• cümə axşamı, 28 mart, 21:57
  • Baku Bakı 13°C

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici iqtisadi-ticarət əlaqələri

06.10.17 12:00 2360
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici iqtisadi-ticarət əlaqələri
Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin ( 1918-1920) 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd ediləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixdə imzaladığı sərəncamda milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanaraq həyata keçirilməsi və yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi müvafiq dövlət qurumları qarşısında bir tapşırıq olaraq qoyulmuşdur.
Xalqımızın çoxəsrlik tarixinin hər bir səhifəsinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti tarixinə böyük hörmət və ehtiramla yanaşaraq, həmin dövrdə ölkəmizdə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində atılmış ilk müstəqil addımlar haqqında arxiv sənəd və materialları və digər tarixi mənbələr əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
Əmtəə məhsulları daxil olduğu qrupundan asılı olmayaraq, gömrük qaydalarına ciddi riayət olunmaqla, ixrac edilirdi. Əmtəə mallarının xaricə ixrac edilməsinə icazənin verilmə şərtləri Komitə tərəfindən qabaqcadan müəyyən edilirdi. Əmtəə mallarının xaricə ixrac edilməsinə dair icazələr Komitə tərəfindən əmtəə mübadiləsi prinsipi əsasında verilirdi. Əmtəə mallarının xaricə ixracı ilə bağlı müraciət edənlərin Komitəyə təqdim etdiyi ərizədə ixrac olunan əmtəə mallarının siyahısı ilə yanaşı respublikaya idxal etməsini öz öhdəsinə götürdüyü malların siyahısını da əlavə etməli idi. Əmtəə mübadiləsi üzrə müqaviləyə ərizəçilər tərəfindən zəmanətin verilməsi vacib sayılırdı. Əmtəə Mübadiləsi Komitəsi tərəfindən verilmiş icazələrdə onun qüvvədə olma müddəti, eləcə də həmin icazənin başqa şəxsə ötürülməsinin yolverilməz olduğu barədə şərtlər mütləq qeyd olunurdu. Müqavilə şərtlərini pozmuş fiziki və hüquqi şəxslərə və verilmiş icazələr qüvvədən düşmüş hesab edilir və onlara bir daha əmtəə mallarının xaricə ixrac edilməsinə icazə almaq hüququ verilmirdi. Əmtəə malların xaricə ixrac edilməsinə dair icazə verilərkən, ixrac olunan əmtəə mallarının əvəzinə hal-hazırda Respublikada daha çox ehtiyac duyulan malların idxalı öz öhdəsinə götürmüş ərizəçilərə daha çox üstünlük verilirdi. Belə müraciətlərdən bəzilərini, qeyd edək. Məsələn, nuxalı xüsusi sahibkar Bəxtiyar və Yunus Hacıyevlərin Ərzaq Nazirinə ünvanladığı ərizədə qeyd edilirdi: "Məlumdur ki, müharibədən əvvəl Qafqazda fabriklər olmadığından bizim şəhərin bütün ipəyi satılmaq üçün Moskvaya və yaxud digər xarici yerlərə göndərilirdi. Əldə edilən vəsait ilə zavod sahiblərinin və baramaaçan zavodlarında çalışan işçilərin ehtiyacları ödənilirdi. Lakin müharibə başlanan vaxtdan buğünədək xariclə əlaqələrimiz kəsilmiş və bizim şəhərdən bir girvənkə də olsun ipək kənara çıxarılmamışdır. Tezliklə baramanın satınalma dövrü yaxınlaşır. Lakin zavod sahibləri əllərində olan ipəyi sata bilməsələr, çətin ki, özlərinin illik barama tədarüklərini görə, zavodlarını işə sala bilsinlər. Hazırkı şəraitdə 20 min pud ipəyi Azərbaycanda satıb, pula çevirmək mümkün deyildir. Yuxarıda qeyd olunanları sizin diqqətinizə çatdıraraq xahiş edirik ki, bizim tədarük etdiyimiz ipəyin üçdə birini təşkil edən 350 pud ipəyin xaricə ixrac edilməsinə icazə verəsiniz. Əgər ipəyin ixracına bizə icazə verilərsə, bu mövsümdə barama ehtiyatımızı əldə edə bilərik.” Komitəyə daxil olmuş həmin ərizəyə 10 aprel 1919-cu il tarixli iclasda baxılmış və qərara alınmışdır ki, Azərbaycanda ipək sənayesinin maraqlarının qorunması naminə toplanmış ipəyin ixrac edilməsinə icazə verilsin.
Əmtəə Mübadiləsi Komitəsinə müxtəlif kommersiya təşkilatlarından, ticarət və səhmdar cəmiyyətlərindən, şəxsi müəssisə sahiblərindən müraciətlər daxil olurdu. Müraciət edənlərin sırasında yerli müəssisələrlə yanaşı Rusiyaya məxsus şirkətlər də var idi. Həmin şirkətlərdən bəzilərini birgə müəssisələr də adlandırmaq mümkündür ki, onlardan da bir neçəsini qeyd edirik: məsələn, idarə heyəti Petroqradda olan Həştərxandakı "Vayner pivə zavodları birliyi”, " Volqa- Bakı ticarət səhmdar cəmiyyəti”, " Cənubi Rusiyanın müəssisə sahibləri birliyi”, "Qafqaz ticarət-sənaye komisyon şirkəti” və başqaları. Əlavə olaraq qeyd edirik ki, Rusiya sahibkarlarına məxsus xüsusi mülkiyyətdə olan bir sıra ticarət-sənaye və səhmdar cəmiyyətləri öz vətənlərində təqib olunduğuna görə, fəaliyyətlərini Azərbaycanda davam etdirmək üçün Azərbaycan Hökumətinə müraciət edərək onlara icazə verilməsini xahiş edirdilər. Azərbaycanda fəaliyyətini davam etdirmək üçün Azərbaycan hökumətindən icazə əldə etmiş həmin şirkət və müəssisələrin sahibləri bütün vətəndaşlıq hüquqlarından istifadə etməklə yanaşı, Azərbaycan Respublikasında Milli Hökumətin himayəsi altında öz fəaliyyətlərini davam etdirmək hüququ əldə edirdilər. Əmtəə Mübadiləsi Komitəsi 1919-cu ilin iyun ayınadək fəaliyyətdə olmuşdur. Hökumətin 15 iyun 1919-cu il tarixli qərarı ilə Komitə ləğv edilərək, onun funksiyası Ticarət, Sənaye və Ərzaq Nazirliyinin Şurasına həvalə edilmişdir.
1919-cu ilin əvvəllərində Şimali Qafqaz hərbi əməliyyatlar meydanına çevrildi. Şimali Qafqazda gedən hərbi əməliyyatlar nəticəsində general Denikinin qoşunları tərəfindən Vladiqafqaz dəmir yolu dağıdıldı və öz fəaliyyətini demək olar ki, dayandırdı. Xəzər dənizi vasitəsilə daşınan , ixrac və idxal edilən yüklərin həcmi minimum həddə endi. Azərbaycan Respublikasının xarici aləmlə iqtisadi əlaqələrinin yaradılmasında Zaqafqaziya istiqaməti - Zaqafqaziya dəmiryolu xətti ölkəmiz üçün həyati əhəmiyyət kəsb etməyə başladı. 1919-cu il aprelin 6- da Azərbaycan Respublikası Ərzaq Nazirliyinin tədarük şöbəsi tərəfindən Əmtəə Mübadiləsi Komitəsinə göndərilmiş 4190 №-li məktubda qeyd edilirdi: "Ölkənin ümumi siyasi və iqtisadi vəziyyəti tələb edir ki, Ərzaq Nazirliyi Azərbaycanın hüdudlarından kənarda tədarük fəaliyyətini genişləndirsin. Hazırkı vaxtda ticarət əməliyyatlarının aparılma məntəqəsi Batum şəhəridir. Buraya yaxın və uzaq ölkələrdən əmtəə malları gətirilir. Öz növbəsində, bizim əmtəə malları da bu məntəqədən dünya bazarlarına daxil ola bilər...Dənizlə Batum şəhərinə daxil olan əmtəə mallarına böyük tələbat olduğundan, dərhal realizə olunur. Odur ki, bizə tələb olunan əmtəə mallarını vaxtında əldə etməkdən ötrü yubanmadan Batumda güclü tədarük müəssisəmizi yaratmalıyıq”.
Yaranmış mürəkkəb hərbi-siyasi və iqtisadi vəziyyət Azərbaycan hökuməti qarşısında yeni vəzifələr qoyurdu. Zamanın tələbinə cavab olaraq, Cümhuriyyət hökuməti əmtəə mübadiləsini Zaqafqaziya dəmiryolu istiqamətində təşkil etməli oldu. Maliyyə-İqtisadi Komitənin təklifi ilə hökumətin 27 sentyabr 1919-cu il tarixli qərarı əsasında, Azərbaycan Respublikasının Batum şəhərindəki Baş Konsulluğu nəzdində konsulun sədrliyi ilə ticarət şöbəsi yaradıldı. Tərkibinə Rabitə Yolları Nazirliyi və Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nümayəndələri daxil olan Ticarət şöbəsi Azərbaycan dəmiryolu agentliyi vasitəsilə ticarət əlaqələrinin yaradılması, müqavilələrin bağlanması və Respublikanın çətin iqtisadi vəziyyətdən çıxarılması istiqamətində Azərbaycanın iş adamlarına və tacirlərinə yaxından köməklik göstərirdi. Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsinin həyata keçirilməsində yerli sahibkar və tacirlər, ticarət-sənaye müəssisələri xüsusilə fəal iştirak edirdilər. Cümhuriyyət hökumətinin 1919-cu il mayın 4-də Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələrinin yaradılması haqqında və 1919-cu il iyunun 23-də Kubanla əmtəə mübadiləsi haqqında qəbul etdiyi qərarlarla əmtəə mübadiləsində iştirak etmək üçün təşəbbüs, yerli şəxsi sənaye və ticarət cəmiyyətlərinə verilirdi. Milli hökumət ölkə iqtisadiyyatının sağlamlaşdırılması istiqamətində mümkün addımlar atmağa çalışaraq, müvafiq tədbirlər həyata keçirmişdir. Cümhuriyyət hökumətinin 1918-ci il oktyabrın 1-də qəbul etdiyi qərarla neft sənayesinin və ticarət donanmasının "milliləşdirilməsi” haqqında Bakı xalq komissarları sovetinin qəbul etdiyi bütün qərar və dekretlər qeyri-qanuni hesab edilərək, ləğv edilmiş, mədənlər, "milliləşdirilmiş” bütün mülkiyyət əvvəlki sahiblərinə qaytarılmış və müəssisələr üzərində dövlət nəzarəti təşkil edilmişdir. 1919-cu il fevralın 5-də hökumət tərəfindən Azərbaycan dəmir yolunun boşaldılması haqqında qərar qəbul edildi. Həmin qərarda qeyd edilirdi ki, aksiz vergisi ödənilmədiyi üçün Azərbaycan dəmir yollarında saxlanılmış neft məhsullarının sahibləri bu qərar dərc edildikdən sonra beş gün ərzində aksizi ödəyərək yolu boşaltsınlar. Qərarın tələblərinə əməl olunmadığı halda, saxlanılmış həmin neft məhsulları müəyyən edilmiş qaydada satılsın. Əldə edilmiş mədaxildən təyin olunmuş aksizlər, həmçinin məhsulun satışına çəkilmiş xərclər, dəmir yolunu tutduğuna görə vurduqları ziyan ödənilərək, xəzinənin gəlir hissəsinə daxil edilsin. Yerdə qalan məbləğ isə müəyyən edilmiş sənədlər təqdim edildikdən sonra sahiblərinə qaytarılsın. Bu qərarın icrası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, yol-nəqliyyat nazirinə həvalə edilirdi.
1919-cu il avqustun 18-də Azərbaycan Parlamenti tərəfindən gömrüklə bağlı sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul edildi. Həmin qanunda qeyd edilirdi ki, Azərbaycan Respublikasının hüdudlarını gizli ticarət və kontrabandadan qorumaqdan ötrü, Azərbaycanın sərhədləri boyu 992 nəfərdən ibarət heyət olmaqla, sərhəd postları yaradılsın.
Cümhuriyyət hökuməti tərəfindən ölkədəki maliyyə məsələlərinə də diqqət yetirilirdi. Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə Bakı bonunun Zaqafqaziya bonuna sərbəst dəyişdirilməsinin elan edilməsi maliyyə nazirinə tapşırıldı. Daha sonra hökumətin 26 may 1919-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət bankı təsis edildi. Hökumətin 26 may 1919-cu il tarixli digər qərarı ilə maliyyə nazirliyinə 250 manatlıq pul nişanının buraxmasına icazə verildi.
Ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlər Azərbaycan Parlamentində də müzakirə edilərək müvafiq qanunlar qəbul edilirdi. 1919-cu il dekabrın 11-də Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə xammalın ixrac edilməsinin yeni şərtləri haqqında Azərbaycan Parlamenti tərəfindən qanun qəbul edildi. Həmin qanunda göstərilirdi ki, Azərbaycan Respublikasının ərazisindən xammalı, yəni pambıq, ipək, barama, həmçinin tam emal edilməmiş gön, dəri və başqa xammalı sərbəst surətdə ixrac etmək istəyən şəxs və təşkilatlar ixrac etdikləri bütün xammalın 25 faizini pulsuz olaraq xəzinəyə təhvil verməlidir. Bu şərti yerinə yetirmiş eksportçu təşkilatlar və şəxslər müəyyən etdikləri xammalı sərbəst surətdə xaricə ixrac edə bilərlər.
Neft və neft məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italyan, amerikan şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması istiqamətində müəyyən addımlar atıldı.
Azərbaycan Demokratik Respublikası aqrar siyasət sahəsində bütün torpaqların əvəzsiz olaraq kəndlilərə verəcəyini elan etdi. Lakin məlum səbəblər ucbatından ölkənin iqtisadi inkişafı üzrə müəyyən edilmiş digər tədbirləri həyata keçirmək mümkün olmadı.
1920-ci ilin əvvəllərində beynəlxalq aləmdə bir sıra ciddi hadisələr baş verdi. 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında Azərbaycan və Gürcüstanın müstəqilliyi de-fakto tanındı. 1920-ci il yanvarın 16-da Paris Sülh Konfransında qəbul edilmiş digər qətnaməyə əsasən, Rusiyaya 1918-ci ildən tətbiq edilən iqtisadi blokada aradan qaldırıldı. Baş vermiş hadisələr Azərbaycan Respublikasının bir çox xarici dövlətlərlə, o cümlədən Azərbaycan-Rusiya hökumətləri arasında qarşılıqlı əhəmiyyət kəsb edən iqtisadi-ticarət əlaqələrinin yaradılması üçün yaxşı zəmin yarada bilərdi. Lakin sonrakı hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi...
Foto Azərbaycan Respublikası Kino-Foto Sənədlər Arxivindəndir.
Rafiq Səfərov
Azərbaycan Respublikası Milli Arxivİdarəsinin Baş məsləhətçisi
banner

Oxşar Xəbərlər