• şənbə, 20 Aprel, 15:44
  • Baku Bakı 23°C

2020-ci il neft bazarı üçün gərgin xəbərlərlə başladı

07.01.20 16:17 1446
2020-ci il neft bazarı üçün gərgin xəbərlərlə başladı
Amma ekspertlər bir müddət sonra qiymətlərin stabilləşəcəyini düşünür

İran xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin qətlindən sonra dünya bazarında neftin qiyməti kəskin artıb. Belə ki, ABŞ-ın Qasım Süleymanini öldürməsinin ardından 2 ölkə arasında artan gərginlik fonunda Brent markalı neftin barel qiyməti apreldən bəri ən yüksək səviyyə olan 70 dolları keçib. FED.az-ın məlumatına görə ABŞ xam neftinin barel qiyməti də 64.62 dollarla apreldən bəri ən yüksək səviyyəyə qalxıb. "Reuters” agentliyi yazır ki, Yaxın Şərqdə neft təklifi riskləri yüksəlib. İraqda İran tərəfindən dəstəklənən qüvvələr və ABŞ arasında münasibətlər gərginləşməkdədir. Neft də bu səbəbdən bahalaşır.
Bəs görəsən qara qızılın qiyməti ilə bağlı proqnozlar nə vəd edir? Qiymət artımı nə qədər müddət davam edə bilər? Siyasi proseslər səngiyəndən sonra neftin qiyməti stabilləşəcəkmi?
Qlobal informasiya təchizatçısı "IHS Markit"neft qiymətlərinin ilin qalan dövründə təklif artıqlığı səbəbiylə düşəcəyini gözləyir. "IHS Markit”in neft analitiki Spencer WelchABŞ-İran gərginliyindən sonra neftin bahalaşmasını şərh edib.
Bu il qiymətlər üzərində 2 amilin təsirli olacağını qeyd edən Welch bildirib ki, bazardakı artıq təklif və geosiyasi risklər qiymətlər üzərində təsirli olacaq. Əgər 2 ölkə arasındakı gərginlik artsa, qiymətlər daha da yüksələr, amma irəliləyən dövrdə qiymətlər düşəcək, çünki artıq təklif var. Neftin qiyməti il ərzində yüksəlməkdən çox düşəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd etdi ki, qiymətlər artıq aşağı düşməyə meyl göstərir: "Bazar ertəsi neftin qiyməti maksimum həddə – 70 dollara çatmışdı. 2019-cu ilin may ayından etibarən bu qiymət ən yüksək göstərici idi. Ötən həftənin sonunda İranın səsləndirdiyi bəyanatlar özünü doğrultmadığına görə, qiymətlər artıq enməyə başlayıb. Neftin qiymətindəki dalğalanma bir müddət davam edəcək. Çünki hal-hazırda İraqla bağlı gərginlik yaşanır. Oradakı vəziyyət məchul olaraq qalır. ABŞ ordusunun İraqı tərk edib-etməyəcəyi bəlli deyil. Bir-birini təkzib edən onlarla müxtəlif bəyanatlar və fikirlər səslənir. ABŞ-ın KİV-lərində yayılan məlumatlar neftin qiymətinə birbaşa olaraq təsir etməkdədir. Ona görə də hal-hazırda qiymətlərin birinci rüb ərzində necə dəyişəcəyinə dair proqnoz vermək mümkün deyil. Bazarda dalğalanma həddi çox yüksəkdir. Verilən hər bir bəyanat və yaşanan gərginliklər qiymətlərə bu və ya digər dərəcədə təsir edir. Bundan sonra proseslərin hansı cərəyanda dəyişməsindən asılı olaraq stabil qiymət aşağı düşə və ya qalxa bilər. Bu proses ABŞ-İran münasibətlərini kölgədə qoyacaq yeni bir siyasi gərginliyə qədər davam edəcək. Az əvvəl Liviyada hücumlara dair xəbər yayılıb. Liviya neft ölkəsidir və OPEC üzvüdür. 2020-ci il neft bazarı üçün gərgin xəbərlərlə başlayıb. Bu gərginliyin qarşıdakı həftələrdə səngiyəcəyi gözlənilmir. Ona görə də qiymətlərin bir müddət 65 dollardan baha olacağı gözlənilir. OPEC-in qərarından sonra qiymətlər kifayət qədər artdı. Ötən il dekabrın əvvəlində qiymətlər 63 dollardan yuxarı idi. Ayın ortalarında isə qiymətlər 65 dollar həddinə qədər yüksəldi. Hasilatçı ölkələr üçün bu qiymət sərfəlidir. İlin əvvəlində siyasi proseslərin bazarda yaratdığı gərginlik qiymətləri 70 dollara qədər qaldırdı. Bu, iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün qısamüddətli də olsa şansdır. Amma əslində, hasilatçı ölkələrə neftin qiymətinin sabit olmağı daha sərfəlidir. Hətta lokal konfliktlər belə onlar üçün arzuedilən deyil. Ona görə də hasilatçı ölkələr ABŞ-İran münasibətlərinin tezliklə çözülməsində maraqlı olan tərəflərdir. Ötən ilin sonunda atılan addımlar, verilən proqnozlar və hal-hazırda yaşanan proseslər onu göstərir ki, qiymətlər bir müddət 60-65 dollar dəhlizində dəyişəcək”.