• cümə, 26 Aprel, 02:59
  • Baku Bakı 16°C

Ukrayna üçün “Marşall Planı”

07.11.17 10:00 890
Ukrayna üçün “Marşall Planı”
Bu gün ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqı ölkələri səfirlərinin iştirakı ilə Ukrayna üçün "Marşall Planı” açıqlanmalıdır. Bu barədə Ukraynanın avrointeqrasiya və Avropa məsələləri üzrə naziri İvanna Klimpuş-Çinşadze məlumat verib. Onun sözlərinə görə, plana uyğun olaraq ölkəyə 5 mlrd. avroluq investisiya yardımı göstərilməlidir. Nazir əlavə edib ki, Litvanın yaxından dəstəyi ilə hazırlanan planın reallığa çevrilməsi üçün bütün işlər görülüb. Əgər Litvanın bu təşəbbüsü reallaşarsa və gərəkli investisiyalar qoyularsa, onda Ukraynada ümum daxili məhsul 6-8 faiz arta bilər. Məlumat üçün bildirək ki, Litva Seyminin spikeri Viktoras Prançketis bəyan edib ki, Qərb Ukraynanın iqtisadi uğurunda maraqlıdır və bu səbəbdən də "Marşall Planı”nı dəstəkləyəcək. Lakin məsələ ondadır ki, Qərbin bir sıra ölkələrində və siyasi dairələrində Ukrayna ilə bağlı mövqe birmənalı deyil. Belə ki, ölkə daxilində siyasi mübarizə kəskin həddə çatıb – şəhər meydanlarında çadırlar qurulub, hakimiyyətə qarşı korrupsiya ittihamları pik həddə çatıb. Korrupsiya ilə mübarizənin lazımı səviyyədə olmadığı vurğulanır.
Qərb, xüsusən də ABŞ yaranmış durumu yerində qiymətləndirmək üçün Ukraynaya öz emissarını göndərməyə qərar verib. Belə ki, ABŞ-ın aparıcı diplomatı Vess Mitçell Avropaya 10 günlük səfərinin sonunda Ukraynaya baş çəkəcək. Məlumatı Dövlət Departamenti yayıb. Bildirilir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müaviniVess Mitçell Birləşmiş Ştatların Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bildirəcək, Kiyevi kritik islahatları davam etdirməyə həvəsləndirəcək. Mitçellin biznes və vətəndaş cəmiyyəti liderləriylə də görüşləri gözlənir.
Ölkə daxilindəki gərginlik isə artıq parlament səviyyəsinə yüksəlib. Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Artem Sıtnikun parlamentdə korrupsiya ilə mübarizə hesabatı şok effekti verib. Burada o, daxili işlər naziri, erməni mənşəli Arsen Avakovun oğlunun korrupsiya əməlləri barədə hesabat təqdim edib. Bu da ölkənin ən yüksək eşalonunda təmsil olunan şəxslərin korrupsiyaya uğradığını göstərmiş olub. Nazir oğlu həbs edilsə də, sonradan azad edilib. Ona qarşı bir milyon dollara yaxın dövlət vəsaitini mənimsəmə ittihamı irəli sürülüb. Nazir oğlu elektron bilərzik taxmağa və pasportunu təhvil verməyə razılaşandan sonra həbsdən buraxılıb. Arsen Avakov oktyabrın 31-də demişdi ki, oğlunu Milli Antikorrupsiya Bürosunun əməkdaşları saxlayıb, Xarkovdakı evində isə axtarış aparılıb. NABU daxili işlər nazirinin müavini də daxil olmaqla, mənimsəmə işiylə bağlı həbslərin olduğunu bildirsə də, adları açıqlamamışdı. Gənc Avakovun təqsiri sübuta yetirilsə, onu 12 ilədək həbs cəzası gözləyir. Oğul Avakov məhkəmədə deyib ki, bu iş tamamilə siyasi motivlidir və hüququn aliliyi ilə heç bir əlaqəsi yoxdur. Məlumat üçün bildirək ki, erməni nazirin korrupsiyaya uğraması barədə bundan əvvəl Odessa qubernatoru Mixail Saakaşvili də məlumat vermişdi. Hətta onlar arasında prezidentin iştirakı ilə keçirilən müşavirədə qarşıdurma da yaşanmışdı.
"Ukraynada iqtisadiyyatın və mövcud hakimiyyətin dağılması prosesi baş verir”. Bunu Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib. Keçmiş qubernatorun sözlərinə görə, onu ancaq qaçıraraq Gürcüstana aparmaq mümkündür, çünki Kiyevin onu vətəninə ekstradisiya etmək üçün qanuni əsas yoxdur. "Kiyevdə istənilən an həbs edilə biləcəyim fikri tamamilə cəfəngiyatdır. Onların bunun üçün nə gücü, nə də icraçıları var. Bu gün Ukraynada Şevardnadzenin Gürcüstandakı hakimiyyəti zamanı olduğu kimi iqtisadiyyatın və mövcud hakimiyyətin dağılma prosesi gedir”, - deyə Saakaşvili vurğulayıb.
Bu kimi hallar da Qərbin Ukraynaya yardımları ayrılmasında problemlər yarada bilər. Tətbiqi siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Vladimir Fesenko hesab edir ki, DİN rəhbərinin oğlunun həbsində əsas fiqur elə nazirin özüdür. Yerli "Vesti” kanalı belə bir xəbər yayıb ki, A.Avakov ölkədən qaçmağa hazırlaşır. Məlumata görə, o, Ukrayna prezidentinin devriləcəyi halda ölkəni tərk edəcək. Müxtəlif ölkə pasportlarına, həmçinin həmin ölkələrdə mülkiyyətə sahib olan erməni nazir Ukraynadan qaçmaq üçün bunlardan istifadə edə bilər. Onun Panama vətəndaşlığına və Malyorka şəhərində 675 kvadratmetr ərazisi olan dəbdəbəli villaya sahib olduğu bildirilir. Dəniz sahilində yerləşən villada 5 yataq otağı, eyni sayda vanna otağı və 12 maşınlıq qaraj olduğu qeyd olunur. Avakovun xaricdəki mülklərinin ümumi dəyəri isə 12 milyon avro qiymətləndirilir.
Azər
banner

Oxşar Xəbərlər