• cümə, 19 Aprel, 18:19
  • Baku Bakı 24°C

2019-cu ilin yaddaqalan mədəniyyət hadisələri

21.12.19 09:00 1406
2019-cu ilin yaddaqalan mədəniyyət hadisələri
Mədəniyyət jurnalistləri 2019-cu ilin zəngin olduğunu, bundan da artığını 2020-ci ildən gözlədiklərini deyirlər
2019-cu ilin bitməsinə sayılı günlər qalıb. Bu il ölkə tarixində həm sosial, həm siyasi, həm də mədəni sferada bir çox əhəmiyyətli hadisələr yaşandı. 2019-cu il Azərbaycan mədəniyyəti və incəsənəti, bütövlükdə sənət aləmi üçün bir sıra əlamətdar günlər və hadisələrlə yadda qaldı. Bu il həm bir neçə tanınmış sənət, mədəniyyət xadiminin dövlət səviyyəsindəyubileyləri keçirildi, həm də bir çoxlarına ölkə prezidenti tərəfindən fəxri adlar, orden və medallar verildi. Biz də mədəniyyət yazarları arasında sorğu keçirdik, geridə qoyduğumuz ildə hansı mədəni hadisələrin onların yaddaşında iz qoyduğunu soruşduq.
"Mədəniyyət” qəzetininyazarıGülcahanMirməmməd hər il ölkədə mədəniyyət sahəsində maraqlı layihələrin hazırlandığını və bunun cəmiyyətə təsiri olduğunu vurğuladı: "Bu il işimiz o qədər çox, mədəniyyət tədbirləri o qədər bol oldu ki, 2019-cu ilin necə keçib getdiyinin fərqində olmadıq. İşimizin xarakterinə görə, əsasən Mədəniyyət Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə iştirak edib, onları işıqlandırırıq. Əgər ilə yekun vurmalıyıqsa, deyərdim ki, şəxsən mənim üçün həm jurnalist, həm də vətəndaş olaraq 2019-cu ilin ən mühüm tədbiri UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi oldu. 10 gün ərzində sessiyanın işini jurnalist kimi izləyərək, iclaslardakı müzakirələrə və sonda Şəki Xan sarayının Dünya Mədəni İrsi siyahısına salınmasına şahidliyimi, bu olayın həyəcan və sevincini Azərbaycanda ilklər sırasında izləmək, üstəlik, bu xəbəri birinci yayımlamaq şansının doğurduğu coşğunluğu heç zaman unutmaram. Ölkə daxilində mədəniyyət hadisəsi olaraq Pikə Axundovanın "Məhsəti” operasının bəstələnib, tamaşaya qoyulmasını qeyd etmək istəyirəm. Çox təəssüf edirəm ki, bizim dramatik teatrlarda adamın iç dünyasını silkələyən tamaşaya baxa bilmədim. Amma o da var ki, bütün tamaşalara baxmaq imkanım da olmayıb, premyerasını gözlədiyim tamaşalarımız da var”.
"Bakı Xəbər” qəzetinin mədəniyyət yazarı İradə Sarıyeva isə bildirdi ki, 2019-cu il ictimai, mədəni, sosial həyatda olduqca zəngin və rəngarəng bir il oldu: "2019-cu il ölkə tarixində maraqlı hadisələrlə yadda qaldı. Belə ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd olundu. Paytaxt və bölgə teatrlarında dramaturqun əsərlərinə müraciət olundu. Bölgə teatrları paytaxta qastrol səfərləri etdilər. Bu da bizə bölgə teatrlarındakı yaradıcı proseslə daha yaxından tanış olmaq imkanı yaratdı. UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi bizim üçün böyük bir hadisə idi. Belə ki, dünyanın gözü Azərbaycanda idi. İfaçılarımız beynəlxalq arenalarda çıxışlar etdilər. Dünyanın ən məşhur sənətçiləri Azərbaycana axın etdi. Bütün bu kimi layihələr Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsinə böyük töhfələr verdi”.
Mediapress.az saytının baş redaktoru Könül Aypara geridə qoyduğumuz ilin mədəniyyət cameəsində maraqlı il kimi yadda qaldığını bildirir: "Bildiyimiz kimi, prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, bu ili ölkəmizdə "Nəsimi ili” elan etmişdi. 2019-cu il boyu Nəsimi ili ilə bağlı həm ölkədaxili, həm də xaricdə silsilə tədbirlər keçirildi, onun şərəfinə konsert proqramları təşkil olundu, tamaşalar səhnələşdirildi. Hazırlanan layihələrin hər birini izlədik. Bəyəndiyimiz də oldu, bəyənmədiyimiz də. Şəxsən mən Sami Yusufun "Penci Şeş” konsertindən böyük zövq aldım. "Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi "Nəsimi” kompozisiyasını ilin ən önəmli mədəni hadisəsi hesab edirəm. Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb təqdim olunan, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu layihədə zəhməti olan hər kəsi alqışlayıram.
Yeri gəlmişkən, fürsətdən istifadə edib, bütün mədəniyyət yazarlarını qarşıdan gələn 2020-ci il münasibətilə təbrik edirəm! Qələmimiz iti, dostluğumuz möhkəm olsun. Gəlin unutmayaq ki, mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada, Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Bizlər də buna dəstək olmalıyıq”.
