Dövlət dəstəyi mexanizmi sahibkarlar tərəfindən razılıqla qarşılanır

Dövlət dəstəyi mexanizmi sahibkarlar tərəfindən razılıqla qarşılanır

Müsahibə
07 Oktyabr 2019, 14:08 107
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, sahibkarlar üçün daha bir dövlət dəstəyi mexanizmi işə düşüb. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarının aparılmasına dəstəyin göstərilməsini nəzərdə tutan yeni mexanizm mövcud dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə əlavə stimul yaradır. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirlərinin təşkili Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. Daxili bazar araşdırması nədir və bu mexanizm çərçivəsində sahibkarlara hansı dəstək göstəriləcək? Bu barədə AZƏRTAC-ın suallarını KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov cavablandırıb.

- Orxan müəllim, daxili bazar araşdırması nədir və bu mexanizm biznesin inkişafının dəstəklənməsi baxımından hansı yenilik və üstünlüklər gətirəcək?
- Yeni biznesin uğur qazanması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün istehsal olunacaq məhsul və xidmətlərə tələbatın, müştərilərin, satış şəbəkəsinin öyrənilməsi önəmlidir. Bu istiqamətdə bazar araşdırmaları əhəmiyyətli məlumat mənbəyi rolunu oynayır. Bazarın araşdırılması həm də sahibkarın risklərini azaldır, fəaliyyətini düzgün istiqamətdə qurmağa və genişləndirməyə dəstək olur. Hazırda ölkəmizdə bazar araşdırmaları sahibkarların özləri və bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən aparılır. Yeni biznesə başlayan, bazara yeni məhsul və xidmətlər çıxarmaq istəyən sahibkarlar tərəfindən bazar araşdırmalarının aparılması hər zaman effektiv olmur. Bazar araşdırmalarının peşəkar konsaltinq şirkətləri tərəfindən aparılması isə müəyyən xərc tələb edir. Müşahidələrimiz göstərir ki, məhz bu səbəbdən sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlar bazar araşdırmalarının aparılmasından çəkinir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyi göstərilir. Sözügedən Fərmanla təsdiq olunmuş qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlana bilər. Bu mexanizm çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə daxili bazar araşdırmasının aparılması üçün onlara informasiya və maliyyə dəstəyi göstəriləcək. Sahibkarlar üçün yeni dövlət dəstəyi mexanizminin işə düşməsi bir daha göstərir ki, Prezident İlham Əliyev sahibkarların ən böyük dəstəkçisi və himayədarıdır. Mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaradılmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək. Artıq daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb.

- Ümumiyyətlə, proses necə təşkil olunub və biznes subyektləri bu dəstəkdən hansı formada faydalanacaq?
- Bildiyiniz kimi, müvafiq qaydaya əsasən, mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarına dövlət dəstəyinin təşkili Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Dövlətimizin başçısının müvafiq Fərmanının icrası ilə əlaqədar agentlikdə işçi qrup yaradılıb. Avqustdan etibarən daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb. Artıq müxtəlif sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün sahibkarlardan bir sıra müraciətlər də daxil olub. Daxili bazar araşdırmaları barədə KOB-lar, eləcə də sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyaları və məsləhətçi şirkətlər müxtəlif tədbirlər çərçivəsində məlumatlandırılıb. Bu məqsədlə həmçinin, KOBİA-nın "www.smb.gov.az” rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, maarifləndirici çarx hazırlanaraq, televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması təmin edilib. Daxili bazar araşdırmalarının aparılması prosesini qısaca təsvir etsək, ilkin olaraq sahibkar onu maraqlandıran sahə üzrə bazar araşdırmasının aparılması üçün nümunəvi ərizə formasını doldurmaqla birbaşa və ya elektron qaydada KOBİA-ya müraciət etməlidir. Sahibkarın müraciəti agentlikdə yaradılmış işçi qrup tərəfindən dəyərləndirilir və müsbət qərar qəbul olunmuş daxili bazar araşdırmasının aparılması üçün "Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq bu sahədə ixtisaslaşmış məsləhətçi şirkətlərə sifariş verilir. Bazar araşdırmaları yerli və xarici hüquqi və fiziki şəxslər, yəni universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, habelə kiçik və orta biznesin inkişafı mərkəzləri tərəfindən aparıla bilər. Daxili bazar araşdırması hazır olduqdan sonra KOBİA hesabatı qiymətləndirir və sahibkara təqdim edir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz təlim və seminarlarda iştirak etməklə, müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanacaqlar. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. Bildiyiniz kimi, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində biznes assosiasiyaları fəaliyyət göstərir. Daxili bazar araşdırmasının aparılması üçün sahibkarlar assosiasiyanın adından da müraciət edə bilərlər. Qeyd etmək istəyirəm ki, sahibkarın müraciəti əsasında hazırlanacaq bazar araşdırması yalnız həmin sahibkara təqdim olunacaq. Bundan başqa, KOBİA-nın təşəbbüsü ilə iqtisadiyyatın prioritet sahələri üzrə daxili bazar araşdırmalarının aparılması üçün də məsləhətçi şirkətlərə sifarişlər veriləcək. Məhz bu sifarişlər əsasında hazırlanacaq daxili bazar araşdırmaları bütün biznes subyektləri üçün açıq olacaq və agentliyin saytında yerləşdiriləcək.

