AZE | RUS | ENG |


2017-dən gözləntilər

2017-dən gözləntilər
Hesabatların bir qismi optimist əhval-ruhiyyəyə, digərləri isə pessimizmə söykənir

Dünyaca məşhur beyin mərkəzləri, analitik qruplar 2017-ci ilin gözləntiləri ilə bağlı ən müxtəlif proqnoz və hesabatlarla çıxış edirlər. Bu hesabatların bir qismi optimist əhval-ruhiyyəyə, digərləri isə pessimizmə söykənir. Onların böyük bir qismi təlatümlərin, böhranlı vəziyyətin davam edəcəyini, az bir qisim isə sabit vəziyyətin davam edəcəyini irəli sürürlər. Maraqlısı odur ki, onların bir çoxu yaxın qonşumuz Rusiyada sabit iqtisadi vəziyyətin yaşanacağı qənaətindədir. Məsələn, Karnegi Moskva Mərkəzinin 2017-ci ildə Rusiya iqtisadiyyatı ilə bağlı açıqladığı hesabata görə, bu il əhəmiyyətli sürprizlər - nə neqativ, nə də pozitiv gözlənilmir. Qeyd edilib ki, bu il katastrofik iqtisadi və radikal sosial proseslər nəzərdən keçirilmir. "Yaxın illər ərzində ən zəif həlqə Rusiyanın bank sferası ola bilər. Rusiya hökuməti iqtisadi çağırışları iqtisadiyyatda islahatlar aparmaq yolu ilə deyil, büdcə kəsirini müəyyən həddə saxlamaq kursunu götürməklə həll etmək qərarına gəlib. Əsas tədbirlər vergi yığımlarının artırılması və büdcə öhdəliklərinin ixtisarına yönəlib. Bu strategiya bu il və gələn il qüvvədə olacaq”, - deyə hesabatda vurğulanır.
 
Problemlərə gəldikdə, Rusiyanın dünyanın rəqabət qabiliyyətli ölkələrindən kəskin şəkildə geri qaldığı vurğulanır. Söhbət enerji və loqistik sahənin effektivliyindən gedir. İstehsal olunan malların rəqabətqabiliyyətinin aşağı düşməsi də güclənib. Bu isə istehsalın artması və bazarlar tapmaq yolunda əsas maneədir. Rusiyada istehsal sahəsində ən ciddi problem həm də əmək resurslarının çatışmazlığıdır. Bu da demoqrafik səbəblər üzündən ilbəil azalır. Eləcə də iqtisadiyyata təsir edən əsas faktorlardan biri və ən başlıcası sanksiyalar və onlara qarşı atılan addımlardır. Lakin Mərkəzin açıqladığı hesabata görə, ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir etməyib. "Röyters” də yazır ki, bu il Rusiya rublu üçün əhəmiyyətli silkələnmələr vəd etmir. Əksinə, gələn il keçiriləcək prezident seçkilərinə yaxın müddətdə rubl öz mövqeyini daha da möhkəmləndirəcək. OPEK-in noyabr ayında neft hasilatını azaltmaq haqda qərarından sonra neftin qiymətində baş verən sıçrayış rus rubluna da təsirsiz ötüşməyib. Proqnozlara görə, rublun kursu 1 dollar 59-62 rubl səviyyəsində qalacaq. Ciddi problem valyuta axınıdır. 2016-2017-ci illərdə Rusiyadan kapital axını 30 mlrd. dollar təşkil edəcək. 2014-2015-ci illərdə isə ölkədən 190 mlrd. dollar çıxarılıb.

O ki qaldı Avropaya, bu il qitədə həm siyasi, həm də iqtisadi sahədə ciddi təlatümlər gözləyir. Düzdür, qeyd edilir ki, Avropa 2016-cı ili fəlakət ili kimi yadda saxlayacaq. Belə ki il ərzində Avropa Brüsseldə, Nitsa və Berlində terror aktları, Kaledə yaşanan biabırçı olay və Britaniyada yaşanan "breksit” zəlzələsi ilə silkələndi. Və bu il də analoji halların yaşana biləcəyi istisna edilmir. Bu ilin ən mühüm hadisələrindən biri Fransada keçiriləcək seçkilər və onun nəticələri ola bilər. Aprelin 23-də keçiriləcək parlament seçkilərində sağların - Marin Le Penin və Fransua Fiyyonun qalib gələcəyi proqnoz edilir. Miqrantların ölkəyə buraxılmasına qarşı çıxan sağlar keçirilən rəy sorğularının nəticələrinə görə, seçkilərdə mühüm qələbə qazana bilərlər. Miqrant böhranı ötən il Avropanın ən ciddi problemi kimi üzə çıxdı və problem bu il də bütün kəskinliyi ilə davam edəcək. Donald Trampın qələbəsindən sonra da Avropada silkələnmə baş verməkdədir. Niderlandda sağların nümayəndəsi Vilders də bəyan edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Avropa İttifaqından çıxmaq barədə referendum keçirəcək. O cümlədən İtaliyada da lirəyə qayıdılması barədə referendumun keçirilməsinə çağırışlar səslənir. Yekun rəy belədir ki, Avropa İttifaqını dağılma təhlükəsi yoxdur. Lakin radikal islahatlar aparılması mütləqdir. Avropa İttifaqının baş ağrısına çevrilmiş Yunanıstanda da vəziyyət kritikdir. Aİ artıq ölkəyə yardım ayırmaq niyyətində deyil. Bu isə Yunanıstanda Aİ-dən çıxmaq barədə təşəbbüsləri gücləndirib.

Postsovet məkanında da vəziyyət kritik ola bilər. Bu xüsusda Ukrayna və Moldovada vəziyyətin nəzarətdən çıxa biləcəyi proqnoz edilir. Ukraynada növbəti Maydan, prezidentin istefası və Yuliya Timoşenkonun baş nazir postuna gətirilə biləcəyi proqnoz edilir. Hətta Ukraynada Liviya ssenarisinin yaşana biləcəyi də irəli sürülür. Ukraynanın Gələcəyi İnstitutunun ekspertlərinin qənaətincə, bu il ölkə üçün üç ssenari baş verə bilər. 

O ki qaldı, Moldovaya, bu ölkə ilə bağlı da vəziyyət qənaətbəxş deyil. Rusiyayönümlü namizədin prezident seçilməsi ilə bağlı vəziyyət dəyişib. Onun antiqərb və Rusiyayönümlü bəyanatları, eləcədə separatçı Dnestraynı bölgə ilə danışıqlara getmək çağırışları təsirsiz olsa da, müəyyən mənada vəziyyəti gərginləşdirə bilər.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4816
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 1.8399
CHF 1 İsveçrə frankı 1.7292
USD 1 ABŞ dolları 1.7447