• çərşənbə axşamı, 16 aprel, 20:54
  • Baku Bakı 18°C

İran-ABŞ gərginliyi artır

10.02.17 10:00 589
İran-ABŞ gərginliyi artır
Birləşmiş Ştatlarla İran arasında münasibətlər əvvəlki illərə dönmək təhlükəsini yaşayır. Ağ evin yeni sahibi Donald Trampın İranı bir nömrəli terrorçu dövlət hesab etməsinin ardınca qarşı tərəfdən ittihamların ardı-arası kəsilmir. Bu dəfə isə "Röyters” belə bir xəbər yayıb ki, Ağ ev İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilatlar sırasına daxil etməyə hazırlaşır. Agentliyin amerikalı məmurlara istinadən yaydığı məlumata görə, ikitərəfli münasibətlərdə gərginliyin ciddi şəkildə artacağı proqnoz edilməsə də, istisna edilmir ki, yeni prezidentin qeyri-adi addımları bu ehtimalı gücləndirə bilər.
Bəlli olduğu kimi, İran İslam İnqilabi Keşikçiləri Şurası elit hərbi-siyasi qurum kimi nəzərdən keçirilir və birbaşa ali dini lider ayətullah Əli Xamneyiyə tabedir. 1979-cu ildə təsis edilən bu qruplaşma islam inqilabının hərbiləşdirilmiş tərəfdarlarından ibarət olub, ölkədə güclü siyasi təsirə malikdir. Hazırda Birləşmiş Ştatların İrana qarşı bir neçə sanksiyası qüvvədədir. Və İran İslam İnqilabı Keşikçiləri Şurası ilə sıx əməkdaşlıq edən bir sıra fiziki şəxslər və təşkilatların bu sanksiyaların təsiri altına düşmək ehtimalı güclüdür.
Ekspertlər hesab edirlər ki, İslam İnqilabı Keşikçiləri Şurasının terrorçu təşkilatlar sırasına daxil edilməsi İranda mühafizəkar qüvvələrin güclənməsinə gətirib çıxara bilər. Hazırkı prezident Həsən Ruhani liberal baxışların tərəfdarı kimi tanınır. Lakin belə bir təhlükə var ki, qurumun terrorçu təşkilat kimi tanınması Suriya və İraqda aktiv fəaliyyət göstərən iranpərəst qruplaşmaların ABŞ-ın İslam Dövlətinə qarşı mübarizəsində ona dəstəyini azalda bilər.
Yeri gəlmişkən, Vaşinqtonun planları barədə xəbərlər iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda baş verir. Bundan əvvəl İran ballistik raketlərin sınağını keçirib. Vaşinqton da bunu kəskin tənqid edərək Tehranı BMT qətnamələrini pozmaqda günahlandırıb. Ardınca da, terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması barədə qərarı pozduğuna görə sanksiyalar tətbiq edib. Tehrana qarşı sanksiyalar 13 fiziki şəxsi və 12 şirkəti əhatə edib. İslam İnqilabı Keşikçiləri Şurasının terrorçu təşkilatlar sırasına daxil edilməsi isə Tehranla "altılığın” əldə etdiyi razılaşmaların pozulması olacaq.
Rusiya ekspertləri hesab edirlər ki, Ağ ev tərəfindən İrana qarşı hansısa sərt qərarların qəbulunu gözləmək gərək deyil. "Tramp biznesmendir və hesab edirəm ki, İranla münasibətlərdə qorxutma siyasətinə üstünlük verəcək”, - deyə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravanda-Fadai bildirib. Onun qənaətincə, yeni prezident İrana təzyiq göstərib onu əlverişsiz vəziyyətə salmaq istəyir: "Sonra isə onu maraqlandıran məsələlərlə bağlı böyük güzəştlər əldə etmək istəyir. Mənə elə gəlir ki, İslam İnqilabı Keşikçiləri Şurası terrorçu təşkilatlar sırasına daxil edilməyəcək”. Əlavə edib ki, sərt ritorikaya baxmayaraq, Vaşinqton hələ ki İrana ciddi zərbə vura biləcək sərt qərarların qəbulundan çəkinəcək. "Götürək elə qəbul edilən son sanksiya qərarlarını. Bunlar konkret şəxslərə və şirkətlərə aiddir və ümumi xarakter daşımır. Özü də onları Barak Obama administrasiyası hazırlayıb. Sanksiya altına düşən firmaların çoxu isə İranda deyil, Çin və yaxud Ərəb Əmirliklərində fəaliyyət göstərir”, - deyə o bildirib.
Bütün bunlarla yanaşı, vəziyyət təhlükə doğurmaqda davam edir. Xüsusən də Trampın seçki kampaniyası vaxtı səsləndirdiyi vədləri yerinə yetirmək siyasətini davam etdirməsi narahatlıq yaradır. Bu səbəbdən də İranın atdığı addımlar fonunda onun bu ölkəyə qarşı "heç nə istisna edilmir” siyasəti aparacağı diqqətdə saxlanılmalıdır. "Chatham House” analitik mərkəzinin eksperti, Reqent universitetinin professoru Yossi Mekelberq də Trampın atacağı addımların bəli olmadığı qənaətindədir. "Yəqin generalları onu xəbərdar edərlər ki, iki ölkə arasında gərginlik hərbi qarşıdurmaya gətirib çıxaracaq və bu da ABŞ-a baha başa gələr. Onlar gözəl anlayırlar ki, İranla münaqişənin yanında İraqla münaqişə yüngül bir məclis ola bilər”, - deyə ekspert bildirib.
Azər
banner

Oxşar Xəbərlər