənizində yaşana bilər. Cənubi Kipr, Yunanıstan və İsrail arasında imzalanan "Eastmed” (Şərqi Aralıq dənizi qaz boru kəməri xətti) layihəsinə dair razılaşma rəsmi Ankaranın narazılığına səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy mövzuya dair suala verdiyi cavabda deyib ki, "bu razılaşmanın imzalanması bölgədə Türkiyəni və Şimali Kipr Türk Cümhuriyyətini qapı kənarında qoymaq üçün atılan boş addımların yeni bir nümunəsidir. Şərqi Aralıq dənizində ən uzun sahil zolağına sahib olan Türkiyəni və Kipr adasının təbii sərvətləri üzərində bərabər haqlara sahib olan Şimali Kipr türklərini yox hesab edən heç bir layihə uğurlu olmayacaqdır. Bu mövzunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq”.
Postsovet məkanında yaşanan münaqişələrə baxanda Qərbin nüfuzlu "Project Syndicate” nəşri yazır ki,Rusiya və Ukrayna arasında bu il münaqişənin hərbi müstəviyə keçəcəyi gözlənilmir. Belə ki, tərəflər ötən ilin son günündə Rusiya təbii qazının Avropaya nəqli üzrə beş illik, 7 milyard dollarlıq sazişi razılaşdırıblar. Vyanada sazişin əldə olunmasına münasibət bildirən Ukrayna prezidentiVladimir Zelenski bildirib ki, saziş yenilənməsəydi, qışın ortasında Rusiyadan milyardlarla kubmetr qazın Ukrayna ərazisindən Avropaya çatdırılmasında problem yaranacaqdı. Rusiyanın hər il Avropaya göndərdiyi 200 milyard kubmetr qazın 40 faizə qədəri Ukraynanın nəhəng kəmərlər şəbəkəsi ilə nəql olunur. İki qonşu ölkənin enerji sahəsindəki əlaqələri böyük geosiyasi gərginliyin tərkib hissəsidir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, bu ölkənin şərqində separatçılara dəstək verməyə başlayıb.
Yeni razılaşmaya uyğun olaraq, Kiyev gələn ildən minimum 65 milyard kubmetr qaz nəql edəcək. Bu, ötən ildəkindən 22 milyard kubmetr azdır. 2021-2024-cü illərdə isə minimum həcm 40 milyard kubmetrədək düşəcək. Yeni sazişdə "ya qaz vur, ya da ödə” maddəsi də var. Bu maddəyə görə, Rusiya Ukrayna ərazisindən kontraktda nəzərdə tutulmuş qazı nəql etməsə, minimum qaz nəqli üçün ödənişi etməlidir. Rusiya Ukraynaya qaz təchizatını iki dəfə – 2006 və 2009-cu illərdə kəsib, evlər, şirkətlər, qərbdə yerləşən ölkələr soyuqda qalıb. Bu arada Rusiya Almaniyaya qaz nəqli üçün nəzərdə tutulmuş "Şimal axını-2” kəmərini tamamlamaq üzrədir və bu da Ukraynanın Avropaya əsas qaz nəql edən ölkə roluna təhlükə yaradır. 2 min 460 kim-lik "Şimal axını-2” layihəsinin artıq 90 faizi hazırdır.
Yeri gəlmişkən, Danimarkanın məşhur investisiya bankı "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsenin də 2020-ci il üçün proqnozları var. Onun qənaətincə, bu il Avropa İttifaqından daha bir ölkə çıxacaq. Onun qənaətincə, bu il üçün əsas proqnozlardan biri Macarıstanın Avropa İttifaqından (Aİ) çıxması ola bilər. Dünya Londonla Brüssel arasındakı "Brexit” danışıqlarını diqqətlə izlədiyi bir vaxtda Budapeşt də eyni addımı atmağa hazırlaşır. Bunun bir neçə səbəbi var: Baş nazir Viktor Orbanın anti-Avropa ritorikası və Avropa İttifaqı rəhbərliyinin qurumun bu "sözə baxmayan” üzvünə qarşı tətbiq etdiyi sanksiyalar. Ötən il ittifaq sazişinin 7-ci maddəsi əsas götürülərək, Avropanın təməl dəyərlərindən uzaqlaşmağa görə cəza tədbirləri nəzərdə tutan uzun bir bürokratik prosedur işə salındı. Macarıstanla bağlı əsas narazılıq ölkədə millətçi və anti-immiqrant əhvalın güclənməsi, həmçinin hökumətin qaçqınları kvotaya uyğun qəbul etməkdən imtinası idi. Mümkün cəza tədbirlərindən ən ciddisi ölkəyə daxil olan subsidiyaların azaldılmasıdır. Macarıstanla bağlı kritik qərarlar bu il qəbul ediləcək. Stin Yakobsen onu da proqnoz edir ki, Rusiya ilə bağlı narahatlığa əsas yoxdur. Uzun müddət xalq iqtisadiyyatı üçün bir yük və hətta lənət kimi qəbul edilən neft və qaz sənayesi 2020-ci ildə ölkəni yenidən irəliyə aparacaq. 2016-cı ildə OPEC-lə bağlanmış saziş sayəsində neftin dünya bazar qiymətləri ilk dəfə bir barrel üçün 90 dollara qalxa bilər ki, bu da ehtiyatları daha da artırmağa və nəhayət onlara investisiya qoymağa imkan verəcək. "İndiyə qədər Rusiya ilə bağlı nikbin olmağım üçün səbəblərim az idi. Hər dəfə bura gələndə, məni inandırırdılar ki, ölkə iqtisadiyyatında bir irəliləyiş olacaq. Ancaq qayıdarkən məlum olurdu ki, təxirə salınıb və görüləcək işlər hələ də var. Lakin bu dəfə bəyan etməliyəm ki, gələn il həqiqətən də Rusiya üçün uğurlu olmalıdır", - Yakobsen deyir.
Ümumiyyətlə isə dünyanın aparıcı investorları2020-ci ildə qlobal iqtisadi artımla bağlı vəziyyətdənnarahatdır.Bu qənaətə "Absolute Strategy Research” (ASR) araşdırma şirkəti gəlib. Şirkət ümumi aktivləri4,1trilyon ABŞ dollarıolan200investor arasında sorğu keçirib. Sorğu iştirakçılarının 52%-i bu il dünya iqtisadiyyatında geriləmə gözlədiklərini açıqlayıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər