Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat
Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını giriş
sözü ilə açan MŞ sədrinin müavini, komissiya
sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər ilə bağlı məlumat verib.
Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk
məsələ «HGC Group» MMC-nin «Dövrün nəbzi» informasiya portalına
(dovrunnebzi.com) qarşı şikayəti olub. Müzakirələr gedişində qərara alınıb ki,
sözügedən saytla əlaqədar məsələ ətraflı araşdırılmaq üçün Şuranın «Reket
jurnalistika»ya qarşı mübarizə Komissiyasının müzakirəsinə təqdim olunmalıdır.
Barələrindəki narazılıqların «Reket jurnalistika»ya qarşı mübarizə
Komissiyasında araşdırılmasının zəruriliyinə dair rəy çıxarılan daha iki sayt «Nia.az»
və «Reallıq.info»dur. Sözügedən informasiya vasitələri ilə bağlı şikayətin
müəllifi Neftçala Elektrik Şəbəkəsidir.
«Azərkontrakt» Səhmdar Cəmiyyətinin «Avtomobil nəqliyyəti»
Təsərrüfatının «Təzadlar» qəzetinə qarşı şikayəti ilə bağlı çıxarılan rəy
bundan ibarət olub ki, cavabdeh kütləvi informasiya vasitəsi təqdim etdiyi
materialda dəqiqləşdirmə aparmalıdır. Qəzetin
baş redaktoru Asif Mərzili bu tələbin yerinə yetiriləcəyini vurğulayıb. Bununla da
məsələ qapanmış hesab edilib.
İclasda müzakirə edilən
növbəti məsələ vətəndaş Azər Xəlilovun «Azpolitika.info» saytında dərc edilmiş
və digər informasiya portallarında da yer almış materialdan şikayəti olub.
Bildirilib ki, narazılıq doğuran yazıda tənqid obyekti kimi seçilən şəxsin
mövqeyinin öyrənilməməsi «Azərbaycan Jurnalistlərinin Peşə Daranışı
Qaydaları»nın pozulduğunu şərtləndirən vacib məqamdır. Cavabdeh KİV-in belə
yanaşması həmin materialın müxtəlif rakusdan dəyərləndirilməsinə əsas verir. Bu
baxımdan şikayətçinin sözügedən saytın onun şəxsi həyatına müdaxilə etdiyinə,
vaxtilə qabardılmış və məhkəmə tərəfindən yanlışlığı isbatlanmış məsələləri
yenidən gündəmə gətirməklə qərəzli davranmasına dair iddiaları anlaşılandır.
Bütün bunlar nəzərə alınaraq «Azpolitika.info» saytına xəbərdarlıq olunub və
gələcəkdə oxşar yanlışlıqlara yol verməmək tövsiyə edilib.
İmişli rayonundan bir qrup
vətəndaşın «Həqiqət və reallıq» qəzetinə, həmçinin vətəndaş Əliyev Elnurun
Kazımov Teymur Mərdan oğluna və Əliyeva Səidə Əkrəm qızına qarşı şikayətləri
isə hər iki məsələnin artıq məhkəmə müstəvisində araşdırıldığı nəzərə alınaraq
gündəlikdən çıxarılıb.