AZƏRTAC-ın bölmə müdiri Ceyhun Alışlı deyir ki, yola salmaqda olduğumuz 2019 ölkəmizin həyatında yaddaqalan il kimi tarixə düşdü: "Düşünürəm ki, bu il Azərbaycanın siyasi-iqtisadi və sosial-mədəni həyatında əlamətdar tarix kimi xatırlanacaq. Sizin sorğunuza cavab olaraq deyə bilərəm ki, "Nəsimi ili”ni bu ilin ən böyük mədəni hadisəsi hesab edirəm. Böyük mütəfəkkirin 650 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsü də, eyni zamanda, bu ilin təqdirəlayiq mədəniyyət hadisəsi idi. Bu təşəbbüs, həm dünyamiqyaslı mütəfəkkirlərə malik olduğunuzu, həm də bütün dünyanı düşündürən qlobal problemlərin həllinə dəstək verməyə hazır olduğumuzu göstərdi. Biz hər zaman olduğu kimi, bu il də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin nə qədər qədim köklərə malik olduğunu bir daha dünyanın diqqətinə çatdırdıq. Bu ilin iyul ayında UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasının Bakıda keçirilməsi ölkəmiz üçün ikiqat mədəni hadisə kimi tarixə düşdü. Bu beynəlxalq tədbirdə Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Əlbəttə, bütün bunlar bizim tariximiz, bizim uğurlarımızdır. Ümid edirəm ki, 2020-cı il də dövlətimiz və xalqımız üçün bir çox tarixi, mədəni hadisələrlə yaddaqalan il olacaq”.
"525-ci qəzet”in mədəniyyət yazarı Şəhanə Müşfiq 2019-cu ilin bir sıra mədəni hadisələrlə yadda qaldığını, onların başında təbii ki, "Nəsimi İli" çərçivəsində görülən işlərin durduğunu bildirdi: "Bildiyimiz kimi, dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il "Nəsimi İli" elan olundu. Doğrudur, ilə bir az fərqli başladıq. İlk "töhfə” müğənni Afət Telmanqızından gəldi. Onun "Sığmazam" qəzəlinə oxuduğu mahnı böyük rezonansa səbəb oldu. Tərifləyən, normal qəbul edənlər olsa da, əksəriyyət tənqid etdi. Ondan sonra dünyaca məşhur azərbaycanlı müğənni Sami Yusufun eyni qəzələ yazdığı və böyük bir orkestrlə ifa etdiyi kompozisiya insanlar üçün bir növ təskinlik oldu, çox sevildi. İlin sonlarına doğru Əməkdar artist Xumar Qədimova da Nəsimiyə müraciət etdi. Onun şairin "Neylərəm" qəzəlinə yazdığı mahnı və çəkdirdiyi klip də müsbət qarşılandı. Çünki orijinal bir iş idi. Hətta mən bu layihə haqqında yazımı "Nəsimiyə Xumar baxış" adlandırdım və bu ifadəm o qədər xoş qarşılandı ki, bəzi ziyalılarımız Xumar xanımın bu layihəsini qeyri-rəsmi də olsa, bu cür tanımağa və qəbul etməyə başladılar. Bunlardan başqa da il ərzində başda Mədəniyyət Nazirliyimiz olmaqla, dövlət qurumlarımız Nəsimini diqqətdə saxladılar, layihələr, tədbirlər, araşdırmalar və kitablarla bu ilə öz töhfələrini verdilər. Teatrlarımız hər il olduğu kimi, bu il də köhnə səhnə əsərləriylə yanaşı, yeni tamaşalar hazırladılar. Gənc Tamaşaçılar Teatrının "Tanrıya on dörd məktub", Azərbaycan Dövlət Musiqili Teatrının "Paris Notr-Dama ithaf", A.Şaiq adına Dövlət Kukla Teatrının "Bizim Don Kixot" (Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyinə) tamaşaları ən çox yadımda qalan əsərlərdən oldu. Bu il yubileylərlə də yadda qaldı. Azərbaycan Dövlət Yuğ Teatrının 30, onun yaradıcısı, mərhum rejissor Vaqif İbrahimoğlunun 70 illik yubileyləri, Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi, Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi təntənəli şəkildə və çox maraqlı tədbirlərlə qeyd olundu. Eləcə də Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ədibin ev-muzeyi təmirdən sonra yenidən istifadəyə verildi və onun Polşada yaşayan nəticələri ilk dəfə öz vətənlərinə, babalarının məmləkətinə səfər etdilər. Azərbaycanın iki ən tanınmış şairləri - Ramiz Rövşənlə Musa Yaqubun dövlət tərəfindən Xalq şairi adını alması da xalqımız tərəfindən çoxdan gözlənilən hadisə olduğu üçün sevincli və yaddaqalan olaylardan oldu. Son olaraq, bu günlərdə Xalq şairi Ramiz Rövşənin şeirlərinə yazılmış mahnı və muğamlardan ibarət "Qəfil gün doğsa bir gecə" konsertini də 2019-cu ilin ən yaddaqalan hadisəsi adlandırardım. Ümumilikdə dəyərləndirsək, 2019-cu il məhsuldar keçdi, daha artığını 2020-ci ildən gözləyirik. Əlbəttə, sağlıqla, hüzurla bərabər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər