• cümə, 29 Mart, 01:42
  • Baku Bakı 7°C

Azərbaycan əhalisinin sayı açıqlanıb

17.05.17 13:10 876
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 19 min 441 nəfər və ya 0,2 faiz artaraq 2017-ci il aprel ayının 1-i vəziyyətinə 9 milyon 829 min 422 nəfərə çatıb.
Dövlət Statistika KomitəsindənAPA-ya verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfər təşkil edib və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1051, Lənkəran iqtisadi rayonunda 152, Abşeron iqtisadi rayonunda 151, Gəncə-Qazax 103, Aran iqtisadi rayonunda isə 94 nəfər olub.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 min 967, təxminən gündə 389 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,6 təşkil edib. Doğulan körpələrin 626-sı əkiz, 15-i üçəmdir. Doğum səviyyəsi əsasən Lənkəran (17,9), Aran (16,3), Dağlıq Şirvan (16,2), Quba-Xaçmaz (15,2) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 111 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Cari ilin yanvar-mart aylarında ölkədə 15 min 860 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6 təşkil edib.
2017-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13 min 305 nikah və 3 min 611 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 635 nəfər gələn və 301 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 334 nəfər təşkil edib.
banner

Oxşar Xəbərlər