• cümə, 29 Mart, 11:24
  • Baku Bakı 5°C

Bu gün onların günüdür

01.06.17 09:30 4966
Bu gün onların günüdür
Bu gün uşaqların bayramıdır. Öz kiçik dünyalarında böyük arzular və xəyallarla yaşayan uşaqlarımızın. Bəlkə də onlar bu günü çoxdandır, səbirsizliklə gözləyirlər. Axı bu gün hər şey onlara həsr olunur. 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunmasının da bir tarixi var. Belə ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Həmin gündən sonra 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. O gündən başlayaraq, 1 iyunu məhz onlara - dünyamızı işıqlandıran övladlarımıza həsr edir, bu günü onların günü kimi qeyd edirik.
Biz də bu özəl gün münasibəti ilə əlaqədar olaraq, mədəniyyət ocaqlarımızla əlaqə saxladıq. Onlardan uşaqların əyləncəsi üçün nələr hazırladıqlarını öyrəndik.
"Uşaqların rəngarəng dünyası”
Əvvəlcə Heydər Əliyev Sarayına üz tutduq. Sarayın sözçüsü Anar Fərəczadəbizimlə söhbətində hər zaman azyaşlı tamaşaçıları diqqət mərkəzində saxladıqlarını, onlara diqqət və qayğı ilə yanaşdıqlarını bildirdi: "Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədariyunun 4-də Heydər Əliyev Sarayında "Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək. Konsertdə Azərbaycan, Rusiya (Dağıstan), Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və müasir rəqsləri izləyə biləcəklər. Sonda isə biz də Heydər Əliyev Sarayı adından dünyamızın uşaqlarını təbrik edir, onlara uğurlu gələcək arzulayırıq”.
Ana teatrımız uşaqlara "Çippolino”nu təqdim edəcək
Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur "Çippolino” tamaşası ilə sevindirəcək. Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çippolino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənovadır. Tamaşada aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər. Canni Rodari "Çippolinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə "Çipollino” nağıl-filmi çəkilib. Tamaşada C. Rossinin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin baxış keçirilib və səhnə tərtibatı, rejissor işi, musiqi həlli baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər səslənib. Əlif Cahangirli Akademik Milli Dram Teatrının gənc və istedadlı rejissorudur və inanırıq ki, səhnə əsərimiz uşaqların sevimli tamaşalarından birinə çevriləcək. Onlar balaca Çippolinonun macəralarını böyük sevgi və maraqla qarşılayacaqlar.
"Tamaşalarımız şagirdlərə kurrikulum xarakteri daşıyır”
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bizimlə söhbətində bildirdi ki, teatrın yaradılmasının əsas məqsədi məhz uşaqlarımıza sağlam gələcək bəxş etməkdir: "Bakı Uşaq Teatrının qarşısına qoyduğu məqsəd tamaşaçıların və uşaqların maarifləndirilmək, onları vətənə layiq övlad kimi yetişdirməkdir. Bizim tamaşalar şagirdlərə kurrikulum tədrisi xarakteri daşıyır. Sanki onlar bizim tamaşaları izləyərkən hansısa dərsdə iştirak edirlər. Uşaqlara gigiyenik qaydalara riayət etməyi, ictimai yerlərdə özlərini necə aparmaları, özlərindən böyüklərə necə davranmaq lazım olduqlarını tamaşa halında izah edirik. Uşaq tamaşaya baxmaqla belə qənaətə gəlir ki, əslində biz belə olmalıyıq. Düşünürük ki, uşağın tərbiyəsində fasiləyə yol vermək olmaz, onun üçün dayanmadan işləmək lazımdır. Onun üçün də işlərimizi bu yöndə etməyə çalışırıq. Buna görə valideynlərə mesaj ötürməklə uşaqların müdafiəçisini, tərbiyəçisinin təmin olmasını bu şəkildə təmin edirik”.
Teatrın direktoru bu gün saat 9-dan 12-yə qədər İctimai Televiziyanın qonağı olacaqlarını bildirdi: "1 İyunda televiziyada bir neçə saat ərzində canlı yayımda olacağıq. Orada ekran qarşısından uşaqlara öz mesajımızı göndərəcəyik. Canlı verilişdə kiçik bir səhnəcik göstərəcəyik. Ondan sonra Daun xəstəliyindən əziyyət çəkən uşaqların iştirak etdiyi tədbirə gedəcəyik, onları maraqlı əyləncəli şou proqramımız və maraqlı tamaşalarımızla əyləndirəcəyik”.
"Oyuq” uşaq studiyası 5 yaşın mübarək!
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” Uşaq studiyasının rəhbəri Səidə Haqverdiyeva bizimlə söhbətində bildirdi ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Kukla Teatrında tamaşa-konsert təqdim olunacaq: "Hazırladığımız proqrama əsasən "Oyuq”çular əvvəlcə repertuarlarında yer alan maraqlı səhnə işlərindən olan "Şahın xudpəsənd oğlu” tamaşasını nümayiş etdirəcək və ardında musiqi çələngini təqdim edəcəklər. Məlumat üçün bildirim ki, hər iki tədbir xeyriyyə məqsədilə təşkil olunur və balacaların iştirakı sərbəstdir. Eyni zamanda bu gün "Oyuq” Uşaq Studiyasının yaranmasının beş illiyini qeyd edəcəyik”.