- Daxili bazar araşdırmalarına dəstəyin göstərilməsinin yeni mexanizm olduğunu nəzərə alaraq, KOB-ların bu sahədə fəallığı barədə gözləntiləriniz nədən ibarətdir?
- Daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi mexanizmi barədə biznes ictimaiyyətinin, xüsusilə də mikro, kiçik və orta sahibkarların məlumatlandırılması tədbirləri çərçivəsində sahibkarların bazar araşdırmalarının aparılmasında maraqlı olduğunu müşahidə etdik. Artıq qeyd etdiyim kimi belə araşdırmaların müəyyən xərc tələb etməsi səbəbindən əksər hallarda sahibkarlar bazar araşdırmalarının aparılmasından imtina etməli olurdular. Digər bir müşahidəmiz isə biznesin qurulması zamanı bazar araşdırmasının aparılmasının zəruri olması barədə sahibkarların məlumatsız olması ilə bağlıdır. Biznesə başlayan, sahibkarlıq fəaliyyətini genişləndirməkdə maraqlı olan hər bir sahibkar bilməlidir ki, bazar araşdırmasının aparılması onların uğur qazanması üçün ilkin şərtlərdəndir. Daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün sahibkarlardan müraciətlərin qəbuluna qısa müddət əvvəl başlanılsa da, KOBİA-ya daxil olan müraciətlər və suallar yeni mexanizmin sahibkarlar tərəfindən maraqla qarşılandığını göstərir. Sahibkarlar, həmçinin belə bir dəstək mexanizminin işə düşməsindən məmnundur və dövlət başçısının bu istiqamətdəki müvafiq Fərmanını razılıqla qarşılayırlar.

- KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə daha hansı mexanizmlərin tətbiqi planlaşdırılır?
- Agentlik mikro, kiçik və orta biznesin yaradılmasından başlayaraq, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə qədər olan bütün mərhələlərdə dövlət dəstəyi mexanizmləri və KOBİA-nın göstərdiyi xidmətlər çərçivəsində KOB-lara dəstək göstərməyi, bu sahədə dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynamağı hədəfləyir. Ümumiləşdirsək agentliyin fəaliyyəti KOB-ların inkişafına dəstəyin göstərilməsi, onların maraqlarının müdafiəsi, yeni biznesin qurulması və mövcud biznesin inkişafı üçün sahibkarların təşviqi, yerli və xarici bazarlara çıxış və maliyyələşdirməyə dəstək göstərilməsi kimi istiqamətləri əhatə edir. KOBİA-nın fəaliyyətə başlamasından ötən müddət ərzində KOB-ların maraqlarının müdafiəsi, investisiya layihələrinin təşviqi, satışa dəstəyin göstərilməsi, sahibkarların maarifləndirilməsi və sair kimi istiqamətlərdə bir çox işlər görülüb. Agentlik sahibkarlarla 4 növ təmas platforması vasitəsilə ünsiyyətdə olmağı və xidmətlər göstərməyi hədəfləyir. Bunlar ərazi (KOB Dostu şəbəkəsi və KOB İnkişaf Mərkəzləri), sektoral (sahəvi assosiasiyalar və fokus qruplar, KOB klaster şirkətləri), bir məkan prinsipi (KOB evləri) və Elektron vasitə (E-KOB evi portalı) platformalarıdır ki, bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir. Digər dəstək mexanizmlərinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir və yaxın vaxtlarda sahibkarlar bu mexanizmlərdən də yararlana biləcəklər. Bunlardan biri dövlət-sahibkar əməkdaşlığı platforması əsasında reallaşdırılan və hazırda sahibkarların xidmətində olan "KOB Dostu” mexanizmidir. Fəaliyyət göstərdiyi inzibati ərazidə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olan, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən KOB dostları artıq ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB Dostu şəbəkəsinin ölkəni tam əhatə etməsi planlaşdırılır. Sahibkarlara bütün dövlət-biznes ("G2B”) və zəruri biznes-biznes ("B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir. KOB evində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq "G2B” və özəl qurumların "B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq tədbirlər görülür. "e-KOB evi” portalı KOB-lar üçün dəstək mexanizmlərini vahid elektron platforma üzərindən "nonstop shop” rejimində təmin edəcək. Bu mexanizmlərindən başqa, KOB klasterlərin yaradılması və fəaliyyətinin stimullaşdırılması, startapların dəstəklənməsi, ticarət şəbəkələrində satışın təşkili üçün mikro və kiçik sahibkarların işinin asanlaşdırılması, KOB-ların kadr potensialının artırılması, KOB reyestrinin yaradılması və digər dəstək mexanizmləri üzərində də işlər aparılır. Bundan başqa, agentliyin strukturuna daxil olan kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondlarının təşkili istiqamətində də fəaliyyətimiz davam edir ki, bu mexanizmlər də KOB-lara müxtəlif dəstək tədbirlərini özündə birləşdirəcək.