• cümə, 19 Aprel, 03:24
  • Baku Bakı 18°C

Gürcülərdən ermənilərə zərbə

25.04.17 09:00 701
Gürcülərdən ermənilərə zərbə
Artıq 102 ildir ki, dünya boyu səpələnən erməni icması qondarma soyqırımlarının ildönümünü qeyd edir, müxtəlif aksiyalar keçirir. Və bu müddət ərzində tənqid və təhqirlərin hədəfi dəyişməz olaraq qalır - qardaş Türkiyə. Bu illər ərzində onun ünvanına hər cür ittihamlam səsləndirir, onu saxta soyqırımını törətməkdə günahlandırırlar. Bu ilin əvvəlindən bəri də Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə 1,5 milyon erməninin guya qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə təbliğat aparılır. Özü də şər-böhtan kampaniyası tək Türkiyəyə qarşı deyil, Azərbaycana qarşı da təşkil olunur, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarına sırımağa çalışırlar.
Ermənilər qondarma soyqırımlarının 102 illiyi adı altında xarici ölkələrdəki erməni lobbisindən pul qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat tələb etməyə çağırırlar. Maraqlıdır ki, ermənilərin "soyqırımı”na məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmağa çalışırlar. Özü də dəfələrlə ən yüksək səviyyələrdə ermənilərin "soyqırımı” iddialarının əsassız olduğu barədə bəyanatlar verilib. Məsələn, erməni saxtakarlığından söz açan Böyük Britaniyanın baş naziri Uinston Çörçill yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur.
Yeri gəlmişkən, getdikcə daha çox ölkə onların bu çirkin təbliğat vasitəsinə diqqət ayırmamağa başlayıb. Ən ciddi zərbəni isə bu dəfə onlara Gürcüstan hakimiyyət orqanları vurub. Bəlli olduğu kimi, hər il Tbilisi erməniləri hakimiyyət orqanlarının icazəsini almadan "soyqırımı”na həsr edilən tədbirlər keçirir, Türkiyənin ölkədəki səfirliyi önündə antitürk bəyanatlar səsləndirirlər. Bu dəfə isə Tbilisi meriyası erməniləri şoka salan qərar qəbul edib. Gürcüstandakı erməni icmasına Türkiyə səfirliyi qarşısında aksiya keçirməmək məktubu göndərilib. Gürcü tərəfinin yaydığı rəsmi müraciətdə aksiyanın avtomobillərin hərəkətinə maneçilik törədə biləcəyi göstərilib. Qeyd edək ki, Gürcüstanda 2002-ci ilin siyahıyaalınmasına görə, 250 min erməni yaşayır. Bəzi məlumatlara görə, onların yarısı Tbilisidə məskunlaşıb. Son bir neçə ildə Tbilisidəki erməni icması "erməni marşı”na qoşulur və aprelin 24-də gecə ənənəvi aksiyalar keçirir, günorta isə Türkiyənin Tbilisidəki səfirliyi önündə rəsmi Ankaranın qondarma soyqırımını tanıması tələbi ilə şüarlar səsləndirirdi. Gürcüstan Konstitusiyasına görə, istənilən dinc aksiyanı (dövlətçiliyə təhlükə törətməyəcəyi təqdirdə) keçirmək üçün hakimiyyət orqanlarının icazəsi gərək deyil. Sadəcə, yerli idarəetmə orqanlarını tədbirin vaxtı və yeri barədə şifahi və yaxud yazılı xəbərdar etmək kifayət edir. Lakin görünür, rəsmi orqanlar ermənilərin bu kimi şou xarakterli tədbirlərini ölkə üçün təhlükə gördüyündən, keçirilməsinə icazə verməyib. Tbilisi meriyası erməni icmasına göndərdiyi yazılı məktubda onlara Türkiyə səfirliyinə yaxın durmamağı tövsiyə edib.
Erməni icması və daha çox da Rusiya mətbuatı meriyanın bu hərəkətini tənqid edib, onu səlahiyyət həddini aşmaqda günahlandırıb. Erməni tərəfi bəyan edib ki, həmin tarixdə səfirlik qarşısında hər hansı bir qələbəlik gözlənilmir. "JAM-nyus”a açıqlamasında Gürcüstan erməni icmasının informasiya mərkəzinin rəhbəri Sandro Oqanova bildirib ki, meriyanın onlara cavabı gözlənilməz olub. "Biz bəyan edirik ki, Gürcüstan Konstitusiyasına uyğun addım atırıq. Biz 2005-ci ildən "soyqırımı”yla bağlı tədbirlər keçiririk və belə bir halla heç bir vaxt rastlaşmamışıq”, - deyə o bildirib. Onun sözlərinə görə, qadağanın haradan daxil olması, küləyin hansı istiqamətdən əsməsi barədə onlarda müəyyən ehtimallar yaranıb. Lakin erməni ekspert məsələni şişirtmək niyyətində olmadığını bildirib. Əlavə edib ki, erməni icması Ermənistanla Gürcüstan arasında münasibətlərin gərginləşdirilməsində maraqlı deyil.
Onu da qeyd edək ki, aprelin 14-də Gürcüstanda fəaliyyət göstərən ictimai təşkilatlar qondarma erməni soyqırımının tanınması ilə bağlı parlament, prezident və baş nazirə müraciət ediblər. Analoji müraciət hər il daxil olsa da, gürcü tərəfi onlara məhəl qoymur. Rusiya nəşrləri dərhal buna müxtəlif prizmadan yanaşıblar. Onların gəldiyi əsas qənaət budur ki, Gürcüstan son illər Azərbaycan və Türkiyədən həddən artıq asılı vəziyyətə düşüb. Türkiyə isə qondarma soyqırımının tanınmasını, ümumiyyətlə yaxına buraxmır. Rəsmi Ankara bəyan edib ki, baş verən hadisənin araşdırılması siyasətçilərin deyil, tarixçilərin işidir. Hətta arxivlərini erməni, o cümlədən beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarmağı təklif etsə də, qarşı tərəf buna əhəmiyyət belə verməyib. İndi də gürcü tərəfinin bu münasibətindən sonra ermənilər gürcüləri Azərbaycan və Türkiyənin mövqeyindən çıxış etməkdə günahlandırmağa başlayıblar. Qeyd edilir ki, Tbilisi Bakı və Ankara ilə münasibətləri gərginləşdirməmək üçün onlara qarşı belə bir addım atır. Hətta qeyd edilir ki, Türkiyədən gələn bir işarə ilə Gürcüstan parlamenti avqustun 12-nin dövlət bayramı kimi elan olunması barədə qanun layihəsini təxirə salıb. İddia olunur ki, 1121-ci il avqustun 12-də erməni və gürcü dəstələri türk-səlcuq qoşunlarını məğlub edib. Bu döyüş isə tarixə "Didqor döyüşü” kimi düşüb. İndi isə gürcülər nəinki bunu yada salır, hətta qeyd etmək belə istəmirlər. Gürcü kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Türkiyənin narazılığından sonra Gürcüstan parlamenti qanun layihəsinin müzakirəsini qeyri-müəyyən müddətə kimi təxirə salıb.
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, yüz, hətta min il bundan əvvəl baş verən hadisələrdə ilişib qalan ermənilər anlamaq istəmirlər ki, artıq onların bu cəfəngiyyatına məhəl qoymurlar. Dövlətlər artıq proseslərə bu günün reallığından çıxış edərək qiymət verirlər. Necə ki, bunu Gürcüstan edir.
Azər
banner

Oxşar Xəbərlər