Ötən gün "Oyuq” teatr studiyasının böyük konsert proqramı ilə çıxış etdiyi xəbərini almışdıq. Bunun nə ilə əlaqədar olmasını da studiyanın rəhbərindən öyrəndik: "2 gün bundan əvvəl, Müstəqillik Günü ilə bağlı Bulvar İdarəsi ilə birlikdə işimiz oldu. "Hər birimiz bir çiçək” adlanan konsert proqramında uşaqlar çox əyləndilər. Nəinki uşaqlar, şəhərimizin qonaqları bu konsertdən xoş təəssüratla geri döndülər. Bir saat yarımlıq konsert proqramı oldu”.

S.Haqverdiyevanın uşaqlara olan sevgisindən qiyabi də olsa xəbərdarıq. O, istedadlı uşaqları ətrafına cəm edərək, onların gələcəyində mühüm rol oynaya biləcək incəsənət aləminin sirlərini öyrətməyə çalışır. Biz də uşaqların dostu olan Səidə xanımdan 1 iyunda dostlarına, uşaqlara olan arzularını xəbər alırıq: "Uşaqlara arzum odur ki, sülh içərisində yaşasınlar, müharibə görməsinlər, üzlərindən gülüş əskik olmasın. Öz obalarından, torpaqlarından didərgin düşməsinlər. Bilirsiniz ki, mən Qarabağ bölgəsindənəm. Baxmayaraq ki, 1988-ci ildən Bakıdayam və qaçqınlılıq görməmişəm. Ətrafımda bu acını yaşayan insanlar olub. Mən bilirəm ki, bu, necə bir acı və kədərdir. Bizim kifayət qədər istedadlı və bacarıqlı uşaqlarımız var”.
"Məlikməmmədin nağılı” da olacaq
Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət xadimi Mübariz Həmidov deyir ki, teatrın repertuarında 60-62 tamaşa varsa, onun tən yarısı, hətta 33-ü uşaqlar üçün nəzərdə tutulub: "Gənc Tamaşaçılar Teatrı ilboyu uşaqlarla işləyən peşəkar teatrlardan biridir. Tamaşa hazırlanarkən uşaqların maraq dairəsini nəzərə alır, onların inkişafına, maariflənməsinə, vətənpərvərlik ruhunda böyüməsinə, estetik zövqlərinin formalaşmasına təsir edə biləcək əsərlərə diqqətlə yanaşırıq. Hesab edirik ki, nümayiş etdirdiyimiz hər bir tamaşa mütləq tamaşaçılara bir mesaj ötürməlidir. Biz tamaşa hazırlayarkən uşaqların zövqünü və təfəkkürünü də nəzərə alırıq”.
M.Həmidov bu gün "Məlikməmmədin nağılı” tamaşasını nümayiş etdirəcəklərini qeyd etdi: "Bu gün 6 saylı məktəb-liseylə birgə layihəmiz olan "Məlik Məmmədin nağılı”nı təqdim edəcəyik. 6 nömrəli məktəblilər aktyorlarla bərabər bu səhnəni bölüşəcəklər. Məktəbin şagirdləri, həm də müəllimlər bizim peşəkar aktyorlarla bir səhnədə çıxış edəcəklər. Təsəvvür edin ki, bir məktəbin kollektivi teatra gəlir və öz şagirdlərini peşəkar aktyorlarla bir səhnədə izləyirlər. Bu həm məktəb, həm də uşaqların özləri üçün qürurvericidir. Teatr üçün də maraqlıdır ki, gələcəyimizin yetirmələri bu gün teatrda peşəkar aktyorlarla məşhur nağılı canlandırırlar. Mən bütün uşaqları bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.
Saat 10:00-dan 15:00-dək Bulvarda bütün attraksionlar pulsuz olacaq
Araşdırmamız zamanı öyrəndik ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək

Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər olan uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu Ev”, "Pirat”, ”Möcüzələr dünyası”, "Qüllə” attraksionları, "Şəfəq” və "Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər