El sənəti – el şöhrəti
Müasir Şəki sənətkarlarının yaradıcılıq
axtarışları haqqında
Baş Qafqaz silsiləsinin cənub ətəklərində yerləşən Şəkinin əsrarəngiz
təbiəti və təbii xammal mənbələri ilə zənginliyi burada sənətkarlığın müxtəlif
sahələrinin inkişaf etməsini şərtləndirmişdir. Elə bu zənginlik Azərbaycanın
dilbər guşələrindən olan Şəkidə lap əski dövrlərdən çoxsaylı sənət növlərinin,
o cümlədən silahsazlıq, misgərlik, zərgərlik, dulusçuluq, şəbəkəçilik, təkəlduz, ipəkçilik və onun kəlağayı kimi növlərinin
yaranmasına və inkişafına şərait yaratmışdır. Zamanın axarında yerli
sənətkarlar tərəfindən bu özünəməxsus el sənəti növlərinin, sözün əsl mənasında,
el şöhrətinə çevrilməsi və dünyanın müxtəlif guşələrinə yayılması da burada
ərsəyə gətirilən məmulatların yüksək bədii-estetik dəyərə malik olduğunu
təsdiqləyir. Buradakı müxtəlif sənətkarlıq sahələrinin ibtidaidən aliyə doğru
baş tutan təşəkkülü tədricən onların hər
birinin Azərbaycanın başqa bölgələrindən fərqli kompozisiya biçiminə, naxış
örtüyünə və rənglərinə görə seçilməsinə və "Şəki məktəbi” kimi tanınmasını
şərtləndirmişdir...
Tarixi keçmişə və
zəngin bədii ənənələrə malik olan Şəkidə sovet dönəmində və müstəqillik
illərində də qazanılmış şöhrətin itirilməməsinə yönəli çoxsaylı işlər
görülmüşdür. Zamanında burada dekorativ-tətbiqi sənət sahəsində çalışan Əşrəf
Rəsulov, Şöyüb Məmmədov Möhtərəm Ağahüseynzadə və b. yaratdıqlarının sorağı
Azərbaycandan çox-çox uzaqlara yayıldığından dövlət rəsmiləri onların SSRİ
Rəssamlar İttifaqı sıralarına qəbul olunmaları və Şəkidə bu yaradıcı qurumun 12
nəfərdən ibarət yerli bölməsinin yaradılması (1974) həyata keçirilmişdi. O
vaxtdan başlayaraq Şəkidə yaşayıb-yaradan sənətkarların yaradıcılığı ən
müxtəlif sərgilərin bəzəyinə çevrilmişdir. Bəs müstəqillik illərində mədəni
tədbirlərin bir-birini əvəzlədiyi və respublikanın ən çox ziyarət olunan
guşələrindən birinə çevrilən Şəkidə bu gün vəziyyət necədir?
Şəhərdəki
"Sənətkarlar evi”ndə, eləcə də fərdi emalatxanalarda fəaliyyət göstərən
yaradıcılarla tanışlığın qarşılığında, demək olar ki, burada keçmişimizi
yaşatmağa səy göstərən hər kəsə imkan dairəsində qayğı göstərilməkdədir.
Tərcüməyə heç bir ehtiyacı olmayan sənətkarlıq nümunələrinin bu gün qədimlərdə
olduğu kimi, yenə də Şəkinin "tanınma nişanı” funksiyasını daşıması, əlbəttə
ki, təkcə şəkililər üçün yox, başqa bölgələrdə yaşayan hər birimiz üçün
qürurvericidir. Bu mənada Rəhman Kamiloğlunun ərsəyə gətirdiyi xovlu tikmələrin
adını xüsusi qeyd etmək istərdik.
İlk baxışda zəngin tikmə ənənəsi olan Şəkidə bu sahədə yeni söz
deməyin mümkünsüzlüyünü düşündüyümüz halda, on il əvvəl gənc Rəhman yaratdığı
özünəməxsus dekorativ-tətbiqi sənət nümunələri
ilə yeniliyə imza atmağa nail olmuşdur. Xüsusi ixtisas təhsili
almamasına baxmayaraq, fitri istedadı sayəsində hər bir yeni tikmə nümunəsində
duyulası icra sənətkarlığı və professionalıq nümayiş etdirən Rəhman
Kamiloğlunun əl işləri Azərbaycan dekorativ-tətbiqi sənətini zənginləşdirən
bədii dəyər daşıyıcısı kimi qəbul olunur. Bu vaxta qədər yaratdığı 30-dan çox
tikmənin ölçüsündən asılı olaraq hər birinə dörd aydan səkkiz aya qədər vaxt
sərf edən sənətkarın bədii irsi kifayət qədər rəngarəngdir. Yaradıcılığında
janr məhdudiyyətinə rast gəlinməməsi ilk növbədə onun maraq dairəsinin genişliyi
ilə bağlıdır. Bununla belə müəllifin mənzərə janrına xüsusi rəğbəti
duyulmaqdadır. Onun "Qədim yaşayış evləri”, "Aşağı Karvansara”, "Qədim Şəki”,
"Milli qablar”, "Şəkidə küçə”, "Şəki Xan sarayı”, "Yerli sənətkarlıq
nümunələri” və s. əsərlərində rəng çalarlarının bir-birinə tapınmasından
yaranan ahəngdarlıqda tikmə ustasının yüksək sənətkarlığı duyulmaqdadır.
Müəllifin "Milli qablar”, "Muğam”və Qarabağa qayıdış” kimi tikmələrində isə
janrı məna-məzmun baxımından zənginləşdirmək istəyi duyulmaqdadır...
Otuz ilə qədər bir müddətdə Azərbaycan Rəssamlar İttifaqının
Şəki şöbəsinə rəhbərlik edən Tahir Həmidli də həmkarları arasında yeniliyə
meylli yaradıcı kimi tanınır. Qənaətimizcə, onun rəngkarların işlətdiyi ənənəvi
kətanı adi çay daşının səthi ilə əvəzləməsinin kökündə bu bərk materialın
təsviri sənətdən daha çox dekorativ-tətbiqi sənəti yaxınlığı dura bilərdi. Bu
da əslində, Şəki bədii sənətkarlığını səciyyələndirən estetikanı daşla
əlaqləndirməklə, iki – rəngkarlıq və dekorativ-tətbiqi sənət kimi sahələri bir
araya gətirmək cəhdi idi. Həmin çoxsaylı uğurlu nümunələrlə tanışlığın
qarşılığında deyə bilərik ki, Tahir Həmidlinin rəngkarlıq texnikasına gətirdiyi
bu yenilik beynəlxalq miqyasda çox
maraqla qarşılanıb. Rəssamın əsasən Azərbaycan, xüsusilə də Şəki memarlığını
əks etdirən əsərləri bir çox məşhurların kolleksiyasını bəzəməsi də bunu
təsdiqləyir. Bu yerdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
2011-ci ildə baş tutan Şəki səfərinin sonunda həmin əsərlərdən birinin ona
hədiyyə olunduğunu dilə gətirməyə ehtiyac duyduq. Sənət xiridarlarının Tahir
Həmidliyə yönəli söylədikləri "Daşlarla danışan rəssam” deyimində onun soyuq
daş parçasına, sözün əsl mənasında, "can” vermək bacarığını vurğulamaq istəyi
duyur. Doğrudan da, onun müxtəlif çalarlı daşların fakturasını çəkdiyi
mənzərələrin koloriti ilə ustalıqla əlaqələndirməsində onun bənzərsiz olduğunu
deyə bilərik. Bu gün Şəkiyə ayaq basan və Tahir Həmidlinin emalatxanasını ziyarət
edən əcnəbi turistlərin ordan əliboş çıxmamalarının kökündə heç şübhəsiz, onun
təsvirli daşları unikal ərməğan nümunəsinə çevirə bilməsi durur...
Şəbəkə sənətinin
bütün zamanlarda Şəkinin "tanınma nişanı”na çevrilməsi danılmazdır. Şəki Xan
sarayının gözəlliyini birəbeş artıran şəbəkələr həm sovet, həm də müstəqillik
dövründə müxtəlif sənətkarlar tərəfindən uğurla
davam etdirilmişdir. Heç şübhəsiz, bu məsələdə Şəkidə daha çox
"Şəbəkəçilər” ayaması ilə tanınan Rəsulovlar ailəsinin duyulası rolu olmuşdur.
