• çərşənbə, 24 Aprel, 06:44
  • Baku Bakı 13°C

Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin tələbinə biganə yanaşmamalıdır

17.10.17 09:15 2662
Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin tələbinə biganə yanaşmamalıdır
Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik və qardaşlıq münasibətlərinə xələl vurmaq istəyən qüvvələr yenidən fəallaşıblar. İki qardaş ölkə arasında strateji önəm kəsb edən münasibətləri gözü götürməyən qüvvələr havadarlarının sifarişi ilə xəyanətkar və fitnəkar siyasətlərini yenidən aktivləşdiriblər. Bəlli olduğu kimi, bu yaxınlarda Türkiyə vətəndaşları Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar, həmçinin də iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hal-hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından danışırlar.
Narahatedici məqam rəsmi Ankaranın baş verənlərə yumşaq münasibəti, susqunluğudur. Və qardaş ölkədə anlamaq istəmirlər ki, 4 xəyanətkara qarşı ciddi tədbir görülməməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurur.
Xəyanətkarların qanunsuz olaraq Dağlıq Qarabağa gəlməklə kifayətlənmədilər. Separatçılarla görüşdükdən sonra geri qayıdaraq, həyasızcasına "Artsax” ifadəsi işlədiblər. Lakin buna qarşı Ankara etirazını bildirmədi, həmin şəxslərə qarşı cinayət işi də açmadı. Rəsmi Bakının etirazından sonra sadəcə bəyanat verərək vətəndaşlarını işğal altında olan Azərbaycan torpaqlarına getməməyi tövsiyə etdi.
Bu xəyanətkar addımdan ruhlanan ermənipərəst qüvvələr növbəti bir addım atdı. Türkiyə Parlamentinin üzvü, erməni mənşəli millət vəkili Karo Paylan Ermənistana tez-tez səfərlər edir, prezident Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün danışıqlar aparır. Bu addım da Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmayıb.
Türkiyə hökuməti yenə də Azərbaycandakı səfirlik və XİN səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu düşünür. Görünür, Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün Belarus hakimiyyəti qədər də qətiyyət göstərmək iqtidarında deyil. Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və beləliklə, gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni ziyanlı addımlardan çəkindirməlidir.
Yeri gəlmişkən, Türkiyədəki müəyyən qüvvələrin xəyanətkar addımları bununla bitmir. Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs verdilər.
Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda erməni lobbisinin və antitürk, antiislam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılıb. Azərbaycan Prezidenti hər zaman ölkəmizlə yanaşı Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib.
Fətullah Gülənlə mübarizədə Bakı Türkiyə iqtidarının yanında oldu, gülənçilərin Azərbaycandakı şəbəkəsi çökdürüldü, məktəblər və universitet qapadıldı, işdən çıxarılanlar oldu. Bunun əvəzində isə Ankara Bakının narahatlığına seyrçi qalıb, həmin 4 vətəndaşıyla bağlı cinayət işi açmayıb və millət vəkillərinin Azərbaycan hakimiyyəti əleyhinə səsvermələrinə də aydınlıq gətirilməyib.
"Miliyyet” qəzetində dərc edilən məqalədə Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpağı Dağlıq Qarabağı ziyarət edən Ufuk Urasın FETO terror təşkilatı tərəfindən keçmişdə dəstəkləndiyini iddia edib. O, FETO terror təşkilatının sol düşüncəyə sahib siyasi partiyaları ya pulla, ya da müxtəlif vədlərlə ələ aldığını bəyan edib. ASİMDER lideri bildirib ki, solçu qüvvələr hələ 1965-ci il 6 mayda erməni patriarxlığına yazdıqları məktubda 1915-ci ildə baş verənləri "soyqırımı” kimi qələmə veriblər. Bunu törədənləri isə lənətlə yad ediblər. "FETO terror təşkilatı sözdə solçu olan bəzi siyasi və yazıçıları da pul qarşılığında alaraq bu zehniyyətə xidmət etməyə başladıb. Köhnə HDP-çi, İstanbul millət vəkili Üfüq Uras onların başında durur. ABŞ-a gedərək FETO terror təşkilatının liderinin əlini öpdüklərini ifadə edən Vətən Partiyası lideri Doğu Perinçek və araşdırmaçı yazar Sabahattin Önkibar da həmin xəyanətkarları belə sıralayır - Ufuk Uras, Ərtoğrul Günay, Ahmet Altan, Baskın Oran, Aydın Engin, Murat Sənəd, Mete Tuncay, Cengiz Çandar, Əsər Karakaş, Əhməd İnsel, Oral Çalışlar, Binnaz Torpaq və mediada çalışıb əl öpənlər Mahmud Övür, Nagihan Alçı, Mehmet Altan və bunlar kimi onlarla şəxs”.
Onun sözlərinə görə, bu şəxslər FETO terror təşkilatının liderinin əlini öpən və ona xidmət edəcəyinə söz verən şəxslərdir. ASİMDER lideri "sözdə erməni soyqırımının 101-ci ildönümü anma proqramının təşkil edildiyi İstanbul Taksim meydanında ön sıralarda əllərində faşist erməni şəbəkə liderlərinin fotoşəkilini tutaraq timsah göz yaşları tökən bu insanlar, bu gündə Türkiyə və Azərbaycan əlaqələrini pozmaq üçün çalışır və işğalçı Ermənistana xidmət etmək üçün Azərbaycan torpağı Dağlıq Qarabağa icazəsiz daxil olurlar. Onlar Azərbaycan qanunlarını pozaraq, Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya gətirmək kimi bir xəyanətkar addım həyata keçirirlər. Aldıqları pul və vədlərin qarşılığını ödəməyə çalışan bu adlar hər kəsə bəllidir. Adları bəlli ikən niyə dövlətimizin təhlükəsizlik qurumları bu şəxsləri məsuliyyətə almırlar”.
Milli Məclisin deputatı Musa Qasımlı da düşünür ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalıdır".
Deputat hesab edir ki, təzahürlərin görünən və pərdəarxasında gizlənən çoxlu tərəfləri var: " Bu davranışların hamısı birlikdə ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. İkincisi, Türkiyə daxilində Rəcəb Tayyib Ərdoğan hakimiyyətini gözdən düşürməyə çalışan dairələrin planlarının tərkib hissəsidir. Layihəni planlayıb həyata keçirənlər yaxşı başa düşürlər ki, türk hökuməti vətəndaşları olan həmin şəxsləri Türkiyə qanunları ilə tutub Azərbaycana təhvil verə bilməz. Bu da iki ölkə arasında münasibətləri zədələyəcək və mövcud hakimiyyəti ictimai rəydə gözdən düşürəcək. Planın müəllifləri bu iş üçün seçdikləri şəxslərin kimliyini, siyasi mövqelərini də dərindən nəzərə alıblar. Həmin şəxslər türk kimliyi şübhə doğuran, sonradan islamı qəbul etmiş şəxslərin törəmələri, Türkiyədə mövcud hakimiyyəti sevməyən və bölücülüyü təşviq edən adamlardır".
M.Qasımlı deyib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu şəxslərin qanunsuz səfər etmələri özündə bir çox məsələləri birləşdirərək xoşagəlməz nəticələr doğurur. Onlar ilk növbədə, vətəndaşları olduqları Türkiyənin qəbul etdiyi və imzası olan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar.
M.Qasımlı deyib ki, Türkiyə öz imzasına hörmət edən bir dövlət olduğundan dövləti təmsil edən türk hökuməti qanun çərçivəsində davranmağa məhkumdur: "İkincisi, həmin şəxslər bu davranışları ilə Azərbaycan və Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Deməli, türk ictimaiyyəti də onlara qarşı sərt mövqeyini ortaya qoymalıdır.
M.Qasımlı bildirib ki, Azərbaycan ictimaiyyətinin də Türkiyə hakimiyyətindən müvafiq mövqeni göstərməyi gözləməyə haqqı vardır. Türkiyə hökumətinin həm Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşları, həm də müstəqil olmalarına baxmayaraq, AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görməyəcəyi təqdirdə iki ölkə arasında münasibətlərin perspektivlərinə kölgə düşə bilər: "Hesab edirəm ki, Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir".
Azər NURİYEV
banner

Oxşar Xəbərlər