• cümə, 29 Mart, 18:56
  • Baku Bakı 14°C

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

28.07.17 18:52 1061
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Mətbuat ŞurasındanAPA-ya verilən məlumata görə, komissiya sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

İclasda öncə "Oba” MMC-nin "Anaxeber.az” saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib ki, "Anaxeber.az” saytı "Oba” MMC-yə məxsus marketlə bağlı material təqdim edərkən peşə davranışı qaydalarını pozub, qarşı tərəfin mövqeyini öyrənməyib. Buna görə də sayta təkzib mətninin dərci tövsiyə olunub.

Bakı şəhər sakini Zülbalıyev Asim İslam oğlunun "Son söz” qəzeti və "Milli.TV” saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, eyni mərkəzdən idarə olunan iki media orqanının bu və ya digər şəxslər arasındakı konfliktli durumları işıqlandırmaq tərzi heç də peşə prinsiplərinə uyğun gəlmir. Burada qarşı tərəfin mövqeyi nəzərə alınmır. Eyni zamanda cavabdeh özünün kütləvi informasiya vasitəsi kimi statusunu müəyyənləşdirə bilmir. Buna görə də "Son söz” qəzeti rəhbərliyinə fəaliyyətində ciddi dönüş yaratmaq tövsiyə olunub. Bakı şəhərinin Suraxanı rayonunun sakini Yelena Smakinanın "İnterpress.az” saytı ilə bağlı şikayətinin müzakirəsi sonrası belə rəyə gəlinib ki, sayt Y.Smakina haqqındakı materialın həcmi qədər təkzib mətni yayımlamalıdır.

Vətəndaş Gülşən Tofiqqızının müxtəlif kütləvi informasiya vasitələrində yer almış müsahibələr və digər janrlı materiallarda məşhur Azərbaycan milyonçusu Musa Tağıyevlə bağlı tarixi faktların saxtalaşdırıldığını iddia edən şikayəti ətrafında gedən müzakirələrin yekununda komissiya bu qənaətə gəlib ki, G.Tofiqqızına haqqında söz açdığı həqiqətlərin ictimaiyyətə açıqlaması üçün müvafiq şərait yaradılmalıdır. Mövcud xüsusda Mətbuat Şurasının şikayətçiyə müvafiq kömək göstərəcəyi bildirilib.

İclasda "Azərkontrakt” Səhmdar Cəmiyyətinin Avtomobil Nəqliyyatı Təsərrüfatı kollektivinin "Təzadlar” qəzetinin saytında yayımlanmış materialla bağlı şikayəti də müzakirə olunub. Qəzetə məsələyə dair təkzib mətninin dərci tövsiyə edilib. Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğlunun "xalqınsesi.com” saytına qarşı şikayətinin isə Şuranın "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasında müzakirəsi qərara alınıb. Qafqaz Xəbər Agentliyinin "topxeber.com” və "pressday.az” saytlarına qarşı şikayəti tərəflər arasında anlaşma əldə olunduğu üçün qapanmış sayılıb.
banner

Oxşar Xəbərlər