• cümə, 29 Mart, 02:35
  • Baku Bakı 7°C

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazanıb

20.04.17 10:30 1480
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazanıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 1961-ci ildən Parisdə fəaliyyət göstərir. 35 ölkənin üzv olduğu bu təşkilat hökumətlərin birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır. İnkişafa Yardım üzrə Komitədə isə OECD-yə üzv ölkələrlə yanaşı, inkişaf üzrə əməkdaşlığa önəmli töhfə verən digər ölkələr də təmsil olunur.

Hazırda OECD/DAC iclaslarında qonaq statusunda təmsil olunan ölkələr sırasına Braziliya, Bolqarıstan, Çin, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Hindistan, Latviya, Litva, Peru, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan və Cənubi Afrika Respublikası daxildir. Artıq Azərbaycan da dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaq. Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə 2015-ci ildən etibarən aparılan məqsədyönlü işin nəticəsində bu, mümkün olub.

Sözügedən hadisə ilə əlaqədar ekspertlər qeyd edirlər ki, dünyada insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət göstərən və ənənəvi donor ölkələri bir araya gətirən OECD/DAC ilə əməkdaşlıq donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Onların qənaətincə, bu nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına xidmət edəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar dünyada maraqla qarşılanır. Millət vəkilinin sözlərinə görə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı da Azərbaycan iqtisadiyyatı, xüsusən də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasından sonra qeyri-neft sektorunu daha da inkişaf etdirmək üçün görülən tədbirləri maraqla izləyirlər: "Bu islahatların nəticəsinin nə ilə yekunlaşacağını əvvəlcədən söyləmək çətindir. Dünyada elə iqtisadi-siyasi proseslər baş verir ki, qabaqcadan dəqiq fikir bildirmək çox çətindir. Lakin bütün bunlara baxmayaraq, dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədlər, beynəlxalq iqtisadi qurumlara inteqrasiya, həmçinin beynəlxalq maliyyə qurumları tərəfindən müsbət rəylərin alınması, eləcə də mühüm iqtisadi təşkilatlarda Azərbaycana münasibətin yaxşı olması onu sübut edir ki, ölkəmiz doğrudan da inkişaf etmiş dövlətlər səviyyəsində olmaq üçün əlindən gələni edir. Düzdür, dünya bazarında siyasi səbəblər üzündən neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi büdcə gəlirlərimizin bir qədər azalmasına, Azərbaycanda milli valyutanın iki dəfə devalvasiyaya uğramasına səbəb olub, bəzi çətinliklər yaşadıb. Amma bu proseslər bütün dünya dövlətlərində baş verib. Azərbaycanda böhrandan çıxış addımlarının atılması, yeni iqtisadi prioritetlərin elan edilməsi kimi işlər görülüb. Fikrimcə, bütün bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazana bilib. İnanıram ki, bu status ölkəmizin dünyada daha da tanınmasına, beynəlxalq nüfuzumuzun bir qədər də artmasına xidmət edəcək. Hazırda ölkəmizdə ixracyönümlü məhsulların istehsalına böyük diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafında bu məsələ bir nömrəli vacib vəzifə kimi qarşıya qoyulub. Ona görə də ölkəmizin beynəlxalq səviyyəli iqtisadi təşkilatda qonaq statusu qazanmasını həm təbii qarşılayıram, həm də müsbət hadisə kimi qiymətləndirirəm”.

Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da mövzuya dair fikirlərini qəzetimizə bölüşərkən deyib ki, bu gün Azərbaycan dünyanın siyasi və iqtisadi müstəvisində xüsusi yeri olan bir ölkəyə çevrilib. Ekspertin fikrincə, hərtərəfli islahatlar, xüsusən də iqtisadi sahədə reallaşdırılan çevik siyasi kurs ölkəmizin getdikcə beynəlxalq aləmdə daha böyük nüfuz sahibi olmasına yol açır: "Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin icrası ölkəmizin bölgədəki rolunun nə qədər böyük olduğunu təsdiq edir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu və iqtisadi cəhətdən ən qüdrətli dövlətidir. İndi bölgəmizdə Azərbaycanın iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin reallaşdırılması mümkün deyil. Bu səbəbdən də Azərbaycanın bundan sonra da dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv olması, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazanması tam məntiqlidir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər