Yeraltı dünyanın aktyorları - Fotolar

Yeraltı dünyanın aktyorları - Fotolar

12 Sentyabr 2019, 18:42 344
Teatr gözəl, təmtəraqlı, zərli-zibalı binalar, qapalı məkanlar, cah-cəlallı bəzədilmiş səhnəsi, qırmızı pərdələri olan bir məkan deyil. Kiməsə görə pərdəsi olan bütün saraylar teatrdır, ancaq vallah, billah, elə deyil. Bu günün gənclərinin gözü daha açıqdır, onlar dünyaya inteqrasiya edirlər, gördükləri bütün yenilikləri özlərində tətbiq etməyə çalışırlar. Teatr sənəti də, bu mənada, istisna deyil. Gənclər  teatrlarda yaranan bütləri qırmaq, sözlərini demək üçün meydan sahibi olmaq arzusundadırlar. Bütləri qırmaq üçün isə əsas yol özəl teatrların yaranmasından keçir. 
 
Böyük səhnələrə çıxmaq imkanı əldə edirlər, sevinirlər, ancaq bəzən də görürlər ki, bu böyük səhnə onların arzuladıqları qədər işıqlı, bəzəkli, xəyalını qurduqları kimi problemsiz deyil. Bəzən qarşılaşdıqları hadisələr onları geri addım atmağa, hər şeyi sıfırdan başlamağa vadar edir. Elə ötən gün qonağı olduğumuz Şah Mat Teatrının yaradıcı heyəti kimi. Bəli, düz eşitdiniz - Şah Mat Teatrı. Onlar artıq 3-cü mövsümdür ki, fəaliyyət göstərirlər.  Təəssüf ki, onların varlığından bu günə qədər xəbərsiz idik. Belə bir teatrın varlığını ortaq dostumuz Turan Etibaroğlundan eşitdik. Açığı, bir az marağımı çəkdi, Şah Mat hara, zirzəmi teatrı hara?
Turan bildirəndə ki, onlar PUB-larda tamaşalar oynayırlar, daha da marağımı çəkməyə başladı. Şah Mat, zirzəmi, gənclər, PUB, klassik əsərlər, yeni simalar...
 
Budur, artıq onlarla görüşə gedirəm. Məkanımız İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar”-dır. İçəri daxil olduq, dəyirmi masa ətrafında teatrda çalışan əsas heyətlə görüşdük. Ömrümdə ilk dəfə idi PUB kluba, el dilində desək, bara daxil olurdum. Yüksək səsli musiqi, gənclər və aktyorlar. Bilirəm, qəribə səslənir: bar və aktyorlar.
Onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları və tələbələridir. Teatrın yaradıcı heyəti ilə Şah Matın yaranma səbəbindən, bugünündən, hədəflərindən danışdıq. Masa ətrafında teatrın qurucuları Mir Qabil Əkbərov, Ümid Abbas, Günel İmanova, Əminə Cəfərova, Anar Bulud və kollektivin ən kiçik nümayəndəsi Səid Abbasov əyləşmişdi. Gözlərində ümid, ürəklərində istək, arzu, sevgi və bir az da gənclik xəyalları vardı. "Biz də varıq” deməyə çalışırdılar. Sanki, sözümüzü demək üçün bizə meydan verin deyirdilər. "Madam ki, bizə meydan verilmir, biz də sizlərə meydan oxuyarıq” deyərək bütləşmiş, hündürmərtəbəli teatr binalarına, onları idarə edənlərə meydan oxuyurlar.
Onlarla söhbətdən aydın olur ki, 3 il əvvəl oktyabrın 28-də doğulan teatrın yaradıcıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Ümid Abbas və Mir Qabil Əkbərov uzun müddət teatr yaratmaq arzularının arxasınca gediblər. Nə qədər çətin olsa da, buna nail olmağı bacarıblar. Zirzəmi teatrı ənənəsini davam etdirmək üçün "Şah Mat”ı yaratmağa və teatrlarda görməyə alışdığımız təkrar-təkrar hazırlanan klassik əsərlərdən, köhnə sistemdən ayrılıb, özlərinə ayrı bir dünya qurmağa çalışıblar. İki nəfərlə yola çıxan komanda çevrəsini genişləndirərək 10 nəfərə çatıb. İlk dəfə nümayiş etdirdikləri tamaşanın cəmi 4 tamaşaçısı olub. Ancaq bu, onları ruhdan salmayıb.
 
Mir Qabil Əkbərov deyir ki, onda yeni olduqları üçün 4 tamaşaçının olmasından ümidsizliyə qapılmayıblar: "Başlanğıc üçün 4 tamaşaçı pis deyildi. Növbəti tamaşamızda isə artıq 20-dən çox seyrçi var idi. Hər şey təqdimatdan asılıdır”.
 
- "Gedin, özünüzə bir sənət tapın” - kimi fikirlər eşidirsinizmi?
 
- (masadan səslər gəlir) O qədər...
 
Əminə Cəfərova:Hələ ondan da betərlərini eşidirik. Xanım olduğumuza görə bəzən deyirlər ki, qız uşağı, özü də aktrisa gedib PUB-da tamaşa göstərirsiniz. Ümumiyyətlə, istər PUB-da, istər zirzəmidə, istər teatrda aktrisa hər yerdə aktrisadır. Sadəcə olaraq, cəmiyyətdə aktrisalara münasibət birmənalı deyil.
 
Mir Qabil Əkbərov: Rejissorun işi tamaşa hazırlamaqdır. Əgər tamaşa hazırlayıramsa, cəmiyyətə, insanlara nəsə demək istəyirəmsə, bunu  mütləq etməliyəm. Kənar insanların nə deməsi isə önəmli deyil. Çünki mənim özümüifadə vasitəm, dilim tamaşadır. Biz bu gün PUB-da fəaliyyət göstəririk və heç bir kompleks hissimiz yoxdur.  
 
Günel İmanova:Dostumun  bir sözü var, deyir ki, biz kollektiv işlərində bir qədər zəifik. Azərbaycanı dünyaya tanıdan sənətlərə baxsanız orada yalnız tək, yəni bir nəfərlik fəaliyyət göstərən peşələrin adlarını görə bilərsiniz - rəsm, musiqi, fərdi idman növləri. Ancaq kollektiv iş, komanda oyunu tələb edən heç bir sənətlə dünyaya çıxa bilmirik. Çünki biz kollektiv işləməyi bacarmırıq. Həmişə gözləyirik ki, kimsə bizi idarə etsin.
 
- PUB-da tamaşa hazırlamaq necə bir hissdir. Ümumiyyətlə insanlar bunu necə qəbul edir?
 
Mir Qabil Əkbərov: Bizim tamaşalara baxmağa gələnlər mübarizəsi olan insanlardır. Onlar nümayiş etdirdiyimiz tamaşanı rahatlıqla izləyirlər. Zirzəmi teatrı qapalı, məhdud tamaşaçısı, lakonik tamaşaları olan, fikrini izah edəcək  teatrıdır.  
 
Ümid Abbas:İnsanlar yeni bir şey görən kimi pis-yaxşı ona baxmağa çalışırlar. Biz deyəndə ki, tamaşanı yerin altında oynayırıq, çevrəmizdəki insanlara maraqlı gəlir. Şah Mat teatrı qısa müddətdə öz tamaşaçı kütləsini formalaşdırıb. Nümayiş etdirdiyimiz tamaşaya, heç olmasa, 20 nəfər baxırsa, demək, bizim kimi düşünən insanlar mövcuddur. Nəticə etibarı ilə, bu gün bizim tamaşaçılarımız var.
 
- Bəs niyə Şah Mat?
 
Mir Qabil Əkbərov: Şahmatda iki qoşunun mübarizəsi getdiyi halda, bizdə iki insanın hadisəsi var. Bura mövcud olmayanla mövcud olanın mübarizə meydanıdır... Sonda bilinmir mat olacaq, yoxsa pat. Biz absurd, qara qutu, minimalizm, simvolizm, sürrealizm və başqa üslublarda tamaşalar hazırlayırıq.
 
- Bəs bir tamaşa neçə dəqiqə çəkir?
 
Günel İmanova: Tamaşalarımız uzağı 40-50 dəqiqə çəkir. Çünki indi sürət dövrüdür. İnsanların 3 saat tamaşaya baxmağa səbrləri çatmır.
 
