• çərşənbə axşamı, 19 mart, 09:28
  • Baku Bakı 8°C

Paşinyanın reytinqi sürətlə düşür

20.11.19 18:20 2160
Paşinyanın reytinqi sürətlə düşür
15 min feyk "facebok”da ona tənqid yazanlara cavab vermək üçün səfərbər edilib


Baş nazir Nikol Paşinyanın verdiyi vədləri yerinə yetirməməsi əhali arasında ona qarşı narazılığı günbəgün artırır. Sosial gərginlik, miqrasiyanın azalmaması Ermənistanda mövcud hakimiyyətə qarşı tənqidləri gücləndirir. Əhali artıq baş nazirin populist bəyanatlarına əvvəlki kimi qulaq asmır. Erməni mediası da yazır ki, hakimiyyət daxilində Nikol Paşinyanın reytinqinin sürətli şəkildə aşağı düşməsi ətrafında ciddi gərginlik yaşanır. Məsələn, "İrates” qəzeti yazır ki, "hakimiyyət orqanları sosial şəbəkədə artan hücumlardan da narahatdırlar. Müxtəlif cəbhələrdə "yatmışlar” artıq ayağa qalxıb. Bu sırada siyasi qüvvələr, Serj Sarkisyan və başqaları daha fəaldır. Onlar tərəfindən hakimiyyətə çox maraqlı mesajlar ünvanlanır”. O da bildirilir ki, 2019-cu ilin 9 ayı ərzində Ermənistanda sosial proqramların cəmi 50 faizi həyata keçirilib. Ekspertlər bildiriblər ki, işsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib. Ölkədə əlillərin məşğulluğu isə dörd dəfə azalıb. Geriləmənin əsas səbəbi korrupsiya və "kölgə iqtisadiyyatı” ilə mübarizə pərdəsi altında idarəçiliyin yarıtmaz olmasıdır. İqtisadçı Tadevos Avetisyan bildirib ki, 2018-ci ildə sosial proqramların həyata keçirilməsi bu ilin doqquz ayında olduğundan 25 faiz çox olub. Belə ki, dövlət büdcəsindən 250 min işsiz vətəndaş üçün ayrılan vəsaitin cəmi 25 faizi onların məşğulluğunun təmin edilməsinə xərclənib. Ekspert minlərlə insanın sosial müdafiədən məhrum olduğunu qeyd edərək xatırladıb ki, ölkənin Əmək və Sosial Məsələlər Nazirliyi konstitusiyanın müvafiq maddələrini kobud şəkildə pozur. Hökumət isə işsizlərin özlərini günahlandırıb. Qeyd edib ki, az maaşa qane olmayan erməni fəhlələri hindistanlılar əvəz edirlər. Ermənistan hökuməti gələn ildən məşğulluq məsələləri ilə bağlı proqrama dəyişikliklər edəcəyini vəd edir, lakin ekspertlər bu vədə skeptik yanaşırlar.
N.Paşinyana qarşı səslənən ittihamlar həm də onun əvvəllər səsləndirdiyi fikirlərə əks bəyanatlar verməsi ilə bağlıdır. Məsələn, bir vaxtlar Ermənistanın prioritetinin Qərb olduğunu iddia edən baş nazir indi də bildirir ki, Moskva və Yerevan bir-birinə qarşı fəaliyyət göstərə bilməzlər. Çünki, strateji müttəfiqdirlər. "Elə şey ola bilməz ki, biz Rusiyaya ziyan vura biləcək bir addım ataq. Biz heç zaman bir-birimizə qarşı mübarizə apar bilmərik”, - deyə N.Paşinyan "Rossiyskaya qazeta”nın suallarını cavablandırarkən bildirib. Sual da belə olub ki, bir sıra kütləvi informasiya vasitələrində belə bir xəbər yayılıb ki, ABŞ pulu ilə inşa edilən erməni bioloji laboratoriyalarda Pentaqonun sifarişi ilə işlər həyata keçirilə bilər. Baş nazir bildirib ki, "bu laboratoriyalar Birləşmiş Ştatların vəsaiti hesabına ərsəyə gətirilib. Lakin bu gün artıq onlar Ermənistana məxsusdur”. Əlavə edib ki, bu gün hökumətin icazəsi olmadan həmin obyektlərə heç kim daxil ola bilməz. Maraqlıdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda olarkən da həmin laboratoriyalar məsələsi gündəmə gəlmişdi. Rusiya XİN rəhbəri bununla bağlı Ermənistanla bəyannamə imzalamaq istədiklərini bildirmişdi. Erməni tərəfi isə Rusiya nümayəndələrini həmin laboratoriyalara buraxmaq istəmədiyini bildirmişdi. Erməni tərəfi heç bir səbəb göstərmədən laboratoriyalara rusları buraxmamışdı. O da qeyd edilir ki, N.Paşinyanın nəzarətində olan media indi də Serj Sarkisyanı hədəfə alıb. "Serj Sarkisyan heç vaxt və heç bir bəhanə ilə Nikol Paşinyanla ünsiyyət qurmayıb”. Bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi məlumat yayıb. Qeyd olunub ki, zaman-zaman bəzi KİV-lər S.Sarkisyan və N.Paşinyan arasında müəyyən dövrdə təmaslar barədə əsassız və yanlış məlumatlar yayılır: "Serj Sarkisyan istefa müddətində, istefa verdikdən sonra və ya başqa bir dövrdə yuxarıda adı çəkilən şəxslə birbaşa və ya dolayı əlaqə yaratmadığını rəsmi olaraq bəyan edir”. Bildirilib ki, yeganə istisna keçən ilin aprelin 22-də Sarkisyan və Paşinyan arasında bir neçə dəqiqə davam edən görüşdür. Həmin görüşdə Sarkisyanın devrilməsi ilə yadda qalan kütləvi etiraz aksiyaları müzakirə olunub. S.Sarkisyan bu görüşdən bir gün sonra - aprelin 23-də baş nazir seçilməsinə qarşı etirazlar ərəfəsində istefa verib. Xüsusi müraciətdə Sarkisyan etiraf edib ki, həmin görüşdə bu vəziyyətdən bir neçə çıxış yolunun olduğunu bildirib.
"Baş nazir Nikol Paşinyan müxalifətçi Nikol Paşinyanı məhv edir”. Bu sözləri isə "Vernatun” klubunun konfransında keçmiş deputat, "Akunk” siyasi-analitik mərkəzinin rəhbəri Ruben Akopyan bəyan edib. "Bir il bundan əvvəlki əhval-ruhiyyə deyil. Mən onu yaxşı tanıyırdım. Və bu gün baş verənlər mənim onun barəsindəki fikirlərimi dəyişmir. Şadam ki, onun barəsində dediklərim, proqnozlarım düz çıxır. İndi hamı arqumentlərlə onun yürütdüyü siyasəti tənqid edir. Mənim bildiyimə görə, 15 min feyk səhərdən axşama kimi sosial şəbəkədə oturub Nikol Paşinyanın əleyhinə bir fikrin yazılmasına yol verilməməsinə çalışır. Bu məğlubiyyətə gedən ən qısa yoldur. Onlar bunu bilmir və diskussiyalara getmirlər. Biz insanları dəvət etdik, onlar isə gəlmədilər. Əslində bu mədəniyyəti onun özü tətbiq edib. Çünki nə sosial şəbəkələrdə, nə efirdə belə bir müzakirələr yoxdur”, - deyə Akopyan bəyan edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər