2017-ci ilin iqtisadi proqnozları
Prezident İlham
Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin
yekunlarına həsr olunmuş konfransda çıxış
edərək, bəzi məqamları qeyd edib. Ölkə
başçı neftin
qiymətinin üç-dörd dəfə aşağı düşdüyünü və
bütün dünyada iqtisadi böhranın daha da dərinləşdiyini vurğulayaraq
bildirib ki, əvvəlki illərdə görülən işlər və islahatlar nəticəsində 2016-cı ildə
Azərbaycan iqtisadiyyatı inkişaf etməklə yanaşı, bütün əsas vəzifələr icra olunub.
İ.Əliyev həmçinin qeyd edib ki, kənd təsərrüfatı
2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artıb, keçən il yüz mindən
çox daimi iş yeri yaradılıb. Prezident eyni zamanda, Azərbaycanda valyuta
ehtiyatlarının qorunduğunu da söyləyib: "Valyuta ehtiyatları hər bir ölkənin
iqtisadi imkanlarını, iqtisadi müstəqilliyini möhkəmləndirən amildir. Azərbaycanda
valyuta ehtiyatları qorunub. Halbuki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti
öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir. Xarici borcun artmaması
üçün xarici kreditlər yalnız Azərbaycan üçün strateji əhəmiyyət daşıyan layihələrə
alınmalıdır”.
Konfransın yekun nitqində prezident öz tapşırıq və
tövsiyələrini də qeyd edib. Bəs görəsən ölkə başçısının tövsiyələri Azərbaycan
üçün hansı perspektivləri vəd edir? Mövzu ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrəndik.
"Bu rezervlərin qorunması 2017-ci il də daxil
olmaqla, növbəti illərdə müxtəlif fəaliyyətlərin maliyyələşməsi ilə bağlı mənbə
formalaşdırır”
İqtisadçı-alim
Vüqar Bayramov qəzetimizə
açıqlamasında bildirdi ki, 2016-cı il iqtisadi çətinliklərin daha çox müşahidə
edildiyi il kimi yadda qaldı. Amma ötən
il eyni zamanda iqtisadi və sosial çətinliklərə baxmayaraq, bir sıra uğurlu fəaliyyətlər
də oldu: "Onlardan biri də strateji "yol xəritəsi”nin imzalanması idi. Bu "yol
xəritəsi” həm ümumi iqtisadi inkişaf üzrə, həm də iqtisadiyyatın ayrı-ayrı
istiqamətləri üzrə tətbiq edildi. Nəticə etibarı ilə Azərbaycan 2016-cı ildə bu
xəritənin hazırlanması ilə yeni iqtisadi modelin birbaşa post-neft dövrünün
çağırışına uyğun olaraq tətbiqini həyata keçirməyə başladı. Yeni iqtisadi model
olaraq bu xəritə Azərbaycanda hüquqi bazanın formalaşmasında da böyük rol
oynadı. Bu konteksdən yanaşdıqda, 2016-cı ildə valyuta ehtiyatlarının qorunub
saxlanılması da diqqəti çəkən əsas iqtisadi məqamlardan biri hesab olunur. Nəzərə
almalıyıq ki, Dövlət Neft Fondunun aktivlərində artım müşahidə olundu və nəticə
etibarı ilə maliyyə konsolidasiyası imkan verdi ki, valyuta ehtiyatlarının
qorunub saxlanılmasına nail olaq. Maliyyə konsolidasiyası birbaşa büdcə xərclərinin
post-neft dövrünün çağırışlarına uyğun olaraq baxılması və
qruplaşdırılmasıdır”.
V.Bayramov bəzi vacib məqamlara da aydınlıq gətirdi:
"Hələ 2015-ci ilin əvvəllərində ölkə prezidentinin də qeyd etdiyi kimi, lazımsız xərclərin ixtisarı və
yalnız əhəmiyyətli xərclərin saxlanılması kimi addımların atılması özünü doğrultdu.
Bu da imkan verdi ki, valyuta
ehtiyatlarının qorunub saxlanılması mümkün olsun. Əslində valyuta
ehtiyatlarının qorunması özünü 2017-ci ilin Dövlət Neft Fondunun xərcləmələrində
də göstərir. Bildiyiniz kimi, ilk dəfə olaraq Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat transfertlər
nəzərdə tutuldu. Qeyd edim ki, cari ildə Neft Fondunun büdcəsi 14,5 milyard
olacaq. Bu da praktiki olaraq imkan
verir ki, fond dövlət büdcəsinə 6,1 milyard manat vəsait transfert etsin. Hesab
edirəm ki, atılan bu addım xeyli vacib
idi. Xüsusən Mərkəzi Banka ayrılan vəsait, makroiqtisadi sabitliyin
formalaşması baxımından vacib idi. Dövlət büdcəsinə ayrılan vəsait isə gəlirlərin
formalaşması baxımından vacib hesab olunur. Dövlət rezervlərinin qorunub
saxlanması 2017-ci ildə dövlətə xüsusi bir maliyyə alətləri verdi. Bu maliyyə
alətlərindən istifadə etməklə, neftin dünya bazardakı qiymətinin aşağı səviyyədə
qalmasına baxmayaraq, fonddan fərqli
istiqamətlərə vəsaitlərin ayrılması mümkün olacaq. Bu rezervlərin qorunması
2017-ci il də daxil olmaqla, növbəti illərdə müxtəlif fəaliyyətlərin maliyyələşməsi
ilə bağlı mənbə formalaşdırır. Bu da imkan verir ki, Azərbaycan öz ehtiyatları
ilə post-neft dövründə prioritetləri reallaşdıra bilsin”.
İqtisadçı xarici borclar haqqında da söz açdı:
"Xarici borcların idarə edilməsinə gəldikdə isə bu da hazırkı dövrün əsas
çağırışlarından biridir və bu çağırışlar həyata keçirilməlidir. Post-neft
dövrünün prioritetlərinə uyğun olaraq, xarici borclar yalnız strateji əhəmiyyət
daşıyan layihələrin və fəaliyyətlərin maliyyələşdirilməsi üzrə həyata keçirilməlidir.
Xarici borcların cəlb edilməsi və eyni
zamanda idarə edilməsi mexanizmi əsas səbəblərdəndir. Çünki burada sadəcə
xarici borcun cəlb edilməsi strateji proqramlar üzrə həyata keçirilməsi
vacibdir. Eyni zamanda xarici borcların xərclənməsi və xərclənməyə nəzarətin
gücləndirilməsi də hədəflər sırasındadır. Əslində dövlət ehtiyatlarının qorunub
saxlanılması hökumətə xarici borcların idarə edilməsi, eləcə də onların cəlbinin
optimallaşdırılması siyasətini həyata keçirməyə imkan yaradır. Bu da imkan
verir ki, dövlət rezervləri ilə xarici borclar arasındakı proporsionallığı
qoruyub saxlamaq mümkün olsun”.
"Vəziyyət
bütün növ qlobal iqtisadi təzyiqlərə rəğmən, qənaətbəxşdir”
İqtisadçı
ekspert Pərviz Heydərov da
mövzunu şərh edib. O, bildirib ki,
2014-cü ilin yayından bəri neftin qiymətinin 3-4 dəfəyədək ucuzlaşmasına
baxmayaraq, hökumət çox da böyük itkilər verməyərək, qarşısına qoyduğu müxtəlif
proqram və məqsədləri inamla davam etdirə bilir: "Mən bu haqda öz şərhlərimdə də
qeyd etmişəm ki, bəli, bu, bir həqiqətdir ki, 2016-cı il əvvəlcədən də gözlənildiyi
kimi, çətin il oldu. Çünki 2015-ci ildə birincisi 34 %, ikincisi isə 47% səviyyəsində
olmaqla 2 dəfə sərt devalvasiya baş verdi, Mərkəzi Bankın (AMB) rəsmi valyuta
ehtiyatları aşağı düşdü. Manatın dəyəri cari ilin əvvəlinədək 125 % ucuzlaşdı,
buna müvafiq olaraq istehlak qiymətləri yüksəldi - 12,4% civarında inflyasiya
qeydə alındı, iqtisadi artım tənəzzülə uğradı. Lakin büdcə və özəl
strukturlarda hələ hiss olunacaq səviyyədə ixtisarlar baş verməyib, maaşların və
pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının
qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında
problem və sair yaranmayıb. Üstəlik, Prezident İlham Əliyev də konfransda qeyd
etdiyi kimi, Neft Fondunun ehtiyatlarını qoruyub saxlaya bilmişik. Belə ki,
AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyarddan çox əriyibsə də, neft
dollarları ilə olan ehtiyatlarımız qalır. Və hətta böhranla əlaqədar olaraq,
ondan dövlət büdcəsinə ənənəvi transfer 2015-ci ildə də və keçən il də qənaət
edilməklə həyata keçirildi. Sözün qısası, vəziyyət bütün növ qlobal iqtisadi təzyiqlərə
rəğmən, qənaətbəxşdir”.
İqtisadçı vurğuladı ki, bütün söylənilənlərə rəğmən, görüləsi işlər hələ
çoxdur: "İndiyədək ölkədə regionların sosial-iqtisadi inkişafı üçün çox işlər
görülüb və bütün bunlar dövlət tərəfindən müvafiq maliyyə vəsaitlərinin
ayrılması hesabına həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı sayca 4-cü Dövlət Proqramı qəbul olunub ki, bunların əsas məqsədi
regionlarda qeyri-neft sektoruna aid sahələrin inkişafını təmin etmək, müvafiq
infrastruktur obyektlər yaratmaq, istehsal, emal müəssisələri təşkil etmək,
mövcud müəssisələrdə istehsalı genişləndirmək, həmçinin müasir standartlara
uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektləri yaratmaqdan ibarət
olub. Lakin bütün bunlara rəğmən, rayonlarımız demək olar, yenə mərkəzdən, yəni
dövlət büdcəsindən asılı vəziyyətdədir. Və bu da ondan irəli gəlir ki, Azərbaycanın
mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir. Ölkə üzrə
bütün iqtisadi fəaliyyət ancaq mərkəzdə həyata keçirilir. Yəni, dövlət gəlirlərimizin
80-90 % hissəsi məhz paytaxt ərazisindən təmin olunur. Regionlar üzrə gəlirlər
heç 1 milyard manat təşkil etmir. Cari ilədək şəhər və rayonlarımızdan cəmi
6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri
isə dotasiya hesabına yaşamaqdadırlar. Odur ki, vəziyyətdən çıxmaq üçün bundan
sonra ən çox kənd təsərrüfatını inkişaf etdirmək qayğısına qalmaq lazımdır. Belə
ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların
istehsalı və tədarükü məsələsi bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini
təşkil etməlidir. Dövlət, sosial xarakterli infrastrukturun qayğısına qala bilər
və qalmalıdır da. Yəni, xəstəxana və məktəb tikə və yaxud təmir edə bilər və
etməlidir də. Ancaq bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil.
Ölkədə əmək qabiliyyətli əhalinin 40 %-ə yaxın hissəsi məhz aqrar istehsalla
bağlı sahələrdə - regionlarda yerləşir. Hesab edirəm, buna görə də kənd təsərrüfatı
məhsulları istehsalına münasibət dəyişməlidir. Yeni mexanizm yaradılmalı, kooperativ
təsərrüfat üsullarından istifadə imkanları geniş tətbiq olunmalıdır”.
Şəbnəm
Mehdizadə