- Qınağa tuş gəlmisinizmi?
 
Ümid Abbas: Bəzən deyirlər ki, teatr kimi müqəddəs yeri PUB gününə salmısınız. Ancaq düşünmürlər ki, biz PUB-ı teatr səviyyəsinə qaldırırıq. Sizi inandırıram ki, PUB-a gələn gənclər daha çox intellektualdırlar. Onlar mütaliə etməyi sevirlər. Klassiklərin yaradıcılığından, müasir ədəbiyyatdan kifayət qədər xəbərdardırlar.
 
Günel İmanova: Teatr insanların namaz qıldığı bir məbəd deyil.
 
Ümid Abbas: Bizə irad tutan o insanlardır ki, guya, onlar üçün həyatın bütün qayəsi teatrdır. Bu gün bizi tənqid edənlər, səhəri gün biletimizi alıb tamaşaya baxıblar.
 
Anar Bulud:Biz burda PUB-da öz tamaşaçı kontingentimizi formalaşdırırıq. Əvvəllər nümayiş etdirdiyimiz tamaşaya qəribə baxan izləyici indi buna alışıb və hətta deyərdim ki, bizim öz tamaşaçılarımız da oyunda iştirak edir.  Burada zaman, məkan, dördüncü divar kimi istisnalar yoxdur. Bəzən biz tamaşaçıların yanına gəlir, onlarla ünsiyyət qururuq. Əvvəl tamaşa zamanı tamaşaçıdan nəyisə soruşanda heç bir reaksiya vermirdisə, indi tamaşa əsnasında onlara müraciət etdikdə həvəslə cavab verməyə çalışırlar. Bunun özü bizim uğurumuzdur.
 
Söhbətdən aydın olur ki, gün ərzində 3 saat məşqlərə zaman ayırırlar. Hər həftənin 4-cü günləri tamaşalar göstərilir. Yeni teatrın repertuarında müxtəlif janrlarda tamaşalar var. Kollektiv bu günə kimi Ejen İoneskonun "Stullar”, İsi Məlikzadənin "Oğul”, Osvaldo Draqunun "İtə çevrilən adam”, Cəlil Məmmədquluzadənin "Ölülər”, Rəsul Yunanın "Duel”, Frans Kafkanın "Çevrilmə”, Camal Rəsulun "Dilənçilər” əsərlərinə səhnə həlli verib.
Bu il 3 yaşını qeyd edəcək teatrın yaradıcı heyəti yaxın gələcəkdə Stefan Sveyqin "Naməlum qadının məktubu”, Semuel Bekketin "Qodonun intizarında”, Viktor Hüqonun "Edama məhkumun son günü”, Kobo Abenin "İstehkam” əsərlərini tamaşaya qoymağı planlaşdırır.

Bu gənclər ötən il Younes Valipourun müəllifi və rejissoru olduğu "Şüuraltı kölgələr" tamaşası ilə İran İslam Respublikasının Təbriz şəhərində keçirilən "Təbrizim" Beynəlxalq Meydan Teatrları Festivalında iştirak ediblər. İndi İranda və Türkiyədə keçirilən festivallarda iştirak etməyə hazırlaşırlar.
Əsas problemləri isə məkansızlıqdır.  Kiçik bir barda məskən salan teatrın yaradıcı heyəti barın balaca səhnəsində istədikləri tamaşanı arzuladıqları kimi səhnələşdirmək imkanına sahib deyillər. Kiçik də olsa, zirzəmi kimi balaca da olsa, bir məkan ayrılsa, daha rahat və istədikləri şəkildə tamaşalarını nümayiş etdirmək xəyalından da çəkinmirlər.
Deyir, qulaq gündə bir söz eşitməsə kar olar. Gənclərdən bunu da gördüm, daha bizim gənclərə zaval yoxdur. Siz də yeni ruhda, yeni üslubda tamaşa izləmək istəyirsinizsə, bir dəfə onların tamaşasını izləyin. Ümid edirəm ki, özləri kimi tamaşaları da yenilikçidir. 
 
Xəyalə Rəis
Teatrşünas