İdxal məhdudlaşdırılsa, barmağımız bal tutacaq?

İdxal məhdudlaşdırılsa, barmağımız bal tutacaq?

İqtisadiyyat
17 Sentyabr 2019, 10:30 163
"Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik”. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb: "Dünya təcrübəsində belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət qoyulur. Türkiyə və İsrail kimi ölkələr belə bir addım atdıqdan sonra onlarda yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Əgər biz də bunu edə bilsək, Azərbaycanda arıçılıq sürətlə inkişaf edəcək”.

Sədr qeyd edib ki, bu təklif assosiasiya tərəfindən irəli sürülüb. Bəs görəsən, Azərbaycanda illik bal istehsalı nə qədərdir? İstehsal tələbi ödəyirmi? Balın idxalına qadağa tətbiq olunarsa, daxili bazarda qiymət artımı olacaqmı? 
 


İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bazarda rəqabət mühiti formalaşdırılmalıdır: "Yerli istehsalın müdafiə olunması baxımından, bir sıra hallarda dövlətlər idxal olunan məhsulların müəyyən formada məhdudlaşdırılması istiqamətində addımlar atır. Həmçinin, bəzi hallarda qiymət rəqabətliliyini artırmaq məqsədilə məhsulların rüsumlarının artırılması kimi alətlərdən də  istifadə edilir. Ona görə də, bu, başa düşüləndir. Amma hər hansı bir məhsul növü üzrə idxalın tamamilə dayandırılması və yaxud qadağan edilməsi bazar şərtləri daxilində yolverilməzdir. Çünki əks halda, daxili bazarda qiymətlər kəskin artacaq. Bu isə dolayı yolla istehlakın və alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Azalan istehlak fonunda istehsal da geriləməyə başlayır. Bütün bunlar dövrü proseslərdir. Ona görə də, belə halların qarşısını almaq məqsədilə bazarda rəqabət mühitinin formalaşdırılması vacib şərtlərdəndir. Əsas məsələ yerli istehsalçıların bazarda rəqabət apara bilməyidir. Eyni zamanda, hökumət istehsalın qiymət rəqabətini təmin etmək məqsədilə rüsum siyasətini yenidən gözdən keçirə bilər. Balın idxalı zamanı tətbiq edilən rüsum 15 faiz dərəcəsindədir. Bu da maksimum rüsum  səviyyəsidir. Ona görə də, hər hansı rüsum alətindən istifadə imkanımız məhduddur. Belə olan təqdirdə, nəzarət mexanizmləri gücləndirilməlidir. Aşağı keyfiyyətli bal məhsullarının idxalının qarşısı alına bilər. Bu üsul yerli istehsal üçün daha əlverişli şərait yaradıla bilər”. 
 


Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlibildirdi ki, rəsmi rəqəmlərə görə, son illər ərzində ölkədə bal istehsalı 5000 tona yaxınlaşıb: "Ümumdünya göstəricilərinə görə, hər bir istehlakçı il ərzində 1 kq-dan artıq bal yeməlidir. Əgər xaricdən ölkəyə balın gətirilməsi məhdudlaşdırılarsa,  bu, yerli istehsalı stimullaşdıra bilər. Arıçılarla söhbət edəndə görürük ki, bəziləri hətta iki ildir öz məhsulunu sata bilmir. Hətta elə olur ki, onların məhsulu illərlə satılmır. Ölkədə istehsal olunan bal, daxili bazarı təmin edə bilər. Amma onun satış kanallarını təşkil etmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə marketinq işi gücləndirilməlidir. Bu gün hamı təmiz bal almaq istəyir. Amma təmiz balın standartlarını çox az adam bilir. Arıçılıqla məşğul olan regionlar ixtisaslaşdırılmalıdır”. 
 
 

Ekspert bildirdi ki, arıçılıq subsidiyalaşma proqramına cəlb olunub və arıçılar artıq təşkilatlanma prosesini başa çatdırıblar: "Bu məqsədlə Arıçılar Assosiasiyası və hər bir rayon üzrə arıçılar birliyi yaradılıb. Bu təşkilatlanma ilk növbədə arıçılığın strateji hədəflərini müəyyən edir. Arıçılar artıq özlərini sərbəst olaraq inkişaf etdirə bilirlər. Əlavə olaraq dövlət dəstəyi bu prosesi stimullaşdırır. Hər bir arı ailəsinə 10 manat subsidiya verilir. Əsas problemlərdən biri odur ki, bal istehsalında xammal baha başa gəlir. Bu da arıçılıqda istifadə olunan avadanlıq, dərmanların, damazlıq arının  qiymətinin baha olması ilə bağlıdır. Bütün bunlar kənardan gətirildiyinə görə, balın maya dəyərinə təsir edir. Hal hazırda, Azərbaycanda ən ucuz balın qiyməti 20-30 manat arasında dəyişir və bu qiymət istehlakçılar üçün əlçatan deyil. Ona görə də, düşünürəm ki, maya dəyərinin ucuzlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Məsələn, Azərbaycanda yerli xammal yaradıla bilər. Türkiyədən gətirilən avadanlıq və dərmanlar, eyni zamanda damazlıq arıları Azərbaycanda formalaşdırmaq lazımdır. Digər tərəfdən, assosiasiya sədrinin fikri ilə mən də razıyam. Ölkəmizə külli miqdarda bal idxalı var. Buna görə də, daxili bazarda yerli bal idxal məhsullarına uduzur. Ölkəmizə bal, əsasən İrandan gətirilir. Bildiyiniz kimi, İranda böyük həcmdə bal istehsalı var və maya dəyəri bizdən ucuz başa gəlir. İkinci ən çox bal idxal olunan ölkə Gürcüstandır. Digər problem isə bazarlarda saxta balın satışı ilə bağlıdır. İnsanlar məlumatsız olduğundan, şirədən hazırlanan saxta bal alır. Belə saxta bal böyük satış şəbəkələrində və digər mağazalarda satılmaqdadır. Düşünürəm ki, bal idxalının məhdudlaşdırılması həyata keçirilə bilər. Amma yerli bal balın qiymətləri insanlar üçün əlçatan olmalıdır. Hər il kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə bir ay davam edən bal yarmarkası təşkil olunur. Bu, arıçılığın imicinin yüksəldilməsinə və insanların bala əlçatanlığını yaxşılaşdırılmasına hesablanan bir addımdır. Bu cür satış şəbəkələrinin formalaşdırılması vacib məsələdir".
 
 
 
Ekspertin sözlərinə göə, bal elə məhsuldur ki, dağlarda, meşədə, insanların yaşamadığı yerdə istehsal olunur və hər bir arıçının bazara bal gətirmək imkanı olmur: "Bu mənada belə satış kanallarının yaradılması vacibdir. Ciddi problemlərdən biri də markalanma və standartların müəyyən olunması ilə bağlıdır. Arıçılarımız bu məsələdə xeyli geridədir. Azərbaycanda qablaşdırılmış yerli bal məhsulu demək olar ki, çox azdır. Amma Gürcüstan, İran, Rusiya ciddi rəqibdir. Bu ölkələrdə arıçılıq məhsullarının böyük bir hissəsi qablaşdırılıb markalanaraq satılır. Düşünürəm ki, Arıçılıq Assosiasiyası bu istiqamətdə işlər görməlidir. Bal məhsulunun standartları müəyyən edilməlidir və markalanma işi həyata keçirilməlidir. Çünki bazarda satılan balın harada istehsal olunduğuna dair heç bir məlumat yoxdur”.

Şəbnəm Mehdizadə