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, Yaxın Şərqdə davam edən gərginlik neftin dünya bazarındakı qiymətinə birbaşa olaraq təsir göstərir: "Dünya bazarına çıxarılan neftin əhəmiyyətli hissəsi Yaxın Şərqin payına düşür. Yaxın Şərqdə yaşanan istənilən bir gərginlik bazarlara dərhal müsbət və mənfi siqnallar ötürür. Bu mənada, son günlər baş verən hadisələr də istisna deyil. Hadisə baş verdikdən sonra bir gün ərzində qiymətlərdə 4 faiz artım oldu. Əslində, bu gərginlik gözlənilirdi. Həm İran, həm də ABŞ-ın daha əvvəl verdiyi açıqlamalardan tərəflərin münasibətlərində yeni gərginliyin olacağı bəlli idi. Ölkələr arasındakı gərginlik müharibə ilə müşahidə olunmadığı üçün artıq qiymətlərdə cüzi azalmalar müşahidə olunmağa başlayıb. İstənilən halda qiymətlər indi yüksəkdir. Müharibə baş verəcəyi təqdirdə, qısa müddət ərzində qiymətlərin 75 dollara qalxacağı gözlənilirdi. Ona görə də bazardakı qiymətlər Yaxın Şərqdəki proseslərdən asılı olaraq dəyişəcək. Bu gərginlik tərəflər arasında müharibəyə gətirib çıxarmasa, qiymətlər yenidən 65 dollar ətrafında dəyişəcək. 65 dollar Azərbaycan üçün də məqbul hesab olunur. Büdcədə qiymət 55 dollar nəzərdə tutulub. Ona görə də qiymətin 65 dollardan yüksək olması daha çox gəlir əldə ediləcəyi anlamına gəlir. Mövcud qiymət Azərbaycanın dövlət rezervlərini artırmağa imkan verir. Bu mənada, müharibə olmazsa, 2020-ci ildə qiymət 60-65 dollar ətrafında dəyişəcək. OPEC ölkələri qiymətlərin daha yüksək olmasında maraqlıdır. Nəzərə almaq lazımdır ki, 2020-ci il ABŞ-da seçki ilidir. Qlobal iqtisadi artım tempində azalma müşahidə olunur. Qeyd etdiyim kimi, əgər Yaxın Şərqdə müharibə olmazsa, qiymətlərin 70 dollardan baha olacağını gözləmək olmaz. OPEC-in hasilat həcmlərini kəskin şəkildə azaldacağı gözlənilmir. Çünki bu, hasilatçı ölkələrin marağına uyğun deyil”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev də söylədi ki qiymətlərdəki dalğalanmalar Yaxın Şərqdəki geosiyasi vəziyyətlə birbaşa bağlıdır. ABŞ qüvvələri tərəfindən Qasım Süleymaninin öldürülməsi gərginliyi xeyli artırıb: "Bazar iştirakçıları hesab edir ki, Qasım Süleymaninin qətlindən sonra Yaxın Şərqdəki vəziyyət neft axın xətlərinə ciddi təsir göstərəcək. Çünki İranın yerləşdiyi coğrafi mövqe İrana Yaxın Şərq ölkələrinin dünya bazarlarına çıxardığı neftin böyük həcminə nəzarət etməyə imkan verir. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və İraqın dünya bazarlarına çıxardığı neft birbaşa olaraq İranın nəzarət etdiyi Hörmüz boğazı vasitəsi ilə qlobal bazarlara çıxarılır. İranın Fars körfəzindəki nəzarət etdiyi Hörmüz boğazı Yaxın Şərq ölkələrinin ixrac etdiyi nefti dünya bazarları ilə əlaqələndirən axın xəttidir. Ona görə də bazar iştirakçıları hesab edir ki, İran Hörmüz boğazındakı ixrac həcmlərinə müəyyən maneələr törədə bilər. Qasım Süleymaninin qətlindən sonra İraq və ABŞ-ın Yaxın Şərqdəki digər müttəfiqləri ilə vəziyyəti gərginləşdirəcəyi də söylənilir. Amma indiki şəraitdə İran özünün beynəlxalq imicinə zərbə vurmaq istəmir. Ona görə də İranın indiki vəziyyətdə məhdudiyyətlər yaradacağını hesab etmirəm. Bir neçə gündür ki, İran rəsmiləri açıq şəkildə bəyan edir ki, vəziyyətin nəzarətdən çıxmasına səbəb olacaq hər hansı bir addım atmayacaqlar. O cümlədən neft obyektlərinə və neft ixracına İran heç bir təsir göstərməyəcəyini bildirir. Bu mənada, bir neçə gündən sonra qiymətlərin öz əvvəlki məcrasına qayıdacağı gözlənilir. Hal-hazırki qiymətlər bazardakı vəziyyətə adekvat deyil, çünki bazarda həddən artıq izafi neft həcmləri var. Belə ki, bazarda OPEC və müttəfiq dövlətlərin müəyyən etdiyi normadan artıq həcmdə neft var. OPEC-in indiki şəraitdə ən böyük məqsədi dalğalanmaların qarşısını almaqdır. Balans bərpa edilərsə, stabilliyi qoruyub saxlamaq asanlaşır. Qasım Süleymani öldürülməzdən əvvəl qiymətlər bir müddət idi ki, 60-65 dollar arasında öz sabitliyini saxlayırdı. Bu aralıq istehsalçı və istehlakçı ölkələr üçün kifayət qədər məqbul bir rəqəmdir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər