Azərbaycan - AYİB əlaqələri müzakirə edilib
Azərbaycanda səfərdə
olan Avropa Yenidənqurma və İnkişaf
Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik
etdiyi nümayəndə heyəti sentyabrın 7-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər
Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil
qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını
da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüb. AYİB nümayəndə heyəti Şəhidlər
Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
Sonra AYİB prezidenti Suma
Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti
İqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb. Görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlıq,
AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet
layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr
aparılıb.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan
və AYİB arasında əməkdaşlıq yüksək səviyyədədir. Ölkəmiz Bankla əlaqələrin
inkişafına önəm verir və Suma Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan
arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Beynəlxalq maliyyə institutları, o
cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq
olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət
kəsb edir.
İqtisadiyyat naziri AYİB-in Azərbaycanda
infrastruktur, enerji, su təchizatı, nəqliyyat sahələrində müxtəlif layihələri
maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa
kredit ayırdığını qeyd edib. Görüşdə AYİB-in Azərbaycanda özəl sektorda 151
layihənin maliyyələşdirilməsinə 1,7 mlrd. ABŞ dolları məbləğində kredit
ayırdığı və bunun əhəmiyyəti vurğulanıb.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə,
xüsusilə də özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar,
iqtisadiyyatın prioritetləri barədə məlumat verib və bütün bunların ölkəmizlə
AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını
diqqətə çatdırıb.
AYİB prezidenti
Suma Çakrabarti Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib, belə səfərlərin
Azərbaycan və bank arasında müzakirələrin aparılması baxımından əhəmiyyətini
vurğulayıb. Suma Çakrabarti ölkəmizlə AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin
genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə Cənub Qaz Dəhlizinə
AYİB-in maliyyə dəstəyi, nəqliyyat infrastukturu, məişət tullantılarının idarə
olunması və özəl sektora dəstək layihələri müzakirə olunub, AYİB-in Azərbaycanda
kredit portfeli təhlil edilib.