XX əsrin ikinci yarısında fəaliyyət göstərən rəhmətlik Əşrəf Rəsulov, sonra
sənət estafetini oğlu Tofiqə ötürmüşdür. Bu yaradıcı-mənəvi yükü uzun müddət
şərəflə daşıyan sənətkar XXI yüzillikdə şəbəkənin sirlərini oğlanları İlqar və
Vüqara öyrətməklə, bu sahənin estetikasının yaşamasına imkan vermişdir. İlqar
Rəsulzadənin bu il Bakıda təşkil olunan fərdi sərgisinin uğuru da göstərdi ki,
estafet etibarlı əllərdədir. Bu gün Rəsulovlar sənətinin sorağının Vatikandan, Ukraynadan, Gürcüstanda
yerləşən katolik kilsələrdən, Vatikanın Qafqaz üzrə nümayəndəliyindən,
"Şəkixanovların ev muzeyi"nin, Gəncə "Şah Abbas
məscidi"nin, "Bərdə türbə"sinin bərpasından, Yevlax və Tərtər
şəhərlərində "Heydər Əliyev Muzeyi"nin tərtibatından gəlməsi də ilk
növbədə onların yaradıcılıqlarına olan inamın göstəricisidir. "Şəki Xan
Sarayı"nın nəsillikçə bərpaçı rəssamları olan Rəsulovların müxtəlif-gözlənilməz
formalı və funksiyalı əl işləri 50 dən çox ölkə, 120-yə yaxın şəhərdə şəxsi
kolleksiyalarda və muzey fondlarında saxlanılır...
Şəbəkə sənətinin bir çoxlarının düşündüyü kimi
yeniliyə meylli olmamasını Şəkili sənətkarlar çoxdan sübut ediblər. Müasir
dövrdə bu ənənəni Hüseyn Hacımustafazadə uğurla davam etməkdədir. Onun bir
qərinəni əhatə edən yaradıcılığında ən müxtəlif formalı şəbəkələrə rast gəlmək
mümkündür. Qənaətimizcə, sənətkarın milli musiqi alətlərimizə verdiyi şəbəkəli
görkəm, yəqin ki, əsl bədii tapıntı hesab olunmağa layiqdir. Hüseyn
Hacımustafazadə etiraf edir ki, bu ideya
onda Azərbaycan muğam ifaçılığının, həmçinin tar ifaçılığı sənətinin UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra
yaranıb. Əsas məqsədi də muğam ifaçılığında istifadə olunan qədim milli musiqi
alətlərimizi – tar, kamança və qavalı şəbəkə üsulu ilə hazırlamaqla, Azərbaycan
şəbəkə sənətinin zənginləşməsinə və onun bədii-texniki imkanlarının daha geniş
imkanlara malik olmasını sərgiləmək olub.
Qeyd etmək lazımdır ki, onların hər biri gərgin
axtarışların nəticəsində ərsəyə gətirilmişdir. Özünün dediyinə görə təkcə şəbəkə-tarın hazırlanmasına üç aya yaxın
vaxt sərf edib. Ustanın sözlərinə görə, tarın hazırlanması kamançaya nisbətən
daha çətin və mürəkkəb olub. Kamançanın hazırlanmasında yalnız kürəşəkilli
şəbəkədən istifadə edilib. Şəbəkə-tar isə kürə, düz lövhə və ellips formalı
şəbəkələrdən, həmçinin şəbəkənin "Cəfəri” formasına oxşar yeni bir üslubdan
istifadə edilməklə hazırlanıb. Tarın çanaq hissəsinin quraşdırılmasına 500-dən
çox detal və rəngli şüşə işlənib. Bu hissələr yapışqan və mismardan istifadə
olunmadan, ustanın özünün ixtira etdiyi üsulla bir-birinə birləşdirilib. Tara
üz çəkilməsində, pərdələrin yığılmasında, simlərin salınmasında Hüseyn ustaya
peşəkar tar ustası Mahir Vələdov kömək edib. Ustanın dediyinə görə, indiyədək
dünyanın heç bir ölkəsində şəbəkəli tar hazırlanmayıb. Əlavə edək ki, onun
hazırladığı kürəşəkilli və narşəkilli şəbəkə-formaların həsəd doğurucu
bədii-texniki tutumunda onların müəllifinin zəngin təxəyyülə malik olduğu
qabarıq duyulmaqdadır. Bu isə Şəkidə qədim ənənələrə malik olan el sənətinin
gələcəyinə ümidlə baxmağa əsas verir...
Ziyadxan Əliyev